Milli Məclisdə hökumətə uşaqpulu ilə bağlı çağırış:
Gələn ilin büdcə müzakirəsində deputatlar vəsaitlərin azlığından şikayətləndilər: təkliflər səsləndirildi

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə çıxarılıb. İclasda maliyyə naziri Samir Şərifov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Hesablama Palatasının sədr müavini, digər qurumların üzvləri və deputatlar iştirak ediblər.

Komitənin sədri, vitse-spiker Fəzail İbrahimli bildirib ki, Azərbaycan son illər çox böyük uğurlar qazanıb: “Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyaya başqa libasda təqdim edilir. Bir zamanlar haqq səsi eşidilməyən Azərbaycan bu gün dünyanın sayılıb seçilən ölkələrdən birinə çevrilib. Bunların arxasında güclü iqtisadiyyat, maliyyə dayanır. Cənab Prezidentin dediyi kimi, biz qələbəni güclü iqtisadiyyatın nəticəsində qazandıq. Bu gün bizim büdcəmiz günü-gündən artır. Bununla bərabər, dünyada gücümüz də artır”.

Samir Şərifov büdcə ilə bağlı prioritetləri açıqlayıb

Müzakirə zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanın 2023-cü il və sonrakı 3 il üçün büdcə layihələri Azərbaycanın 2030-cu ilədək olan sosial-iqtisadi inkişaf strategiyasının müəyyən etdiyi tələbləri özündə əks etdirir: “2023-cü il və sonrakı 3 il üçün büdcəsində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri, azad olunmuş ərazilərə Böyük qayıdışın təmin olunması kimi strateji hədəflər nəzərə alınıb. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, bir sıra ölkələrdə milli valyutaların ucuzlaşması, dünya bazarındakı volatillik də nəzərdən keçirilib. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi iqtisadi artımı dəstəkləyən, həssas əhali qrupunun sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Prezidentimiz ölkəmizin ordu quruculuğunun daim müasirləşdirilməsini, müdafiə qabiliyyətinin yüksəldilməsini prioritet kimi qarşımıza qoyub”.

“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) dövlət büdcəsindən 49 milyon manat ayrılacaq. Bu addım Azərbaycanın təhsil sahəsinə ayırdığı diqqətdən irəli gəlir. Növbəti ildən səhiyyə xərcləri də cari illə müqayisədə artırılacaq”, - deyə nazir əlavə edib.

Nazir: “Tələbə kreditləri üçün 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”

Nazir bildirib ki, gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir: "2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur".

S.Şərifov qeyd edib ki, tələbə kreditinin verilməsi üçün növbəti il üçün dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

"Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur", - nazir bildirib.

Komitə sədri: “Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, İcbari Tibbi Sığorta ilə əhatə olunmayıb”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, tibbi sığorta üzrə xidmətlər zərfinin artırılması ilə bağlı təkliflər var: "Orqan köçürmələri, protezləşmənin artırılması, ürək və damar əməliyyatlarının artırılıması ilə bağlı aiddiyatı orqanlara təkliflər verilib və onlardan cavab gözlənilir".

“Azərbaycanda bir çox insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta zərfinə aid deyil. Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, İcbari Tibbi Sığorta ilə əhatə olunmayıb”. Bu sözləri isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, autizm xəstəliklərinin müalicəsi də İcbari Tibbi Sığorta ilə əhatə edilməlidir.

"Bəzi xəstəliklər İcbari Tibbi Sığortaya aid edilib, bu çox yaxşı haldır. Amma hələ də elə xəstəliklər var ki, bunların daxil edilməsi vacibdir. Bir çox patalogiyalar üzrə xəstəliklər İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid edilməlidir. Bunun üçün büdcədən vəsait ayrılması yaxşı olar”, - deyə Əmiraslanov vurğulayıb.

“Burada təhsil alanlar üçün əlverişli şərait yaradılmayıb”

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, tələbələrin ilk gündən elmi-tədqiqat işlərinə cəlb edilməsi məsələsi hələ də problemli olaraq qalır: “Biz keyfiyyətli elmi tədqiqatlar istəyiriksə, bununla bağlı maliyyə ayrılmalıdır. Magisrtlarımızın xaricdə tədqiqat keçməsi üçün külli miqdarda maliyyə ayrılır. Amma burada təhsil alanlar üçün əlverişli şərait yaradılmayıb”.

“Tədqiqat aparılması üçün müasir laboratoriyalar hələ də yoxdur. Büdcədən ayrılan vəsaitlərin düzgün istifadə edilməsinə diqqət yetirilməlidir. Dövlət proqramlarının düzgün yerinə yetirilməsi üçün nəzarət lazımdır. Dövlət proqramlarının nəticələri araşdırılmalıdır, çünki proqram bitəndə görürük ki, maliyyə ayrılan sahədə hələ də problem həll olunmayıb", - deyə komitə sədri vurğulayıb.

Deputat: “Vəsaitlərin nəticəsi tələb olunmadığına görə, Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”

Deputat Sabir rüstəmxanlı mədəniyyət sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Bu sahəyə büdcədən ayrılan pul artırılmalıdır. Nəzərə almaq lazımdır ki, təkcə xalqlar vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur. Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə, Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”.

Millət vəkilindən etiraz: “Əgər belədirsə, onda bu rayonları da ləğv edək”

S.Rüstəmxanlı uşaqpulu məsələsindən və kənd təsərrüfatı sahəsindəki problemlərdən də danışıb: “Rusiyada doğulan hər uşağa görə nə qədər vəsait verilir... Mənə maraqlıdır, biz niyə vermirik. Məgər buna bizim gücümüz yoxdur? Özləri deyir ailə planlaması edin, amma doğulan 1-2 uşağa da dövlət dəstək göstərmir”.

“Kənd təsərrüfatı ilə bağlı subsidiya hər il artırılır, amma bunların nəticəsini görmürük. Ortada nəticə yoxdur. Başqa bir məsələ odur ki, rayonların idarələri birləşdirilir. Başa düşmürəm, üç-dörd rayonun idarələrinin birləşdirilməsindən dövlət nə qazanır? Gedirsən dağlıq bir rayonda təkcə icra başçısı oturur, amma digər qurumlar yoxdur, idarələr hərəsi bir yerdədir. Əgər belədirsə, onda bu rayonları da ləğv edək”, - deputat etirazını bildirib.

“O sahələrdə əməkhaqları çox aşağıdır, stimullaşdırıcı tədbirlər yoxdur”

“Mədəniyyət sahəsində bir çox dövlət proqramlarının icrası bitib. Amma biz proqramlar bitdikdən sonra görürük ki, bəzi məsələlər öz həllini tapmayıb”, - deyən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib ki, büdcədə dövlət proqramlarının nəticəyönümlülüyünə diqqət artırılmalıdır: “Mədəniyyətin bir çox sahələri var ki, o sahələrdə əməkhaqları çox aşağıdır, stimullaşdırıcı tədbirlər yoxdur. Ona görə bu sahələrə gedən adamların sayı azdır. Güzəştli ipotekadan yararlanan gənclər sırasına mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin də daxil edilməsini təklif edirəm”.

“Bir çox bölgələrimizdə tarix və mədəniyyət abidələrimizin restavrasiya və bərpası gecikir. Zaman itkisi onların bərpasında çox ciddi problemlər yaradır. Büdcədən buna vəsait ayrılması mümkün deyilsə, özəl şirkətlərin, iş adamlarının bu sahəyə cəlb edilməsi üçün addımlar atılsın”, - Paşayeva qeyd edib.

Komitə sədri bildirib ki, aztəminatlı insanlar qida məhsullarının qiymətlərindəki artımdan narazıdırlar: “Dərman məhsullarının qiyməti çox yüksəkdir, uşaq bezləri və yeməklərinin qiymətlərinin aşağı salınması istiqamətində təkliflər səsləndirilir. Bunlara baxılmalıdır. Həmçinin onkoloji xəstəliklər, autizm, süni mayalanmanın da icbari tibbi sığorta ilə əhatə olunmasını təklif edirəm”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam edir. Komitələrdə müzakirə bitdikdən sonra layihə Milli Məclisin plenar iclasında geniş müzakirəyə çıxarılacaq.

Müəllif: Anar Bayramoğlu
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti