Ter-Petrosyanın istefasının sirri:
Minsk Qrupunun həmsədrləri problemi həll etməkdə qərarlı olublar, amma heç nə alınmayıb

25 il əvvəl – 1998-ci il fevralın 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan istefa verib. O, bəyan edib ki, “məlum qüvvələr” tərəfindən onun qarşısında belə bir tələb qoyulub.

“İstefa qərarını ona görə vermişəm ki, bu addımın alternativini dövlətimiz üçün daha təhlükəli hesab edirəm”, – o, deyib.

Ter-Petrosyan 4 dəqiqəlik vida nitqində bu “məlum qüvvələrin” kimlər olduğunu, prezidentə belə bir tələbi niyə və necə irəli sürdüklərini açıqlamayıb. O, bu suallara zamanın cavab verəcəyinə eyham vurub.

İndi ABŞ Dövlət Departamentinin arxivlərindən təkcə Ermənistandakı daxili siyasi fikir ayrılıqlarını deyil, həm də beynəlxalq ictimaiyyətin bağlı qapılar arxasında hansı tələblər irəli sürdüyünü göstərən məxfi sənədlər üzə çıxır.

Əslində, Qarabağ problemi ilə bağlı danışıqlar prosesi Ter-Petrosyanın istefasından bir il əvvəl – 1997-ci ildə intensivləşməyə başlayıb. Bunu şərtləndirən iki amil var idi: birincisi, Azərbaycan qaz və neft kəmərlərinin çəkilməsi ilə bağlı ilk müqavilələri imzalamağa başladı və Qərb regionda sabitliyin və sülhün bərqərar olmasında maraqlı idi. Digər tərəfdən, həmin ilin yanvarında yeni format yaradıldı: Rusiya, ABŞ və Fransanın həmsədrliyi. Dövlət Departamentinin diplomatik teleqramları göstərir ki, həmin mərhələdə bu problemin həll edilməsi, bununla da Qərb və Rusiyanın əməkdaşlıq edərək Avropada sülhü təşviq edə biləcəyini göstərməsi hər üç ölkənin maraqlarına uyğun olub.

Buna görə də həmsədrliyin yaradılmasından cəmi bir ay sonra – fevralda bu məsələ ABŞ dövlət katibi Madlen Olbraytla Fransa prezidenti Jak Şirak arasında Parisdə keçirilən görüşün gündəliyinə salınıb. İki Qərb lideri vahid cəbhədən çıxış etməyin və bu konfliktə son qoymağın vacibliyini vurğulayırlar.

Bir neçə həftə sonra ABŞ dövlət katibinin müavini Strob Talbott Ermənistanın xarici işlər naziri Aleksandr Arzumanyanla görüşür və ondan xahiş edir ki, prezident Ter-Petrosyana çatdırsın, hazırda Qarabağ məsələsi ilə üç fövqəldövlət məşğul olur və bu faktı nəzərə almamaq olmaz.

“Mühüm maraqları olan üç böyük ölkə məsuliyyəti öz üzərinə götürüb. Həm ABŞ, həm Fransa, həm də Rusiya tərəfindən prosesi irəli aparmaq məsələsində maraqların konsolidasiyası tədricən artır. Ter-Petrosyan buna göz yummamalıdır, təzyiq olacaq”, – ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz xəbərdarlıq edib.

Vasitəçilərin danışıqları intensivləşdirmək səylərində ciddi olduğunu aşağıdakı diplomatik teleqramdan da görmək olar: bir neçə gün sonra ABŞ dövlət katibinin müavini əvvəlcə fransalı və rusiyalı həmkarları Jak Blot və Boris Pastuxovla, sonra isə Rusiyanın xarici işlər naziri Yevgeni Primakovla görüşür. Hər üç tərəf hər üç görüşdə vahid cəbhədən çıxış etməyə və tərəflərin güzəştə getməsi üçün onlara təzyiqləri gücləndirməyə hazır olduqlarını vurğulayır. Bu məsələnin bir ay sonra – apreldə Helsinkidə keçiriləcək Yeltsin-Klinton görüşünün gündəliyinə salınması qərara alınır. Mövzunu işçi nahar zamanı ABŞ prezidenti açır.

“Mən, xarici siyasət məsələlərində əməkdaşlığımızı genişləndirmək istəyirəm, onlardan biri də Qarabağ problemidir. Bu məsələnin həlli hamımızın marağındadır və mən problemi ölü nöqtədən tərpətmək üçün sizinlə birgə çalışmağa hazıram”, – deyə Klinton bildirib. Yeltsin cavabında bildirir ki, Moskva Vaşinqtonun iştirakına yalnız sevinə bilər: “Biz bu təşəbbüsə qısqanclıqla yanaşmayacağıq, əminəm ki, sizin təsiriniz müsbət olacaq”.

“Atəşkəs ermənilərdə və azərbaycanlılarda özlərinə inam yaradıb və onlar güzəştə getməyə meylli deyillər. Lakin biz tərəflərə başa salmalıyıq ki, onların inadkarlığı arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, – Primakov məsləhət görür.

Artıq ertəsi gün ABŞ dövlət katibinin müavini Türkiyə xarici işlər nazirinin müavini Öymənlə telefonla danışığır.

“Öymən bildirdi ki, bir neçə gün əvvəl İstanbulda Rusiya xarici işlər nazirinin birinci müavini İvanovla təkbətək söhbət edib və o, Moskvanın Dağlıq Qarabağ məsələsində irəliləyişə hazır olduğunu deyib. İvanovda belə bir hiss varsa, cəhd etməyə dəyər”, – deyə Dövlət Departamentinin məxfi sənədində bildirilir.

Bundan iki həftə sonra üç vasitəçi Vaşinqtonda görüşür və ilk dəfə olaraq öz ideyalarını vahid sənəddə birləşdirir.

Bir neçə gündən sonra bu birgə sənəd prezidentlər səviyyəsində – Klinton, Yeltsin və Şirakın Paris görüşü zamanı müzakirə olunur və qəbul edilir.

Dövlət Departamentinin artıq məxfi sayılmayan sənədinə görə, Klinton Yeltsinə deyib: “Qarabağ məsələsinin həlli bu gün bir çox problemləri yoluna qoyacaq və bizi sabah yarana biləcək bir çox problemlərdən xilas edəcək”.

Artıq may ayının sonunda vasitəçilər sonradan “paket həll variantı” kimi tanınan sənədi bölgəyə gətirirlər. Ermənistan prezidenti ilə görüşün ilk dəqiqələrindən son ana qədər elçilər eyni fikri vurğulayırlar: onlar yekdil və ciddidirlər.

“Üç ölkənin prezidentlərdən tutmuş hökumətlərinə qədər hamı sülh prosesini irəli aparmaq üçün səylə və məsuliyyətlə çalışıb”, – məxfilikdən çıxarılan sənədə əsasən, ABŞ dövlət katibinin müavini Ter-Petrosyana deyib və qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəflərdən onların səylərinə lazımi ciddiliklə yanaşacaqlarını gözləyir.

Fransız vasitəçi Jak Blot xəbərdarlıq edir: “Əvvəllər tərəflər vasitəçi ölkələr arasındakı fikir ayrılıqları üzərində oynamağa, onları bir-birinə qarşı qoymağa meylli idilər, indi isə həmsədrlər birləşib”.

Rusiya səfiri də təsdiqləyir: “Razılaşmanın vaxtı çatıb”.

Öz növbəsində ABŞ, Rusiya və Fransa liderləri Denverdə keçirilən G8 sammitində Dağlıq Qarabağla bağlı ilk birgə bəyanatı qəbul edirlər.

“Təkcə atəşkəs kifayət deyil. Beynəlxalq ictimaiyyət yekun həllə nail olmağa çağırır və biz əminik ki, regionda sabit və davamlı sülhün bərqərar olmasını gecikdirmək olmaz”, – deyə Yeltsin, Klinton və Şirak bildiriblər.

Amma bu misilsiz səylərə və üç həmsədr ölkənin birliyinə baxmayaraq, yerlərdə danışıqlar irəli getmir.

“Düşünürəm ki, biz işə başlamalıyıq, çünki bunu etməsək, onlar bizi müqəvva hesab edəcəklər”, – Rusiya xarici işlər naziri dövlət katibi Olbraytla Denverdə görüşdə deyir, təhdid və sanksiyalara əl atmağı təklif edir: “Biz diş göstərməliyik. Siz amerikalılar neftdən rıçaq kimi istifadə edərək, azərbaycanlılara nəsə edə bilərsiniz. Deyə bilərsiniz ki, sövdələşmə baş tutmasa, şirkətlərinizi neft hasilatında Azərbaycana kömək etməyə təşviq etməyəcəksiniz. O ki qaldı Ermənistana, biz silah amilindən rıçaq kimi istifadə edəcəyik. Başqa sözlə, Rusiya Ermənistanı silah verməyəcəyi ilə hədələyə bilər, siz isə neft amilindən istifadə edə bilərsiniz”.

Bu xəbərdarlıqlara baxmayaraq, Stepanakert (Xankəndi – red.) və Bakı paket variantını qəti şəkildə rədd edir. Təxminən iki ay sonra həmsədrlər eyni prinsiplərə əsaslanan yeni, “mərhələli plan” təqdim edirlər. Bu dəfə planın həyata keçməsinin, belə demək mümkünsə, uzadılmış variantı seçilir. Məsələn, əgər birinci paket variantda ərazilərin qaytarılması ilə eymi vatda statusun da müəyyənləşdirilmə nəzərdə tutulurdusa, indi vasitəçilər əvvəlcə ərazilərin azad edilməsini, qaçqınların qaytarılmasını, Qarabağ ermənilərinin təhlükəsizliyinin və özünüidarəsinin təmin edilməsini, sonra isə Azərbaycanın ərazi bütövlüyü və Qarabağın statusu məsələlərinə baxmağı təklif edirdilər.

Ermənistan prezidenti həmsədrlərin bu ardıcıl səyləri fonunda sentyabrda mətbuat konfransı keçirir və erməni tərəfinin beynəlxalq birliyin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu bildirir: “Beynəlxalq ictimaiyyət bu vəziyyətin daha 20 və ya 30 il belə qalmasına icazə verəcək? Bu, istisnadır və beynəlxalq ictimaiyyət bizi ciddi şəkildə zəiflətmək üçün elə yollar və vasitələr tapacaq ki, biz nəinki bu gün kompromislərlə əldə edə biləcəyimizdən məhrum olacağıq, həm də özümüzü daha pis vəziyyətə salacağıq”.

Ter-Petrosyanın mətbuat konfransından 3 gün sonra Rusiyanın xarici işlər naziri Primakov ABŞ dövlət katibinin müavini ilə görüşür və xəbərdarlıq edir ki, Ter-Petrosyan cəsarətli mövqeyinə görə ciddi tənqidlərə məruz qalıb və ona dəstək verilməlidir. Primakov vurğulayır ki, “gec-tez Dağlıq Qarabağa təzyiq etmək lazım gələcək”.

Vasitəçilər Stepanakerti (Xankəndi – red.) necə razı salmağı müzakirə etməyə başlayırlar. Fransa prezidenti Jak Şirak oktyabrda Strasburqda Ermənistan prezidenti ilə görüşərək, baş nazir Koçaryanı və digər nüfuzlu qarabağlıları Parisə dəvət etməyi təklif edir.

“Məqsəd razılığa gəlmək üçün onlara təzyiq etmək idi. Daha sonra Koçaryanı Moskvaya, sonra Nyu-Yorka dəvət etmək olardı, orada da ona eyni şeylər deyiləcəkdi”, – Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə əsasən, Fransa xarici işlər nazirinin müavini ABŞ dövlət katibinin müavininə təklif edib.

Lakin ideya heç bir nəticə vermir. Koçaryanın səfərindən sonra Fransa xarici işlər nazirinin müavini Vaşinqtona məxfi teleqram göndərib: “Biz Koçaryanın mövqeyində real dəyişikliyə nail ola bilməmişik və danışıqlara başlamaq üçün real perspektiv görmürük”.

Beynəlxalq birliyin təşəbbüsündən bu cür inadla imtina edilməsini izah etməyə çalışan vasitəçilər ehtimal edirlər ki, Ter-Petrosyanla Koçaryan razılaşdırılmış oyun oynaya bilələr: biri vasitəçiləri rədd edir, digəri kompromislərə hazır olduğunu bəyan edir.

Əslində isə hər şey daha ciddi idi. İrəvanda hakimiyyət uğrunda mübarizə hər saat dərinləşirdi. Gizli diplomatik teleqramlara görə, bu məsələdən ilk olaraq Rusiyanın xarici işlər naziri Yevgeni Primakov duyuq düşür.

Ter-Petrosyanın istefasından hələ bir ay əvvəl, yanvar ayında İsveçdə ABŞ dövlət katibinin müavini Strob Talbottla görüşərkən Primakov demişdi: “Koçaryan Ermənistanın prezidenti olmaq istəyir. Qarabağ erməniləri maneədir, gəlin bu məsələyə vaxt itirməyək, bunun əvəzinə nə edə biləcəyimizi müzakirə edək”.

Primakov Qarabağ hakimiyyətinə təzyiqləri gücləndirməyi və təcili olaraq ora “diplomatik desant” göndərməyi təklif edir.

“Minsk qrupunda olan vasitəçilər, belə demək mümkünsə, üç çox ciddi ölkənin nümayəndəsi kimi Stepanakertə (Xankəndi – red.) getsələr, bunun müəyyən nəticəsi olacaq. Bu, onu göstərəcək ki, onlar sülh yolu ilə nizamlanmaya qarşı çıxmaqla, bütün dünyanın iradəsinə zidd gedirlər”, – gizli teleqrama görə, Rusiya xarici işlər naziri dövlət katibinin müavininə bildirib.

Talbott Ter-Petrosyanı dəstəkləməyin zəruriliyi ilə razılaşır və etiraf edir ki, onunla Koçaryan arasında əsl mübarizə başlayıb. Eyni zamanda o, Stepanakertə (Xankəndi – red.) getməkdən imtina edir və Primakova vasitəçilərin Qarabağa son səfərinin şok təfərrüatlarını danışır.

“Arkadi Qukasyan keçən dəfə bizi, həmsədrləri Stalin repressiyaları zamanı fəaliyyət göstərən bədnam “üçlüklə” müqayisə etdi, Qarabağ ermənilərinin qırğınını təşkil etməkdə ittiham etdi. Eyni vəziyyətlə yenidən üzləşmək istəmirəm”, – deyə ABŞ dövlət katibinin müavini etiraf edir.

Diplomatlar yenidən Parisdə görüşmək qərarına gəlirlər. Lakin bundan əvvəl, Primakovla Talbott arasında bu söhbətdən iki həftə sonra Ter-Petrosyan istefa verir.

“Vəziyyəti gərginləşdirməmək üçün hər hansı şərh və ya qiymətləndirmədən çəkinəcəyəm. Sadəcə, qeyd etməyi zəruri hesab edirəm ki, hakimiyyət böhranı şəraitində Artsax (Dağlıq Qarabağ – red.) məsələsinin müzakirəsi yalnız bəhanə idi. Problem daha dərindir və dövlətçilik prinsipləri, sülh və ya müharibə alternativləri ilə bağlıdır. Və kimin Artsax (Dağlıq Qarabağ – red.) üçün nə etdiyini, kimin isə əslində onu satdığını həyat göstərəcək”, – Ermənistanın birinci prezidenti çıxışında bildirib.

Həmin günlər masada Ermənistan silahlı qüvvələrinin Laçın istisna olmaqla, işğal olunmuş ərazilərdən çıxarılması, tərəflər arasında ayırıcı xəttin yaradılması variantı var idi – bufer zonasında heç kim yaşamamalıydı və ATƏT qüvvələrinin nəzarəti altında olmalıydı. Laçın dəhlizi indiki 5 kilometr deyil, 22 kilometr olmalı idi. Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində onu Dağlıq Qarabağ ermənilərinin istifadəsinə ötürməliydi.

Qarabağ ermənilərinin öz bayrağı, gerbi, himni və konstitusiyası olmalı idi. Vətəndaşlar Qarabağ ərazisində hərbi xidmət keçə bilərdilər, Azərbaycan ordusu, təhlükəsizlik qüvvələri və polisinin isə yerli hakimiyyət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa daxil olmaq hüququ olmayacaqdı. Stepanakert (Xankəndi – red.) həm də iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici ölkələr və beynəlxalq təşkilatlarla xarici əlaqələr qurmaq hüququ əldə edirdi. Bundan sonra, növbəti mərhələdə statusun dəqiqləşdirilməsinə keçmək təklif olunurdu. Beynəlxalq ictimaiyyət bundan əvvəl sülhməramlı qüvvələri yerləşdirərək, təhlükəsizliyi təmin etməyə söz verirdi.

Diplomatik sənədlərdən də görünür ki, vasitəçilər bu məsələ ilə bağlı qapalı danışıqlar zamanı bunun tərəflərə təklif edə biləcəkləri ən yaxşı variant olduğunu vurğulayıblar. Bununla yanaşı, fövqəldövlətlər erməni tərəfinə xəbərdarlıq ediblər ki, həll yolu tapılmasa, Ermənistan inkişaf və çiçəklənmə imkanlarını itirəcək.

Moskvadan Vaşinqtona göndərilən diplomatik mesaja görə, Primakov 1997-ci ildə deyib: “Zaman İrəvanın əleyhinə işləyir: Azərbaycan varlanarkən, Ermənistan yerində sayır”.

“1997-ci il qaz kəmərləri və nəqliyyat marşrutları ilə bağlı qərarların qəbulu ilidir. Erməni tərəfi regional proseslərdə iştirak edə bilməsə, bu, Ermənistana baha başa gələcək ki, bu da heç kimin maraqlarına uyğun deyil”, – deyə ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz bundan bir neçə ay əvvəl Ermənistanın xarici işlər nazirinə xəbərdarlıq edir.

Dövlət katibinin müavini Strob Talbot da Ermənistanın enerji proqramlarında və regional layihələrdə iştirakının Qarabağ probleminin həllindən asılı olduğunu vurğulayıb.

“Prezident Klintonun fikrincə, Ermənistanı regionda gözlənilən iqtisadi inkişafın iştirakçısına çevirmək lazımdır”, – diplomatik sənədlərdən birinə görə, Strob Talbott bildirib. Yüksək rütbəli diplomat “Nairit” kimya zavodunun yenidən işə salınmasının mümkünlüyündən danışıb və eyni zamanda xəbərdarlıq edib: “Bu, münaqişə səbəbindən hansı planların pozulduğunu göstərir. Sülh olmadan heç nə olmayacaq”.

Birinci prezidentin istefasından keçən iyirmi ildən artıq müddətdə Ermənistanın hər üç lideri status-kvonu saxlamaq kursunu götürüblər. Və hər üçü hakimiyyətlərinin müxtəlif mərhələlərində Ter-Petrosyanı məğlubiyyətdə və xəyanətdə ittiham edirdilər.

Müəllif: Yegine Buniatyan (Radio Azatutyun).

Məqalənin orijinalı: https://rus.azatutyun.am/a/32254361.html
pressklub
 
close_54x54.png
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı
15 Noyabr 2024 Litva hökuməti istefa verib
15 Noyabr 2024 "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"

Dünyapress TV

Xəbər lenti