Ardını oxu...
Ölkəmizdə əlamətdar günlərdə əfv verilməsi ənənəsi var.

Novruz bayramında da əfv sərəncamının verilməsi müzakirə olunur.

Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Fazil Mustafa “Cebhe.info”-ya açıqlamasında bildirib ki, hələlik bu istiqamətdə müzakirələr aparılmır:

“Əgər belə bir əfv olsaydı, işimiz yanvar ayından başlayardı. Belə qısa müddətdə də əfvin gerçəkləşməsi çətindir. Ola bilər ki, fərdi qaydada Prezident tərəfindən ayrı-ayrı şəxslərlə bağlı elə əfv qərarı verilsin. Amma Əfv Komissiyası daha geniş əfv sənədlərini hazırlayır. Onun da müzakirəsi üçün minimum ay yarım vaxt tələb olunur. Hələ bu müzakirələr aparılmayıb. Bu baxımdan güman etmirəm ki, Novruz bayramına bu prosesi çatdırmaq olsun. Amma situasiyanı bilmək olmaz”.

Deputat bildirib ki, ölkənin hədəfində əsas məsələ Prezident seçkiləri idi:

“Sonrakı dövrdə bu məsələlər aktuallaşarsa, belə bir zərurət varsa, baxıla bilər”.
 
V
Sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur.

Bu iddianı gücləndirən başlıca səbəb isə “BRICS Plus” ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır.

Hesab edilir ki, yeni valyuta ABŞ dollarından fərqli olaraq bir yox, bir neçə ölkənin iqtisadiyyatına bağlı olacaq.

Bu baxımdan maraqlıdır, yaxın gələcəkdə ABŞ dollarının dünyadakı hökmranlığına son qoyula bilərmi?

Ətraflı Baku TV-nin süjetində:


 
Ardını oxu...
2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 761 nəfərini ödənişsiz istifadəçilər təşkil ediblər.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 252 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 538 sərnişin deməkdir.

Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub - 687 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür - 351 455.

Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1% az), keçən ilin yanvar ayına nisbətən (0,3% az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.

Maraqlıdır, kimlər avtobus və metrodan pulsuz istifadə edə bilər?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşadək bir uşaq aparmaq hüququna malikdir:

"Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin altıncı bəndinə əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.

Bununla yanaşı, “Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cü bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər".

"Bakı Metropoliteni" QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:

"7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və "veteran" statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər".
 
Ardını oxu...
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
 
Ardını oxu...
Azərbaycanda muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741800 nəfərə olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, muzdla çalışan işçilərin 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Qeyd edək ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Maraqlıdır, 933,8 manat dəyərində orta əmək haqqı alan şəxs özünün və ailə üzvlərinin maddi-sosial ehtiyaclarını, tibbi zərurətlərini və ayda bir dəfə istirahət xərclərini qarşılıya bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, indiki orta aylıq əmək haqqı sosial rifahı tam təmin etmir:
“Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin 55 -60% - i dövlət qurumlarında və dövlət büdcəsi hesabına maliyyələşən təşkilatlarda, əhalinin 35% - 40% - i isə özəl sektorda, iaşə obyektlərində və sabihkarlıq subyektlərində çalışır. Bu baxımdan görürük ki, çoxluq dövlər sektorunda fəaliyyət göstərir.

Bu kateqoriyaya müəllimlər, həkimlər, dəmir yolu işçiləri, polis əməkdaşları, hərbçilər və digərləri daxildir. O ki qaldı orta aylıq əmək haqqının qənaətli xərclənməsinə, qeyd edim ki, ərzaq məhsullarının qiymətləri durmadan artır. 2021-2022 – ci ildəki qiymətlərlə 2023-2024 – ci ildəki qiymətlər arasında fərq var. Yəni bu vaxta qədər ərzaq məhsullarının qiymətlərində 50% və ya 70% artım müşahidə olunub”.

Ekspertin fikrincə, bunun obyektiv və subyektiv səbəbləri var:

“Ölkədə inflyasiya göstəricisinin artması gözlənilir. Təbii ki, hər hansı bir şəxsin 933,8 manat dəyərində orta aylıq əmək haqqı ilə özünün və ailə üzvlərinin maddi-sosial və tibbi ehtiyaclarını qarşılaması mümkündür. Amma bu, çox ciddi çətinliklər yaradacaq. Həmin çətinliklərin öhdəsindən gəlmək lazımdır.

İndiki orta aylıq əmək haqqı şəxsin və ailəsinin sosial rifahın tam təmin etmək üçün o qədər qaneedici deyil. Bu əmək haqqı ilə normal istirahət eləmək qeyri-mümkün olur. Əgər inflyasiya aşağı düşərsə, bəlkə də, bu əmək haqqı ilə bütün ehtiyacları qarşılamaq olar”.
 
Ardını oxu...
DSMF-nin fəaliyyəti ilə bağlı son tənqidi çıxışıma qurumdan açıqlama gəlib – tənqidlərə və iradlara operativ cavab verdikləri, yəni fakt olaraq cavab cəhdi üçün DSMF rəhbərliniyə təşəkkür edirəm.
Amma cavab, ümumən, cavab xatirinə verilib – məsələnin məğzini xatırladım, DSMF deyir ki, 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti var, Fond bu vəsaiti ölkənin 5 aparıcı, dayanıqlı bankına depozit qoyub faiz qazanırlar, bunun adını “investisiya fəaliyyəti” qoyublar. Təqaüd Fondları investisiya ilə məşğul olurlar, amma qiymətli kağızlar, səhmlər alırlar, istehsal və xidmət müəssisəlilərinə yatırım qoyub onların sahibinə, baş investoruna çevrilirlər, yeni iş yerləri yaradırlar. Azərbaycanda DSMF ancaq banka faizə pul yerləşdirib, adına investisiya qoyublar. Yəni, tənqidə cavab verərkən DSMF deyir ki, bu addım, sitat: “sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur”. Faktiki olaraq DSMF emosional “şantajla” məşğuldur – yəni, sormayın, sual verməyin biz vəsaiti yaxşı sahələrə xərcləyəcəyik. Təbii ki, hamımız Şəhid və Qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq, onların bütün ehtiyaclarının ödənilməsi boynumuzun borcudur. Amma Dövlət bu şəxslərə daim yardım göstərir, büdcədən ayrıca vəsaitlər ayırır, bu zaman DSMF-nin faizə pul qoymasını belə izah etməsi qəbuledilməzdir – o zaman DSMF tam hesabat versin ki, nə qədər faiz gəliri götürüb, həmin vəsaitdən rəhbər və digər işçilərə əlavə maaş-mükafat verilibmi?!
DSMF dövlət qurumudur, vəsaiti istənilən kimi xərcləyə bilməz, xərcləri parlament təsdiq etməlidir. Bundan başqa, DSMF mənim (vətəndaşın) pulunu idarə edirsə, qazancından mənə (vətəndaşa) niyə pay vermir?! Hə, indi DSMF deyəcək ki, sənin (vətəndaşın) pulunu dünən 8,8% indeksləşdirəcəyik də, daha nə istəyirsən?! Bunu da deyə bilməz, çünki 8,8%-i mənə büdcə verir, DSMF yox.
İndi görün necə bir vəziyyət yaranır, öz misalımda izah edim – mənim DSMF-də 30 mindən çox vəsaitim var, DSMF həmin vəsaiti qoyur banka faiz qazanır (heç hansı faizlə depozit qoyduqlarını da açıqlamırlar), mən, tutalım, gedirəm banka kredit götürməyə, həmin banka da DSMF depozit qoyub, deməli bank mənim öz vəsaitimi (DSMF-də olan) mənə 15-18%-lə kredit verir, bank mənim pulumu özümə verməklə pul qazanır, həmin pulun bir hissəsini də DSMF-yə depozit faizi kimi ödəyir, mən isə ikiqat ziyana düşürəm – öz pulumu özümə 15-18%-lə kredit verirlər. Belə yanaşma ədalətli ola bilərmi?! (DSMF-nin cavabının linki şərhlərdə)
Natiq Cəfərli
TEREF: Xocanin Blogu
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dövlət başçısının imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.
Ətraflı

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.

Hazırki artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.

Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır.
 
Ardını oxu...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə müraciət edən işçi bildirir ki, o, Əmək müqaviləsi olmadan işlədilib və heç bir əsas olmadan işdən çıxarılmaqla, adına böyük məbləğdə borc yazılıb. Üstündən 1 il keçdikdən sonra o hüquq mühafizə orqanına çağırılıb, müəssisəyə olan böyük məbləğdə borcu qaytarmaq tələb olunur. Qeyd olunan halda, İşçi və ya İşəgötürənin bir birinə olan borcu hansı qaydada həll olunur və ya borcu olduqda buna hüquq mühafizə orqanlarında baxıla bilərmi?
1. İlk olaraq onu bildirirəm ki, işəgötürən və işçinin bir - birinə qarşı əmək münasibətləri ilə əlaqədar yaranan maddi borcları, cinayət halları istisna olmaqla, hüquq mühafizə orqanlarında baxılmır, mülki qaydada baxılıb həll olunmalıdır.
2. İşçi və İşəgötürən: qanunazidd hərəkətləri nəticəsində bir - birinə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyırlar.
3. İşçi işəgötürənə maddi ziyan vurarsa, bu borc onun əmək haqqından yalnız işçinin yazılı razılığı ilə, razı olmadıqda və ya işdən çıxdıqda isə məhkəmənin qərarı və icra sənədləri üzrə tutula bilər.
4. Əmək müqaviləsi bağlamadan işə və ya əmək münasibətlərinə cəlb olunan işçi isə ilk növbədə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməlidir.
5. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Azər Quliyev.
TEREF: Xocanin Blogu
Ardını oxu...
Dünyada özəl təqaüd fondları böyük gücə, çoxşaxəli investisiya portfelinə malikdirlər. Vətəndaşlarla birbaşa və fərdi müqavilə bağlayan özəl təqaüd fondları öz yatırımlarından əldə etdikləri qazancı da fərdi müqavilələrdə nəzərdə tutulmuş qaydada vətəndaşlarla bölüşürlər. Bu fondlar səhm bazarında aktiv olurlar, hətta birbaşa yatırımlarla istehsal və xidmət sahələri, yüzminlərlə insanın çalışdığı iş yerləri yaradırlar. Çox sadə izah edim: Fondlar vətəndaşdan vəsait toplayır ki, təqaüdə çıxanda onlara xidmət etsin, toplanan vəsaitdən Fondlar yatırım edirlər, pul qazanırlar, yəni, təqaüd fondları faktiki investisiya fondlarıdırlar. Yatırımdan qazandıqları vəsaitdən fond üzvü olan vətəndaşa da pay düşür, bu məqamlar fərdi müqavilələrdə öz əksini tapır.
Bizdə dövlətin əlində olan DSMF icbari qaydada vəsait toplayır, birimizlə heç fərdi müqavilə bağlamayıb, biz vəsaiti ödəməsək məsuliyyətimiz var, cərimə və digər cəzalar ala bilərik, amma DSMF-nin vətəndaşlar qarşısında heç bir fərdi məsuliyyəti yoxdur.

İndi məlum olur ki, DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti varmış (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) və Fond bu vəsaiti ölkənin 5 böyük bankına depozit kimi yerləşdirib, adını da “investisiya fəaliyyəti” qoyub”.

N.Cəfərli bildirib ki, yaranmış vəziyyətlə bağlı bir neçə vacib sual yaranır:

“1) DSMF hər il büdcədən dotasiya alır, yaxşı, sərbəst vəsaiti varsa, dotasiyanı niyə alır?!
Məsələn, 2024-cü ildə DSMF büdcədən 1 mld. 392 mln. manat dotasiya alacaq,

2) DSMF vətəndaşdan topladığı vəsaiti banka depozitə qoyub faiz qazanır, bunun adını “investisiya” qoyur, yaxşı, bəs vətəndaşın pulunu banka qoyub faiz qazanırsa, ondan vətəndaşa niyə pay ayırmır?!
Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var, Fond mənim pulumu, tutalım, 7-8%-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanırsa, bəs mənə niyə bu vəsaitdən pay vermir?!

DSMF normal investisiya Fondu olsaydı, zavod-fabrik, xidmət sahələrinə vəsait, investisiya qoyub yeni iş yerləri, iqtisadi fürsətlər, qazanc mənbəələri yaratsaydı dərd-yarı idi, amma adamlar primitiv üsulla camaatdan yığdığı vəsaiti banka depozitə qoyub faizə görə pul qazanırlar, bundan fonda vəsait ödəyənlərə pay vermirlər – bunun adı investisiya deyil e, vətəndaşı dolamaqdır”.
Natiq.Cəfərli
TEREF: Xocanin Blogu
Ardını oxu...
“Hazırda mövcud olan sənədsiz və çıxarışsız daşınmaz əmlakların böyük hissəsi keçmiş SSRİ dövründən qalıb. Ötən əsrin 90-cı illərində də belə evlərin tikintisi davam edib və günümüzə qədər gəlib çatıb.

Belə tikintilərin qarşısının alınması üçün 2023-cü ilin oktyabrın 1-də qəbul olunan qanuna görə, çıxarışı olmayan torpaqlar üzərində tikilən əmlaklara kommunikasiya xətlərinin çəkilməsi qadağan olundu”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bu məsələ ilə bağlı hazırlanan yeni qanun layihəsinin də çıxarışı olmayan evlərin tikintisinin qarşısını almaq üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə əmlakların satış qiymətlərində ciddi artımların olduğunu söyləyən ekspert həyət evlərinin qiymətinin çox ucuz olduğunu bildirib:

“Hətta 30-40 min manata belə evlər almaq olar. Ancaq indi vəziyyət əvvəlki kimi deyil. Əvvəllər nağd alıcıların sayı kifayət qədər idi. Ancaq indi satılan əmlakların böyük əksəriyyəti kreditli şərtlərilə, yəni ipoteka və ya daxili kreditlərlə əldə edilir.

Məsələ burasındadır ki, həmin mənzillər sənədsiz olduğu üçün bank və ipoteka predmetinə çevrilə bilmirlər. Əgər onlara çıxarışlar verilərsə, ipoteka predmetinə çevrilərək satıla, əmlak və torpaq vergsinə cəlb oluna, yaxud sığortalana, hətta boşanma zamanı bölünə bilər. Ancaq sənədlər olmadığı üçün dövlət vergi və digər gəlirlərdən yararlana bilmir.

Belə ki, sözügedən evlərin alqı-satqısı notarial qaydada aparılarsa notariuslar gəlir əldə edə bilər. Və ya pullar banka qoyular, üzərinə faizlər gələr və banklar da qazanar. Belə əmlaklara sənəd verilərsə, bu, ölkə iqtisadiyyatına və dövlət büdcəsinə müsbət təsir edəcək”.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev jurnalistlərə açıqlamasında, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlandığı barədə məlumat verib.
"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq.

Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır”, - deyə o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti