Yeni formalaşacaq parlamentdə rəhbər vəzifələrdə kimlərin yer alacağı ilə bağlı müxtəlif fərziyələr səslənir. Sözsüz ki, bu barədə konkret proqnoz vermək olmur. İndiki halda sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər daha çox seçici səsi qazanmaq uğrunda mübarizə aparmalıdır. Siyasi partiyalar mümkün qədər daha çox seçki dairəsindən öz namizədlərini irəli sürməlidir. Eyni zamanda tanınan-tanınmayan, iddialı şəxslər var, həmçinin keçmiş deputatlar da yenidən mandat qazanmaq iddiasındadır. Təbii ki, kimin seçilib-seçilməyəcəyini bəri başdan demək mümkün deyil.
Bunu Teleqraf.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
O qeyd edib ki, hansı partiyanın parlamentdə neçə nəfərlə təmsil olunacağını proqnozlaşdırmaq olmur:
“Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə “ana müxalifət” partiyası kimi mövqeyini qorumağa çalışacaq. Milli Məclisdə ənənə yaranıb ki, vitse-spikerlərdən bir müxalifət partiyasından seçilir. VHP ilk dəfə bu imkanı əldə edən partiya olub.
Arzumuz odur ki, bu ənənə davam etsin. Yeni formalaşacaq parlamentdə VHP-dən daha çox deputatla təmsil olacaq partiyanın da olması mümkündür. Bu halda vitse-spikerlik postu həmin partiyaya təklif edilə bilər. Buna təbii yanaşırıq. Müxalifət partiyaları arasında hər hansı bir münaqişə istəmirik. Arzumuz odur ki, birlik olsun, millətimiz, dövlətimiz üçün müxalifət və iqtidar arasında sağlam dialoq formalaşsın”.
Sabir Rüstəmxanlı qarşıdakı bir aylıq seçki marafonunda gərgin iş aparılacağını bildirib:
“Ona görə də, yeni parlament formalaşdıqdan sonra bu mövzuda konkret fikir bildirmək olar. Deputatlığa namizədliyini irəli sürmüş vətəndaşlarımıza, dostlarımıza uğurlar arzulayıram. Kim layiqdirsə, o seçilsin”.
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Əli Həziquliyev hesab edir ki, parlament tarixində “ana müxalifət” mövzusu yalnız ötən seçkidən sonra ortaya çıxdı: “İndiyə kimi parlamentdə hansısa bir kvota olmayıb ki, “ana müxalifət” müəyyənləşsin. YAP-dan, yəni hakim partiyadan sonra parlamentdə daha çox yer almış partiyalar üçün belə bir status tanınmayıb. VI çağırış Milli Məclisdə isə “ana müxalifət” partiyası kimi Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi vitse-spiker seçildi. Çünki hakim partiyadan sonra VHP daha çox mandat qazanmışdı”.
ƏHD təmsilçisinə görə, parlamentdə vitse-spikerlər seçilərkən digər faktorlar da nəzərə alınır:
“Burada bölgələr üzrə seçim kriteriyalarına üstünlük verilir. Bu ehtimalı nəzərə alsaq, yeni formalaşacaq parlamentdə də VHP-nin təmsilçisinin, yəni Fəzail İbrahimlinin yenidən vitse-spiker olması mümkündür.
Eyni zamanda proqnozlardan başqa reallıqların da ortaya çıxması mümkündür. Misal olaraq YAP tərəfindən Əli Əhmədovun yenidən parlamentə qaytarılması onun parlamentdə hakim partiyanın qrup rəhbəri kimi mövqe tutacağı ehtimal edilir. Hətta Əli Əhmədovun spiker seçilməsi ehtimalları da var”.
Əli Həziquliyev ƏHD partiyasının sədri Qüdrət Həsənquliyevin parlamentdə komitə sədri və yaxud vitse-spiker vəzifəsinə seçilməsi ehtimallarını da dəyərləndirib: “Bu kimi məsələlər seçkilər öncəsi müzakirə edilən məsələlər sırasındadır. Spiker postuna hakim Yeni Azərbaycan Partiyasının üzvü seçilir. Çünki çoxluqda olan bir partiyanın digər partiyanın təmsilçisini spiker seçməsi qeyri-mümkündür.
Qüdrət Həsənquliyevin vitse-spiker seçilməsi məsələsi isə geniş müzakirə edilməsə də, bu ehtimalı da mümkünsüz hesab etmək olmaz. Sözsüz ki, indi biz hazırda deputatlığa namizədlər üzərində fikir yürüdürük. Daha dəqiq mənzərə parlament seçkilərindən sonra aydın olacaq. Parlamentdə “ana müxalifət” partiyasının hansı partiya olacağı, VHP-dən irəli sürülən üç deputatlığa namizəddən hansılarının mandat ala biləcəyi bilinmir. Ona görə də, sentyabrın 1-dən sonra daha dəqiq proqnoz vermək olacaq”.