Qusar sakini Səmayə Xəlilova 65 illik ömrünün 5 ilini Birinci Qarabağ müharibəsində, ən aktiv döyüş bölgələrində keçirib.
Orta ixtisas təhsilli Xəlilova Qusarda peşə məktəbində müəllim, daha sonra 1989-1991-ci illərdə Qusar Rayon Polis Şöbəsində çalışıb.
“Beş il fasiləsiz ön cəbhədə iştirak etmək qadın üçün nə deməkdir?”
Onun sözlərinə görə, 1992-ci il yanvarın 8-də 10 günlük Qarabağ döyüşlərinə göndərilib. Geri dönüş olmadığından 1996-cı ilin 22 iyuluna qədər tağım komandiri kimi fasiləsiz hərbi xidmətdə olub:
“Laçının Güləbird kəndinə göndərildim və sonra tərk etməyə qoymadılar. 1985-ci ildə həkim həyat yoldaşım rəhmətə getdi, övladlarımı nənə himayəsinə qoyub getmişdim. Hətta 10 yaşlı oğlum dayana bilməyib 1995-ci ildə yanıma, döyüş bölgəsinə gəlmişdi. Övladla döyüşən ana idim. Bizim çəkdiyimiz zülmü tarix yazmaz. Mənim qadın kimi çəkdiyim zülmü indi heç bir kişi çəkməyib. Beş il fasiləsiz ön cəbhədə iştirak qadın üçün nə deməkdir? Tabeliyimdə 158 əsgər vardı. Bir tək Kəlbəcərdə olmadım, bütün döyüş nöqtələrində, ərazilərdə tağım komandiri kimi iştirak etdim. Allahverdi Bağırovu üç dəfə görmüşəm”.
“Orada tibb bacıları, həkimlər vardı, amma tək döyüşçü qadın mən idim. Orada litvalı Tatyana adlı yazıçı, Zülfiyyə adlı çeçen tibb bacısı da vardı. Hər anımız təhlükəli idi. Gözümün qarşısında nə qədər ölümlər oldu. Neçə əsgərin həyatını xilas etdim, yeri gələndə tibb bacısı olub yaralarını sarıdım, mənəvi dəstək oldum ki, qorxmasınlar. Yadıma düşəndə stress keçirirəm”, – deyə o qeyd edib.
“Beş dəfə əməliyyat keçirdim”
Səmayə Xəlilova müharibədə üç dəfə ağır yaralanıb, 25 ildir ki, I qrup Qarabağ əlilidir.
Dediyinə görə, ilk dəfə Laçının Minkənd ərazisində başından, ikinci dəfə 1993-cü ilin 27 aprelində Zəngilan-Qubadlı ərazisində qolundan güllə yarası alıb.
1995-ci ilin mayın sonunda isə Füzulinin Horadiz qəsəbəsində minaya düşüb, çanaq sümüyü və ayaqlarından ağır yara alıb.
Öncə Beyləqan və Bakıdakı xəstəxanalarda müalicə alıb, daha sonra yaralarının ağırlığı nəzərə alınaraq Ukraynaya əməliyyata göndərilib:
“Beş dəfə əməliyyat keçirdim və 1997-ci ilin noyabrında döyüşdən tərxis olundum. Sonra da mənə birinci qrup Qarabağ əlili statusu verildi”.
“İçalatımın çox hissəsi yoxdur”
Birinci qrup Qarabağ əlili indi tənha yaşayır. 60 yaşınadək aşpaz kimi çalışıb övladlarına dəstək olsa da, sonradan səhhəti imkan verməyib. Üç qız övladı ailə qurub, oğlu işsizlikdən dolayı rayonu tərk edib. Hazırda Bakıda çalışmaq məcburiyyətindədir.
Deyir ki, son 10 ildə ayaqlarında və çanaqda güclənən ağrılardan əziyyət çəkir. Ona görə də növbəti əməliyyat qaçılmazdır. Aylıq müalicəsi də öz hesabınadır. Nə hərəkət edə, nə əyləşə bilir. Gününün əsas hissəsini yataqda keçirən xəstə qadın ikitərəfli çanaq endoprotezlərinə möhtac olduğunu deyir:
“Övladlarım qonşu rayonda ailəlidir, hərdən gəlib baxırlar. Qarın nahiyəsində çanaqlara görə içalatımın çox hissəsi yoxdur. Bağırsaqlar kəsik-kəsik, yumurtalıq yoxdur. Hər iki ayaq dizdən yuxarı şişib, hərəkətsizdir. Çanaqlar minaya düşəndə yerindən çıxıb. Sol ayağım lap ağırdır. 20 gündür ki, vəziyyətim lap ağırlaşıb. Gəzə, otura, yol gedə bilmirəm”.
“Tək istəyim əməliyyat olunmaqdır, onu da pulsuz etmirlər”
Səmayə Xəlilova deyir ki, bütün aidiyyəti qurumlara müraciət etsə də, pulsuz əməliyyatdan imtina edirlər. Əməliyyatına 12 min manat vəsait tələb olunur ki, bu məbləğ də onun üçün əlçatmazdır:
“Tibbi Sığorta ilə əməliyyat üçün müraciət etdim. Topçubaşovda hər protez üçün 3500 manat istədilər. Ümumilikdə iki çanaq endoprotezi üçün 12 min manat tələb edirlər. Guya alman ya italyan istehsalı protezlərdir. Qubaya bu ilin yanvarında yönəldib dedilər ki, bir protez qiyməti 4800-dür. Pulsuz, icazəsiz yoxdur. Bütün xəstəxana, TƏBİB-ə, YAŞAT və Heydər Əliyev Fonduna etdiyim müraciətlər nəticəsiz qaldı. Rayonda da kimsə maraqlanmır”.
“YAŞAT Fondu bir dəfə dərmanlarıma 150 manat kömək edib. Aylıq bir ağrıkəsici iynəm 280 manatdır, özüm alıram. Hər ay 350-400 manat müalicəmə gedir. Pensiya ilə dolanan adamam. Pensiya bitəndə bir çörəyə belə pulum qalmır, əməliyyatı necə edim? Tək istəyim əməliyyat olunmaqdır ki, onu da pulsuz etmirlər”, – belə deyir müharibə əlili.
“Təəssüflər olsun ki, bu ölkədə yaşamışam”
Birinci Qarabağ əlilinin bir digər problemi vaxtilə etdiyi şücaət və qəhrəmanlığa görə dövlət tərəfindən verilən həyət evinin “Rabitəbank” tərəfindən girov götürülməsidir.
Onun sözlərinə görə, 2013-cü ildə ehtiyac üzündən bankdan götürdüyü yeddi min manat kredit əvəzinə evini girov qoyub. Pulun yarısını ödəsə də, üç aylıq gecikməyə görə bank evini ondan xəbərsiz məhkəmə yolu ilə girov götürüb:
“Pulun 3600 manatını ödəmişdim, 3400 manatı qalmışdı. Pensiya kartımı banka təhvil verdim ki, hər ay pulu çıxın, borclu qalmayım. Səhlənkarlıq edib pulu üç ay çıxarıb köçürməyiblər, borclu qalmışam. Bir ildir ki, bank evimi hərracda satıb və özü girov götürüb. Düzdür, pensiyamı gətirib verib, ancaq məhkəmədən xəbərim olmayıb. İndi halal evimdə kirayə qalıram. 3400 manat faizlə 5 000 manat olub. Etiraz edəndə gəlib məni evdən çıxarmaq istədilər, amma çıxmadım. Hər ay pensiyamdan 200 manat banka ödəyirəm. Təəssüflər olsun ki, bu ölkədə yaşamışam. Xəstəlik, əməliyyat dərdi bir tərəfdən, bir də bu əsəb, haqsızlıq adamı yorur. Çox şeyə görə peşmanam. Pulum yoxdur deyə nə yada düşürəm, nə də fəxri ad aldım. Bir tək adıma film çəkilib, döyüş vaxtı deputat və jurnalistlər ön cəbhədə məni görməyə gələrdi. İndi isə heç kimin yadına düşmürəm”.
Qarabağ əlilinin şikayəti ilə bağlı TƏBİB və İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, məsələ araşdırılır.
“Cavabdeh YAŞAT Fondu deyil, TƏBİB-dir”
YAŞAT Fondunun mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev isə Meydan TV-yə bildirib ki, bu tip əməliyyatlar TƏBİB-in səlahiyyətinə aiddir:
“Bu, TƏBİB-in səlahiyyətində olan məsələdir. TƏBİB və xəstəxana əməkdaşları həmin vətəndaşla əlaqə saxlayıblar. Gömrük Xəstəxanasına göndəriş də yazıblar, ora göndərəcəklər. Bir tək qalıb o yardımı vətəndaşa xəstəxanada göstərmək. Bu tip müraciətlərdə cavabdeh YAŞAT Fondu deyil, TƏBİB-dir. YAŞAT Fondu əlavə dəstək mexanizmdir. Nə xəstəxanası var, nə də həkimi. Biz də TƏBİB-ə yönləndiririk. Biz o halda yardım edirik ki, Azərbaycan səhiyyəsi bunu qarşılamır və ya əməliyyat, müalicə xaricdə olur. O zaman Fond xalqdan, təşkilatlardan topladığı ianələrdən ona vəsait ayırır. Bu tip əməliyyatlar isə TƏBİB-in xidmətlər paketinə daxildir, o etməlidir”.
“Gömrük Xəstəxanası məni qəbul etməkdən imtina etdi”
TƏBİB-in “araşdırılıb kömək ediləcək” vədindən sonra Meydan TV yenidən Qarabağ əlili ilə əlaqə saxlayıb.
Məlum olub ki, TƏBİB göndəriş versə də, Gömrük Xəstəxanası onu qəbul etməkdən imtina edib:
“Gün ərzində məni özləri gəlib Qusar Rayon Mərkəzi Xəstəxanasına apardılar və orda birinci gün üçün göndəriş yazıb Gömrük Xəstəxanasına göndərəcəklərini bildirdilər. Dedilər ki, müalicə yaxud əməliyyatım orada müəyyənləşdiriləcək. Ancaq bir gün sonra baş həkim zəng edib dedi ki, Gömrük Xəstəxanası səni qəbul etməkdən imtina etdi. Hələ heç bir xəstəxanaya göndəriş və kömək yoxdur. YAŞAT Fondu dörd il öncə müalicə üçün mənə 1500 manat pulu ödəmədi. Hətta xaricdə əməliyyat üçün verilən tibbi rəy əsasında da kömək etmədi. İndi hər ikisi, həm TƏBİB, həm də YAŞAT yalan və boş vəd verir”.
Vətəndaşın bank tərəfindən girov götürülmüş evi ilə bağlı sorğuya isə “Rabitəbank” cavab verməyib.
Qarabağ əlili Qusar Rayon İcra Hakimiyyətini də ona qarşı biganə münasibətdə qınasa da, qurum şikayətlə bağlı Meydan TV-nin sorğusunu cavablandırmayıb.