|
“Verilişlərə getmirəm. Çünki aparıcılar nə danışdıqlarını bilmirlər. 40 illik aparıcılıq təcrübəm var. Televiziya aparıcılığı başqadır, gərək sözünə yiyə çıxasan. Danışdın, uçub gedir”.
Bu sözləri Əməkdar artist Çingiz Əhmədov verilişlərin birində deyib.
Qeyd edək ki, Çingiz Əhmədov ad çəkməsə də, teleaparıcılar haqda oxşar tənqidi fikirlər vaxtaşırı səslənir. Bəs elmi-texnoloji inkişafı da nəzərə alsaq, TV aparıcısına əsas tələblər nədən ibarət olmalıdır? Telekanallardakı aparıcılara 5 ballıq şkala üzrə neçə qiymət vermək olar?
Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, televiziya aparıcıları ilə bağlı problemlər, narazılıqlar həmişə olub və indi də davam edir: “Bu niyə belə olur? Birinci növbədə tamaşaçılar daha çox qeyri-peşəkarlıqdan şikayətlənirlər. Məsələn, bildirirlər ki, televiziya aparıcı filan sözü dedi yerinə düşmədi, bu hərəkəti etdi uyğun olmadı və sairə. Ona görə də televiziya aparıcıları ilə bağlı danışanda mütləq bunun dəqiq təsnifatını verməliyik. Hazırda mövcud televiziya təcrübəsində 3 cür aparıcı var. Xəbər aparıcıları, analitik və ictimai müzakirə proqramlarının aparıcıları, hansı ki, onlar əksər hallarda moderatorluq edirlər, üçüncü isə narazılığın daha çox aid olduğu istiqamət - şou, əyləncə verilişlərinin aparıcıları.
Qulu Məhərrəmli
Xəbər aparıcılarının daşıdığı yük çox da böyük deyil, ona görə də bu aparıcılar ilə bağlı daha çox tələffüz xətaları, sözlərin düzgün deyilməməsi, intonasiyanın, vurğunun yerində olmaması haqda irad bildirilir. Əlbəttə ki, bəzən geyimlə bağlı da xəbər aparıcılarına iradlar deyilir. Məsələn, xəbər havasına uyğun olmayan geyimlərdə çıxırlar, bəzək əşyalarından istifadə çox vaxt yerində olmur, iri sırğalar, tərpənən qızıl əşyaları diqqəti cəlb edir və xəbərdən yayındır. Təəssüf ki, belə hallar olur.
Xəbərdən törəmə, ictimai müzakirə verilişlərin, analitik proqramların aparıcıları ilə bağlı isə tələblər daha çox olur. Çünki problemi bilmək, məsələlərə dərindən bələd olmaq, tamaşaçının istədiyi problemin açılışı üçün gərəkli olan sualları yerində tapıb, məqamında vermək - bu artıq aparıcıdan xüsusi intellektual yanaşma, həssaslıq, intuisiya tələb edir. Bu sahədə tamaşaçıların zövqünü oxşayan aparıcıların sayı isə əlbəttə çox deyil. Amma bu gün “Youtube”, internet telviziyalarında xeyli sayda maraqlı, çevik, dinamik aparıcıların olduğunu görürük. Onlar daha çox azadlığın, sərbəstliyin nəticəsi kimi ortaya çıxırlar.
Qeyd etdiyim kimi, daha çox narazılıqlar, şikayətlər şou, əyləncə verilişlərinin aparıcıları ilə bağlı olur ki, bu da çox ciddi faktlara əsaslanır. Yəni ən çox problem bu sahədədir. Amma ümumilikdə aparıcılardan tələb olunan bunlardır: səmimi olmalı, danışığı, davranışı, yanaşması ilə zövq oxşamalıdır. Heç bir halda görünüşlə, danışıqla, yanaşma, verilən suallarla tamaşaçıları qıcıqlandırmaq olmaz. Bunların hamısı aparıcıdan çox böyük hazırlıq tələb edir. Tamaşaçı o aparıcıya daha çox rəğbət bəsləyir ki, həmin aparıcılar efirdə səmimidir, yalan danışmır, aktyorluq etmir, problemlə bağlı öz bilikləri var və bu problemlər haqda normal şəkildə suallar verib, cavablar alırlar, yönəldirlər, tamaşaçının adından çıxış edirlər. Bu, aparıcılar üçün çox önəmli olmalıdır".
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib: “Televiziya çağdaş mədəniyyətin bir qoludur. Biz nə qədər tənqid etsək də, istər dövlət tərəfindən maliyyələşən, istərsə də özəl olan telekanalların müasir düşüncəmizdə, humanitar və ictimai-siyasi, mədəni fikrimizdə rolu həddən artıq böyükdür. Televiziya və radionun inkişafına qədər Azərbaycan əhalisinin dialekt və şivələrdə danışması özünü çox qabarıq göstərirdi. Yəni danışan kimi bilirdik ki, o hansı bölgənin nümayəndəsidir. Amma televiziya ədəbi dil normalarını, xüsusən şifahi üslubu o qədər inkişaf etdirdi ki, bir çox məqamlarda, hətta dialekt, şivə, xalq dili artıq özünün yeni formalaşma dövrünü yaşadı, hazırda internetin inkişafı buna böyük rənglər qatdı. İndi Bakı və yaxud bölgə fərq etmir, hər kəs ədəbi dilin şifahi üslubunda danışmağa və yaxud yazılı üslubda yazmağa çalışır.
Aydın Xan Əbilov
Televiziyaları tənqid edərkən unuduruq ki, televiziya maarifləndirici olsa da, həm də biznes strukturudur, yəni onların öz biznes maraqları var. Əgər hər hansı televiziyada intellektual, savadlı, natiq, böyük düşüncə tərzinə malik aparıcı istəyiriksə, onda biz onlara Rusiya, Türkiyə, Amerika və digər ölkələrdə olduğu kimi böyük qonorarlar verməliyik, onların heç nəyə ehtiyacı olmamalıdır. Amma gəlin baxaq, bizdə aparıcılar nə qədər qonorar ala bilir?
Daha bir məsələ, bütün dünyada televiziyalarda aparıcının bir veriliş aparması üçün onun arxasında böyük bir texniki, yaradıcı heyət dayanır. Mikrofonda onun bütün danışığını idarə edən redaktordan tutmuş, stilistinə qədər bəlkə də 100-120 nəfər bir aparıcının üzərində iş aparır, veriliş səviyyəli alınsın. Üstəlik, həmin proqramın həm müəllifi, həm də aparıcısı böyük qonorar alır. Amma qeyd etdiyim kimi, Azərbaycanda böyük qonorar demək olar ki, yoxdur, televiziya aparıcıları həm prodüser, həm rejissor, həm də redaktordur, qonaqları özü dəvət edir və sairə. Bu baxımdan aparıcılarımızın üzərinə böyük yük düşdüyünü anlamalıyıq".
Aydın Xan Əbilovun fikrincə, elmi-texniki inkişaf bütün sahələrdə olduğu kimi, televiziya və televiziya aparıcılığına da çox böyük təsir göstərəcək: “Hətta bir sıra telekanallar var ki, artıq süni zəka, süni intellektdən, robot, virtual aparıcılardan istifadə etməyə başlayıb. Düşünürəm ki, bu baxımdan teleaparıcılar bir qədər ehtiyatlı olmalıdır. Belə ki, əgər onlar keyfiyyətsiz, səviyyəsiz proqramlar, verilişlər aparacaqlarsa, tezliklə onları süni intellekt və virtual aparıcılar əvəz edə bilər. Bəli, mübahisə etmək olar ki, onların emosiya ötürmək, tamaşaçını ələ almaq və sair kimi məsələlərdə geridə qala bilərlər, lakin düşünürəm ki, texnoloji inkişafın bu cür sürətlə inkişaf etdiyi bir zamanda bu boşluğa da bir çarə tapılacaq”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”