Daş dünyanın ən ibtidai silahlarından sayılır. İnsanlığın ən qədim çağlarında müharibələr daşla aparılırdı. Hətta sapand orta əsrlərə qədər istifadə olunan silah kimi tarixi düşüb. “Kitabi-Dədə Qorqud”un anlatdığına görə, Qaraca Çobanın ən yaxşı silahı sapand idi. İlk topların mərmiləri belə, daş olub. Babalarımız top lülələrinin içərisinə barıt və ağır daş qoyub fitili yandırmaqla düşməni daş-qalaq edirdilər. Texnologiya inkişaf etdikcə, daş bir silah növü kimi dövriyyədən çıxdı. İndi yalnız Məkkədə müsəlman zəvvarlar şeytanı daşlamaq üçün bu silahdan istifadə edirlər. Amma deyəsən müasir Naxçıvanda da təqaüdçülər yenidən insanlığın ən qədim silahına üz tutmağa başlayacaqlar. Sədərək təqaüdçilərinin Ovqat.com-a verdiyi məlumatdan belə anlaşılır. Şikayətçilərin dediklərinə görə, artıq iki aydır nə pensiyalarını, nə də onunla bərabər verilən Prezident təqaüdünü ala bilirlər. Bildirilir ki, Naxçıvanda fevral və mart ayında pensiya üzünə həsrət qalan yalnız sədərəklilər də deyil. Onlarla yanaşı, Kəngərli və Şərur rayonunun təqaüdçüləri də pul üzünə həsrət qalıblar. “Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gündə min bir bəhanə gətirib bizim təqaüdləri vermək istəmir. Gah deyir ki, internet sistemində problem var, gah da başqa məsələləri bəhanə edir. Əslində isə belə deyil. Naxçıvanın 7 rayonunun 4-də pensiya və Prezident təqaüdləri verilib. Yalnız Sədərək, Şərur və Kəngərli rayonları qalıb”. Şikayətçilərin sözlərinə görə, rayonlardan birinin pensiyaçılarına da eyni qaydada təqaüd vermirmişlər: “Eşitmişik ki, onlar gedib Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini daşa tutublar. Səhərisi gün pensiyaları verilib. Naxçıvan rəhbərliyi rəsmən bizi də eyni yolla haqqımızı almağa vadar edir”, - Sədərək pensiyaçıları belə deyib.