Xalq artisti Könül Xasıyeva sənət dostlarına yardım üçün müraciət etdiyi paylaşımını şəxsi İnstaqram hesabından silib.
DİA.AZ xəbər verir ki, onların sırasında olan müğənni Nadir Qafarzadə Teleqraf.com-a açıqlamasında Könül Xasıyevaya kömək etməməsinin səbəbini açıqlayıb: "Allah Könül Xasıyevaya şəfa versin. İndi hər kəs güc-bəla ilə dolanır, əvvəlki qazancımız da yoxdur. Yaxın günlərdə bacım rəhmətə getdi, yas mərasimindən çıxan adamam. Bacım çox kasıb idi, övladları, nəvələri işləmirlər. Hər şey mənim üzərinə düşür, 40 mərasimini verməliyəm, məzar daşını düzəltdirməliyəm. İmkanım çox yoxdur, artıq əvvəlki vəziyyət deyil. Hər şey bahalaşıb. Kömək edə biləcəyim doğmalarım var ki, onlar məndən dəstək gözləyirlər. Ona görə də imkanı olanlar, biznesmenlər sənətkarımıza kömək etməlidirlər. Allah kömək olsun, sağlamlığına qovuşsun. Biz ancaq dua edə bilərik".
Könül Xasıyevanın heç bir həmkarının kömək etmədiyinə dair açıqlamasına Nadir Qafarzadə belə reaksiya verib: "Heç kim düşünməsin ki, müğənninin qazancı çoxdur. Hər kəsin öz problemi var. Bəlkə də müğənni, ifaçı tamaşaçıya pozitiv ötürdüyünə görə xoşbəxt görünür. Amma onun öz problemi, qayğıları var. Müğənni problemini demirsə, bu demək deyil ki, onun dərdi yoxdur. Hər halda kimin kömək etməyə pulu varsa, o, edəcək, ad çəsək də, çəkməsək də. Dövlətimiz hər zaman sənət adamlarına qayğı göstərib, həmçinin də Könül xanıma. Əgər yenidən ehtiyac olarsa, dövlətimiz xalq artistimizə dəstək olar".
Qeyd edək ki, Könül Xasıyevanın boğazında bədxassəli şiş var. Onun müalicəsi üçün 254 min manat lazımdır. Xalq artisti sosial şəbəkədə həmkarı xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, əməkdar artist Elton Hüseynəliyev, müğənnilər Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Roza Zərgərli, Rüfət Axundov, Rəqsanə İsmayılova və bir çox məşhurların adını işarələyərək onun bank hesabına pul köçürməklərini xahiş etmişdi.