Astarada kasıbları ADAM YERİNƏ QOYAN YOXDUR... - BU FAKTDIR!!!
Astara rayonunun Səlivə və Süparibağ kənd sakinləri ünvanlı dövlət sosial yardım almaq üçün etdikləri müraciətlərə dəfələrlə imtina cavabı almaqdan şikayətçidir.

"Bütün ümidimi bu yardıma bağlamışdım. İndi də imtina cavabı gəldi. Mən səhərə qədər əsəbdən yatmamışam", dörd uşaq atası olan Səlivə sakini Seyhun İbrahimov BBC News Azərbaycancaya deyir.

Təkcə müsahibimiz deyil, kənddə çətin şəraitdə yaşadığını deyən başqa ailələr də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarının müxtəlif bəhanələrlə onların ünvanlı dövlət sosial yardım almasına əngəl olduqlarını, ünvanlı sosial yardımı təyin etmək üçün evinə yoxlanışa gələn komissiyadan narazı olduqlarını bildirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bu iddialar "əsassız" adlandırıb.

Ünvanlı dövlət sosial yardımı nədir?
Ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan az təminatlı ailələrə verilir.

2022-ci il üçün ehtiyac meyarının həddi 200 manatdır.

Ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edilməlidir.

DSMF-in saytında ünvanlı dövlət sosial yardımın təyinatı belə misal çəkilib - 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 200*4=800 manat təşkil edir. Bu halda ailəyə 800-400=400 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

"Uşaqlarıma verməyə çörək tapa bilmirəm"
Seyhun İbrahimov uşaqlarından birinin sağlamlıq problemi olduğunu söyləyir. "Amma ünvanlı sosial yardım müraciətimə torpaq yerini düzgün yazmadığımı əsas göstərib, imtina veriblər" - deyə, o şikayətlənir.

"Uşağımın sinəsində əyrilik var, xəstədir. Ayda-ildə 200 manat qazanıram, o pulla bu uşaqları necə saxlayım? Bir kisə unu 40 manata satırlar, o pula mən ancaq çörək ala bilərəm. Guya mən iki əsgər böyüdürəm", - o bildirir.

Onun sözlərinə görə, əsəb xəstəsi olduğundan həkim ona stressdən uzaq olmağı məsləhət görüb, amma "övladlarının qayğısı onun xəstəliyini daha da artırıb".

"Siz görərdiniz bizim evə gələn komissiya mənə necə yuxarıdan-aşağıya baxırdı. Yəni ki, siz aşağı səviyyədəsiniz. Mən başa düşə bilmirəm ki, kasıblar adam deyil? Qarşıdan məktəb gəlir. Övladlarıma hansı pulla məktəb bazarlığı edəcəyəm, bilmirəm", Seyhun İbrahimov deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurumun əməkdaşlarının vətəndaşlara yuxarıdan-aşağı baxması məsələsi "subyektiv və əsassız iddiadır".

Seyhun İbrahimov deyir ki, məmurlardan ona övladlarını uşaq evinə göndərməyi məsləhət edənlər də olub, o da çarəni bunda görüb.

"İnanırsınız, qərarlaşdırmışdım ki, balalarımı uşaq evinə verim. Sonradan ürəyim dözmədi, verə bilmədim. Amma mənim yanımda qalanda da onlara verməyə çörək tapa bilmirəm".

Kəndin digər sakini Bəylər İbrahimov da ünvanlı dövlət sosial yardımı ala bilməməkdən şikayətçidir. Üç uşağına baxmağa imkanı olmadığını deyən atanın sözlərinə görə, "hər dəfə bir səbəblə" ona imtina cavabı verilir.

"Nə üçün imtina gəlib, nəyə görə? Bu daxmada yaşadığımıza görə? Nə qədər göz yaşı tökməliyəm? Dövlət uşaqlarıma sahib çıxsın. Bu komissiya nəyə görə bizə imtina verib, nə etməliyik? Sentyabrın 15-də məktəb başlayacaq mən bu uşaqları dərsə yola sala bilmirəm. Onların geyimlərini, ehtiyaclarını ala bilmirəm", - deyə, o əlavə edir.

"İcra başçısı dedi ki, get, dilənçiliyini elə" - Astara sakini
DSMF-in sözçüsü Rəşad Mehdili BBC-yə deyib ki, Səlivə kənd sakinləri - Bəylər və Seyhun İbrahimovlara ünvanlı dövlət sosial yardımı təyinatından imtina edilməsi vətəndaşların müraciət edərkən torpaqyanı sahələrinin həcmini düzgün göstərməmələri ilə bağlı olub:

"Bəylər İbrahimovun sonuncu - avqustun 22-də etdiyi müraciətinə 15 gün ərzində cavab veriləcək", o əlavə edib.

Astaranın Süparibağ sakini Bəxtiyar Məmmədov ünvanlı sosial yardımı təyin etmək üçün evinə yoxlanışa gələn komissiyadan narazıdır:

"İmtina imtinanın dalınca gəlir"
"Mənə heç bir xəbardarlıq etmədən həyətə girəndən çəkməyə başladılar. Mənə deyirlər ki, gördüyümüz hər şeyi çəkməliyik. Dedim, onda gəl, mənim cırıq ciblərimi çək. Qızım onkoloji xəstə olan anasına dəyməyə gəlib. Qızımı da evin sakini kimi çəkirlər. Qızımın şəxsiyyət vəsiqəsini göstərirəm ki, burda qeydiyyatda deyil, anasına görə gəlib. Deyir, yox, o da burda yaşayır".

Kənd sakini Fondu sosial müavinət təyinatı üçün şərtləri qəlizləşdirməkdə ittiham edir.

"Bunların məqsədi yalnız imtina verməkdir. İmtina imtinanın dalınca gəlir. Gah mənə imtina verirlər ki, sənin pay torpağın var, bəlkə oranı icarəyə vermisən? Mən heç o pay torpağının yerini belə bilmirəm".

DSMF sözçüsü Rəşad Mehdili Bəxtiyar Məmmədovun şikayətini araşdırdıqlarını deyib:

"Vətəndaşın iddiaları əsassızdır. Bizim əməkdaşlar çəkilişə başlamazdan öncə mütləq vətəndaşa xəbərdarlıq edir. Bəxtiyar Məmmədovun evində çəkiliş aparılarkən, o, qızının onlara qonaq gəldiyini bildirib. Əməkdaşlarımız da bu məlumatı dəqiqləşdirmək üçün əlavə suallar verib, lakin vətəndaş çəkilişi dayandırmağı tələb edib. Əməkdaşlarımıza maddi-məişət şəraitinin müayinəsini yekunlaşdırmağa imkan yaratmadığı üçün onun ailəsinə sosial yardım təyinatından imtina qərarı verilib".

Sadə hüquq platformasının həmtəsisçisi, hüquqşünas Sübhan Həsənli BBC-yə bildirib ki, nazirlik əməkdaşları vətəndaşın evinə çatanda çəkilişə başlamaq üçün mütləq icazə almalıdır:

"Əgər bu icazə alınmasa, bu, mülkiyyət hüququnun pozulması deməkdir. Vətəndaş istəmirsə, çəkilişdə ailə üzvlərinin üzünün görünməsinə də etiraz edə bilər. Amma çəkilişə tamamilə icazə verməsə, bu, onun imtina cavabı almasına səbəb olacaq. Çünki bu çəkiliş vətəndaşın maddi-məişət şəraitinin yoxlanılması üçün vacibdir".

Hərçənd ki, Sübhan Həsənli rəsmilərin vətəndaşların evini yoxlamaq mexanizmini doğru hesab etmir:

"Əvvəllər qayda belə idi ki, vətəndaşların evinə sadəcə yerli qurumların əməkdaşları gedirdi. Bu, prinsipcə məntiqli idi. Çünki məsələn, xüsusilə kiçik rayonlarda kimin evindən kimin qonaq, kimin sakin olduğunu müvafiq qurumların yerli nümayəndələri bilir. Onlar həmin ailələri tanıyır. Amma dövlət korrupsiya amilini əsas gətirərək, bu sistemi ləğv etdi və komissiya üzvlərinin yalnız Bakıdan gəlməsinə qərar verdi. Bu isə müəyyən mənada ədalətsizliyə səbəb oldu".

Sübhan Həsənlinin sözlərinə görə, hazırda ƏƏSMN-in ünvanlı dövlət sosial yardım təyinatı ilə bağlı bir sıra hallarda ədalətsizliklər var:

"Bəzən biz görürük ki, 50 min əhaləsi olan rayondan 50 nəfərə, 30 min əhaləsi olan rayondan isə 400 nəfərə ünvanlı dövlət sosial yardımı təyin ediblər. Rayonların iqtisadi-inkişafına baxanda isə təxminən eyni vəziyyətdə olduğunu görürsən. Bunun səbəbi isə bilinmir. Yəni, eyni qanunun icrası qonşu rayonlarda belə, fərqli icra olunur. Burada insan amili çox önəmli rol oynayır. Məncə, dövlət bunu standartlaşdırmalıdır. Bu komissiyanı aparan əməkdaşlara xüsusi təlimlər keçirilməlidir. Yanaşmalar yenidən təkminləşdirilməli və yoxlanışı yerli məmurlar həyata keçirməlidir".

Dövlət Sosial Müavinət Fondundan BBC-yə ünvanlı dövlət sosial yardıma dair qanunvericiliyin müxtəlif rayonlarda fərqli icrası ilə bağlı iddialarla bağlı şərh verilməyib, amma qeyd edilib ki, ünvanlı dövlət sosial yardımı təyinatı ilə bağlı yoxlanış aparan əməkdaşlarına təlimlər keçirlər.

"Qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılır. Ailənin Ərizə-bəyannamədə qeyd etdiyi məlumatların yoxlanması və dürüstləşdirilməsi üçün aparılan bu müayinə ailə təmsilçisinin iştirakı ilə, video, foto çəkilişi və səs yazısı əsasında, şəffaf qaydada, obyektiv şəkildə aparılır", Rəşad Mehdili əlavə edib.

Qurumdan bildirilib ki, 1 avqust 2022-ci il tarixə 44 min ailəyə (195 min nəfərə) ünvanlı sosial yardım ödənilir və ünvanlı dövlət sosial yardımının hər ailə üzrə orta aylıq məbləği son 4 ildə 2,2 dəfə, son bir ildə isə 40 faizədək artaraq 368,11 manata çatıb.

İzolda Ağayeva
BBC News Azərbaycanca
 

Bölmənin digər xəbərləri

11 Mart 2025 Əfv gözləyənlərə MÜHÜM XƏBƏR
11 Mart 2025  45 il əvvəl və bu gün: Əməkhaqqına nələr almaq olurdu? - FOTO
10 Mart 2025 BELƏ HARA GEDİRİK: Çoxuşaqlı ailələrin sayı azalır... - "Uşaqpulu verilməlidir"
09 Mart 2025 Valideyn-övlad münasibətlərindəki ziddiyyətlər — "Kaspi"nin ŞƏRHİ
08 Mart 2025 İstirahət, səsvermə, iş günü hesabedilməyən bayram günləri və ümumxalq hüzn günü, iş vaxtından artıq vaxtda görülən işə görəəmək haqqının ödənilməsi hansı qaydada ödənilir?
07 Mart 2025 Deputat yenə də boşanmalardan danışdı - VİDEO
07 Mart 2025 Mədən sənayesinin xilas etməyə çalışdığı orta aylıq əməkhaqqı: - Amma yenə Cənubi Qafqazda axırıncı yerdəyik
06 Mart 2025 Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
06 Mart 2025 İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
05 Mart 2025 10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
04 Mart 2025 “Kupça”sız evlərlə bağlı ŞAD XƏBƏR – Ombudsman müraciət etdi
04 Mart 2025 Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
03 Mart 2025 İşəgötürən tərəfindən Əmək müqavilələri bağlamadan şəxslərin hər hansı bir əmək münasibətlərinə cəlb edilməsi-onlar üçün hansı qaydada məsuliyyət yaradır
03 Mart 2025 Əmək müqaviləsinə xitamverilərkən işçilərin hansı hüquqları da təmin olunmalıdır
02 Mart 2025 Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
02 Mart 2025 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - MAAŞLAR ARTACAQ
01 Mart 2025 Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək?
28 Fevral 2025 Onların pensiya yaşı həddi 75-ə qaldırılır
28 Fevral 2025 Əfv komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 200-ü keçdi
27 Fevral 2025 Bizdə xidmət səviyyəsini yüksəltmək və sair bəhanələr adətən yalan çıxır

Dünyapress TV

Xəbər lenti