“Avqustun 2-si məhkəmə oldu. Amma həkim növbəti dəfə hamiləliyimlə əlaqədar təyyarəyə minməyə icazə vermədiyi üçün Bakıya gələ bilmədim. Yoxsa özüm məhkəmədə iştirak etmək üçün gələcəkdim”.
DİA.AZ xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında məşhur müğənni Afət Fərmanqızı onun şikayəti əsasında Xalq artisti Flora Kərimova ilə olan məhkəməsindən danışarkən deyib. Müğənni Flora Kərimovanın məhkəməyə getdiyini bildirib:
“Məndə olan məlumata görə, qarşı tərəf məhkəməyə gedib. Çünki jurnalist Ülviyyə Alovlu da Floranı məhkəməyə verib. Bizim məhkəmələrimiz ardıcıl salınmışdı. Flora da hər iki prosesdə iştirak etmək üçün məhkəməyə gedib. Məhkəmə 8 avqust tarixinə təxirə salınıb. Ayın 8-i həkim təyyarəyə minməyə icazə versə, özüm də məhkəmədə iştirak etmək üçün Azərbaycana gedəcəyəm. Əks təqdirdə, vəkilim məhkəmədə iştirak edəcək”.
O, Xalq artisti ilə barışmayacağını söyləyib:
“Biz dalaşmamışıq ki, barışaq. O, mənə söz ataraq sataşıb və təhqir edib. Təhqirlərini yığıb məhkəməyə vermişəm. Həmin təhqirləri mən özüm səhifəmdə yayımlamıram, çünki dilə gətiriləsi ifadələr deyil. Mən tərəfdən qətiyyən barışıq ola bilməz. Çünki dalaşan mən deyiləm, odur”.