“Bilirsiz, ermənilər daim gözləyirdilər ki, Rusiya gəlib onların yerinə işğalçı siyasətlərini təmin edəcək. Amma hələ Ukrayna müharibəsindən qabaq bəlli idi ki, Rusiya bu siyasəti davam etmək niyyətində deyil. Ermənilərə də bu lazım idi. İndi də elə güman edirlər ki, Ermənistanın siyasətini ya Fransa, ya başqa hansısa dövlət tam mənada dəstəkləyəcək. Ancaq mənasız və əsassız ümidlərdir. Çünki ermənilərin yerinə heç kəs gəlib onların məntiqsiz ambisiyalarına görə qan tökmək niyyətində deyil”.
Teref.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın dünən – yanvarın 10-da Rusiya və KTMT ilə bağlı sərt çıxışları, ölkə ərazisində KTMT təlimlərinə icazə verməməsi qarşılığında Rusiyanın hansı addımlar ata biləcəyi haqda suala cavabında söyləyib.
“Paşinyanın çıxışları qarşısında Rusiyanın hansısa sərt addımlar atacağını istisna etmirəm. Lakin nəzərə alaq ki, Ukraynada düşdüyü durumla bağlı Moskvanın vəziyyəti o yerdə deyil ki, hazırda Ermənistanda sərbəst nəsə etmək iqtidarında olsun. Amma o da var ki, Ermənistanda Rusiyanın hələ yetərincə təsir rıçaqları var. Və hansısa şəkildə ölkə daxilində problemlər yarada bilər”- sabiq baş diplomat belə deyib. /Moderator.az