Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması humanizm və mərhəmət prinsiplərinə əsaslanır. Bu qərarlar adətən, əlamətdar tarixlərdə və yaxud xüsusi hadisələr zamanı qəbul edilir. 2023-cü ildə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv sərəncamı qəbul olundu ki, bu da 801 məhkuma şamil olundu.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
“2024-cü il mayın 25-də Prezident İlham Əliyev tərəfindən sayca 70-ci əfv sərəncamı qəbul edildi. Sözsüz ki, əfv sərəncamlarının imzalanma tezliyi və tarixi əvvəlcədən təyin edilmir. Bu qərarlar ölkə başçısının müstəsna səlahiyyətlərindədir”, - deyə o söyləyib.
Komissiya üzvünə görə, əvvəlki illərin xronologiyası göstərib ki, əfv sərəncamları daha çox Novruz bayramı ərəfəsində imzalanıb:
“Xüsusi hadisələrlə yanaşı, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də əfv sərəncamları qəbul edilib. Sözsüz ki, bu il də əfv sərəncamının imzalanacağını söyləmək çətindir”.
Əliməmməd Nuriyev bildirib ki, il ərzində adətən, bir əfv sərəncamı imzalanır:
“2024-cü ilin mayın 25-də əfv sərəncamı imzalandığına görə, bu ilin sonunda əfvin olması ehtimalı azdır. Çünki bu il artıq bir dəfə əfv sərəncamı olub. Həmçinin bir il ərzində bir neçə dəfə əfv sərəncamı ilə bağlı qərar qəbul edilmir. Ona görə də bu ilin sonuna əfv sərəncamının olması ehtimalı çox da böyük deyil”.