Amnistiya və əfvetmə hansı hallarda tətbiq edilə bilər?
Amnistiya və əfvetmə – məhkəmədən kənar qaydada, qanunverici və icraedici hakimiyyət tərəfindən qəbul edilən, törədilən cinayətin hüquqi nəticəsini aradan qaldıran akt növləridir.

Konstitusiya Məhkəməsinin Plenumu “AR CM-in 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli Qərarında vurğulayır ki, əfvetmə və amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki, amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Lakin qeyd etmək lazımdır ki, amnistiya və ya əfvetmə aktı ilə məsuliyyətdən və ya cəzadan azad etmə heç də azad edilən şəxsi zərərçəkənə törətdiyi cinayətlə bağlı vurduğu ziyanı ödəməkdən azad etmir.

Cinayət hüquq nəzəriyyəsi tarixində “amnistiya və əfvetmə” (bağışlama) institutuna müxtəlif yanaşmalar mövcud olmuşdur. Belə ki, hələ klassik hüquq məktəbinin əsasını qoyanlardan Ç. Bekkaria cinayət qanununda bağışlama institunun olmasını məqbul saymırdı. Bəzi müəlliflərin fikrincə, bu, ədalətlilik prinsipini pozur, cəzasızlıq hissi yaradır, cəzadan azad edilənlər sırasında residivliyi artırır. Digər müəlliflər isə bağışlamanı cinayət hüququnun humanist və zəruri institutu sayır, cəzaya qənaət prinsipinin məqsədlərinə cavab verdiyini qeyd edirlər.

Qüvvədən düşən 1960-cı il CM-də amnistiyanın və əfvetmənin adı ilə bağlı xüsusi maddə nəzərdə tutulmurdu. Yalnız CM-in 52-ci maddəsində amnistiya və əfvetmə qaydasında cəzadan azad etməyə yol verildiyi qeyd edilirdi. Qüvvədə olan CM-də isə amnistiya, əfvetmə və məhkumluq başlığı altında xüsusi fəsil müəyyən edilmişdir ki, bu da olduqca müsbət haldır.

Amnistiya və əfvetmənin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

CM-in 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

«Amnistiya və əfvetmə» ilə «bəraət alma» bir-birinə qarışdırılmamalıdır. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, həmin şəxs bəraət ala bilər. Amnistiya və əfvetmə isə cinayət törədən şəxslər barəsində tətbiq edilir.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsinə görə, cəzaların icrasının və cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir. Həmin Məcəllənin 167.0.5-ci maddəsində göstərilmişdir ki, digər əsaslarla yanaşı məhkumlar cəza çəkməkdən amnistiya və ya əfvetmə aktına əsasən azad edilirlər.

Əfvetmə aktı ilə amnistiya aktı arasında hansı fərqlər mövcuddur?

a) Əfvetmə aktı amnistiyadan fərqli olaraq normativ xarakterli deyildir. Əfvetmə konkret hallar üzrə tətbiq edilən aktdır;

b) Əfvetmə aktı fərdən məlum şəxslər barəsində tətbiq edildiyi halda, amnistiya fərdən qeyri-müəyyən məhkumlar barəsində tətbiq edilir;

c) Hər iki akt birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər, yəni şəxsi məsuliyyətdən və cəzadan azad edə bilər;

d) Əfvetmə aktından fərqli olaraq, amnistiya aktı qaldırılan vəsatətə görə deyil, səlahiyyətli hakimiyyət orqanının təşəbbüsü ilə verilir.

e) Amnistiyanın tətbiqi qaydaları amnistiya aktını qəbul etmiş orqan tərəfindən müəyyən edilir. Əfv etməyə təqdim olunan məhkum barəsində isə cəzanı icra edən müəssisə və ya orqan müvafiq vəsatət verir (AR Cəzaların İcrası Məcəlləsi, maddə 170.3, 170.4).

Gəlin amnistiya və əfvetmə aktlarının tətbiq edilmə formalarındakı fərqlərə diqqət yetirək. Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir. Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə, bir qayda olaraq, bir il keçdikdən sonra baxıla bilər (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”).

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.

Ömürlük azadlıqdan məhrum edilən şəxs cəzanın müddəti on il keçdikdən sonra əfv üçün müraciət edə bilər. Bu zaman onun cəzası azaldıla, yaxud ölkə prezidentinin qərarı ilə tamamilə ləğv edilə bilər. Bundan başqa, əfv təkcə azadlıqdan məhrum olunmuş şəxslərə deyil, barəsində cərimə cəzası tətbiq olunmuş və digər maddələrlə ittiham olunanlara da aid edilə bilər.

Amnistiya aktı ölkənin həyatında baş verən əlamətdar tarixi hadisələrlə bağlı verilir. Amnistiyanın elan edilməsi birbaşa olaraq cinayəti törədən şəxslərin hüquqi vəziyyətini dəyişmir, onların hüquqi statusunun dəyişməsini şərtləndirən hüquqi faktları müəyyən edir. Belə ki, müəyyən bir şəxsə münasibətdə amnistiya aktının tətbiq edilməsi üçün əsasların olub-olmaması yoxlanıldıqdan sonra hüquqtətbiqedici tərəfindən müvafiq qərar qəbul edilməlidir.

Amnistiya aktının onun təsiri altına düşən şəxslər barəsində tətbiq edilib-edilməməsinin mümkünlüyünün yoxlanılması Qərarla müəyyən edilmiş müvafiq orqan tərəfindən həyata keçirilir. Cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır (AR CPM, maddə 515).

Məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs ərizə ilə amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkəməyə müraciət etmək hüququna malikdir (AR CPM, maddə 509.1.6).

Amnistiya və əfvetmənin tətbiqinə məhdudiyyətlər nədən ibarətdir?

1. Amnistiya aktı belə akt verilənə qədər törədilən cinayətlərə şamil edilir. Əgər uzanan və davam edən cinayətə amnistiya aktı verilənə qədər son qoyulmamışdırsa, belə cinayəti törədən şəxsə amnistiya aktı tətbiq edilmir.

2. Törədilən cinayətə görə barəsində cinayət işi qaldırılan şəxs amnistiya aktına əsasən məsuliyyətdən azad edilə bilərsə, lakin şəxs törədilən cinayətdə özünü təqsirli bilmirsə və məhkəmədə işə baxılmasını təkid edirsə, belə şəxs barəsində amnistiya aktı tətbiq edilmir.

3. Törədilən cinayətə görə barəsində ibtidai istintaq gedən, yaxud da məhkəmə baxışında olan şəxslər əfvetmə aktı ilə məsuliyyətdən azad edilə bilməz.

4. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda göstərilir ki, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağandır.

Xarici ölkələrin nümunəsində “amnistiya və əfvetmə” institutlarına nəzər salaq. Xarici dövlətlərin əksəriyyətində amnistiya elan etmək hüququ dövlət hakimiyyətinin ali qanunverici orqanına, əfvetmə hüququ isə dövlət başçısına məxsusdur. ABŞ, Kanada və Böyük Britaniyada «pardon» termini ilə cinayət məsuliyyətindən və cəzadan azad etmənin kompleks institutu ifadə edilir. Burada işlədilən «pardon» əfvetmə, «general pardon» isə amnistiya mənasını verir. Fransada Azərbaycan Respublikasının qanunvericiliyində olduğu kimi amnistiya bəraətverici akt sayılmır. Yaponiyanın qanunvericiliyində amnistiya aktı yalnız imperator ailəsində toy, imperatorun ölümü, sülh bağlanılması və s. bu kimi xüsusi hadisələr olduqda elan olunur. Almaniyada əfvetmə hüququnu Federal Prezident, hökumət, torpaqların başçıları, baş nazir, ədliyyə naziri, senat həyata keçirir.

Sonda isə onu demək istəyirəm ki, Cinayət Məcəlləmiz cəzanın məqsədləri sırasına məhkumun islah edilməsini də daxil edir. Amnistiya və əfvetmə institutuna cəzasızlıq və ya hüququ pozan şəxslərin mükafatlandırılması kimi baxılmamalıdır. Çünki qanun, hüquq o zaman bağışlayır ki, cəzalandırmağa gücü çatır. Əgər aparılan tədqiqatlar şəxsin bağışlanması, cəza çəkmədən və ya cəzasının qalan hissəsini çəkmədən islah oluna biləcəyini düşünmək üçün əsas verirsə, demək ki, artıq cəzanın məqsədlərinə nail olunub.

Gununsesi.info
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər

Dünyapress TV

Xəbər lenti