|
ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə ikitərəfli münasibətləri, habelə regional və qlobal mövzuları müzakirə edib.
Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verir ki, görüş Nyu-Yorkdakı Türk Evində baş tutub.
“Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi üçün çalışmağa davam edəcəklərini bildirib”, – mətbuat xidməti diqqətə çatdırıb.
Türkiyə lideri “İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi qırğınların regional və qlobal sülhə zərər verdiyini, insan haqları və beynəlxalq hüququn pozulmasına son qoyulmalı olduğunu, dünya dövlətlərinin hamılıqla sülhyönümlü hərəkət edəcəyi təqdirdə, İsrailin dayanmaq məcburiyyətində qalacağını” vurğulayıb.//Report