Ukrayna müharibəsinin bir ilində Rusiyadakı azərbaycanlıların qayğıları:
Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə yaşayan bir çox azərbaycanlı qonşu dövlətə atılan raketlərin od-alovundan uzaq olsa da, bir müddət əvvəl aparılmış qismən hərbi səfərbərlik bir çoxunda həyəcan, qorxu yaratmışdı. Hətta evini satıb Rusiyadan köçənlər də olub, burda yaşayan azərbaycanlılar BBC Azərbaycanca ilə müşahidələrini bölüşərkən deyiblər.

Rusiyanın Ukraynaya müharibə başlatmasının bir ili tamam olur. Bu müharibə nəticəsində Ukraynada minlərlə insan həlak olub, milyonlarla insan qaçqın olub. Bəzi iqtisadi təhlilçilər deyirlər ki, Ukraynaya hücumun ildönümü ərəfəsində Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının ağırlığını hiss etməyə başlayır.

Moskvanın mərkəzində və ona yaxın ərazilərdə yaşayan azərbaycanlılar BBC-yə deyir ki, müharibənin təsirlərini daha çox bahalaşmada, Azərbaycana gedərkən təyyarə biletlərinin qiymətlərində və səfərbərlik elanına görə Rusiyanı tərk edən tanışlarının yoxluğunda hiss edə bilirlər.

2022-ci ilin sentyabrın 21-də Rusiyada qismən hərbi səfərbərlik elan ediləndən sonra Moskva-Bakı təyyarə reyslərində adi vaxtlarda 240-300 manat olan biletin qiyməti 3000-3600 manat kimi bahalaşıb.

Həm Rusiyada, həm də Ukraynada milyonlarla azərbaycanlı məskunlaşıb, amma müharibəyə başlayan Rusiyada qeyri-rəsmi rəqəmlərə görə, təqribən 2 milyondan çox azərbaycanlının yaşadığı hesab edilir.

Moskva Domodedovo hava limanı
Ötən ilin sentyabrında Rusiyada qismən hərbi səfərbərlik elan ediləndə bir neçə gün ərzində viza tələb olunmayan ölkələrə təyyarə biletlərinin qiyməti bir neçə dəfə bahalaşdı
“Artıq təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”
Artıq yeddi ildirki Rusiyada, Moskva ətrafında yaşayan Nigar Salayeva (BBC-yə danışan azərbaycanlıların bəziləri təhlükəsizliyinə görə ad və soyadlarının dəyişməsini istəyiblər) deyir ki, müharibə ilk başlayanda və hərbi səfərbərlik elan ediləndə azərbaycanlılar arasında narahatlıq, həyəcan artıb, amma bu gün bu təlaşdan əsər-əlamət qalmayıb:

“Burada yaşayan azərbaycanlıların əksəriyyəti ailəli, uşaqlıdır, gənc ailələrdirlər və hamı narahat idi ki, Rusiya vətənadaşı olduqlarına görə, onları müharibəyə apara bilərlər”.

Rusiyada qismən hərbi səfərbərlik başa çatdığından təşviş nisbətən azalıb, amma işsizlik artıb, iş tapmaq çətinləşib və hətta işlərin itirənlər də olub, Nigar Salayeva əlavə edib.

Onun sözlərinə görə, işini itirənlər təkcə azərbaycanlılar deyil.

Nigar Salayeva xatırlayır ki, bir il əvvəl başlayan müharibəyə görə, qorxudan, təşvişdən bəzi azərbaycanılar evlərini satıb Azərbaycana qayıdıblar, müvəqqəti Türkiyəyə gedənlər də olub:

“Evini-eşiyini, hər şeyini satıb Azərbaycana gedənlər oldu burda. Rəfiqəmgilin ailəsi neçə il burada yaşasalar da köçüb qayıtdılar Lənkərana. Elə adamlar oldu ki, səfərbərliyə görə gizlənməli oldu. Həyat yoldaşım atasının təkidi ilə Azərbaycana getdi, amma 10-15 gün qalıb, qayıdıb gəldi Moskvaya. Biz çoxuşaqlı ailəyik deyə, yoldaşımı [müharibəyə] aparmayacaqlarını bilirəm, amma yenə də narahatıydıq ki, qanunsuz apara bilərlər”.

Onun sözlərinə görə, Moskvadakı bazarların birində ticarətlə məşğul olan həyat yoldaşının işində bir az problem yaranıb, işləri zəifləyib:

“Müharibənin əvvəlində çox problemlər yarandı, amma sonradan hər şey normallaşdı. İndi hətta ruslar arasında da təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”.

Müharibə başlayandan sonra Rusiyadakı azərbaycanlıların üzləşdikləri çətinliklərdən biri də Azərbaycana gedib-gəlməkdə üzləşdikləri “hədsiz baha təyyarə biletləri” olub.

“6-7 ay əvvəl atam rəhmətə getdi və biz ailəvi getmək üçün təyyarə biletinə 300 min rubl pul ödədik. Bu, Azərbaycan manatı ilə 7 min manata yaxın puldur. Normal halda bu məbləğ 60 min rubl ətrafında olurdu, yəni 1300-1500 manat ətrafında. Bəzən bayram ərəfələrində də bahalaşma olurdu, amma bu dəfə elə olmadı. Hazırda qiymətlər enib, amma müharibədən əvvəlki kimi deyil”, – Nigar Salayeva BBC Azərbaycancaya deyib.

Moskva metrosu
Moskvada yaşayan Mübariz Qasimi deyir ki, ölkə daxilində əvvəllər görmədikləri qədər yoxlamalar var, “iş icazəsini soruşurlar, metrolarda yoxlamalar aparılır”.
“Rusiya avtoritar ölkə olsa da alternativlər tapa bilib”
Artıq dörd ildir Moskvada yaşayan Mübariz Qasiminin sözlərinə görə, Rusiyada müharibənin ilk altı ayı çətinliyi gözlə görüləcək dərəcədə olmayıb:

“Ancaq sentyabrda səfərbərlik qərarı veriləndə bu, həm azərbaycanlılara və eləcə də Rusiyada yaşayan hamıya təsir etdi. Tanıdığımız azərbaycanlılara da çağırış gəldi, fərqi yoxdur, onlar bir aydır alıblar vətəndaşlığı, ya beş ildir. Rusiya vətəndaşlığını almış bəzi azərbaycanlılar ölkəni təcili tərk elədilər”.

Mübariz Qasimi restoran biznesində çalışır və daha çox turistlərin yoxa çıxması onun işinə təsir edib.

“Müştərilərimizin sayı azalıb, məcbur qalıb işçilərin də sayını bir-iki nəfər azaltdıq. Qiymətlər bahalaşıb, əsasən də ərzaq, gigiyenik vasitələr, ölkəyə gəlməsinə qadağalar qoyulan tanınmış markaların elektron-texnika məhsulları”.

Onun sözlərinə görə, Moskvada və digər Rusiya şəhərlərində Qərbin brend geyim dükanları bağlanıb.

Mübariz Qasimi deyib ki, ümumi iş yerləri ilə bağlı elə də narahatlıq yoxdur, çünki iş yerlərini tərk edənləri başqaları əvəzləyib.

“Həyat davam etsə də ölkə daxilində əvvəllər görmədiyimiz qədər yoxlamalar var, insanların iş icazəsini yoxlayırlar, hər addımbaşı yoxlayırlar, metrolarda daha çox yoxlamalar aparılır”, – o bildirib.

Mübariz Qasiminin sözlərinə görə, BMW, Audi, Mercedes, Porche və başqa Avropa avtomobil şirkətləri yeni modellər göndərmir və ona görə də Rusiyada Çin istehsallı avtomobillər daha geniş yayılmağa başlayıb və qiymətlər də bahadır:

“Ümumiyyətlə, buradakı azərbaycanlıların əsas qayəsi müharibəyə gedib hədər yerə məhv olmamaqdır. Rusiya vətəndaşlığı alan azərbaycanlıların çoxu ölkəni tərk elədilər, amma son vaxtlar bəziləri qayıdır. Ancaq yeni səfərbərlik elan ediləcəyi ilə bağlı şayiələr də yayılır”.

Onun fikrincə, müharibənin təsiri Qərb dövlətləriylə böyük biznesi olan azərbaycanlılara olub və sanksiyalar onların işlərində ləngimələr, geriləmələr yaradıb, sifarişlər, çatdırılmalar problemlə üzləşib:

“Ancaq Rusiya, demək olar, hər sahədə alternativlər tapıb. …Ən çox bəyəndiyimiz odur ki, nə qədər avtoritar idarəetmə olsa da, Rusiya ehtiyatlar baxımından, özünü vəziyyətdən çıxarmaq baxımından müsbət nəticələr əldə edə bilir”.

Rusiyanın Federal Statistika Xidmətinin məlumatına görə, fevralda Moskva ətrafındakı İstra şəhərində supermarketdə xiyarın qiyməti iki ayda 53 faiz bahalaşıb.
Rusiyanın Federal Statistika Xidmətinin məlumatına görə, fevralda Moskva ətrafındakı İstra şəhərində supermarketdə xiyarın qiyməti iki ayda 53 faiz bahalaşıb
“Bahalaşma olsa da endirimlər vaxtı alış-veriş edirik”
Müharibə yeddi ildir Moskvada yaşayan Bahar Hüseynovanın ailəsinə birbaşa təsir etməyib, çünki həyat yoldaşı “dövlət işində” çalışır və iş yerindən ona hərbi xidmətə aparılmayacağı ilə bağlı arayış verilib.

Ona görə də ərinin səfərbərlik və işini itirməklə bağlı problemi olmayıb.

Elə Rusiyadakı bahalaşmadan da yayınmağa çalışırlar:

“Hər kəs ayağını yorğanına görə uzadıb alış-verişini edir. Geyimdə bahalaşma yoxdur, düzdü bizim aldığımız ərzaqlarda artım oldu, amma endirimlər də tez-tez olur. Çalışıram ki, aldığım hər şeyi endirim vaxtı alım ki, bahalaşmanı hiss etməyək”, – Bahar Hüseynova bildirib.

Azərbaycana təyyarə biletlərinin baha olması onlar üçün müharibənin özünü göstərdiyi ən ciddi amildir:

“Bahalaşma yeni deyil. Azərbaycana gediş-gəliş elə korona dövründə çətinləşmişdi. Onda biletlər də baha idi, birbaşa reys də tapmaq olmurdu, ancaq bir neçə reys dəyişməklə getmək olurdu. Ondan sonra bircə dəfə getmişəm vətənə. İndi deyirlər düzəlib” , – Bahar Hüseynova deyib.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti