Bakı Kremlə “qırmızı cizgiləri” işarə edir:
Bakı Kremlə “qırmızı cizgiləri” işarə edir: Rusiyanın həm Türkiyə, həm də NATO ilə toqquşma riski artır
Üçtərəfli anlaşmalar, 2025-ci ildə müddəti bitdikdən sonra rəsmən hüquqi qüvvəsini itirəcək, rus sülhməramlılar da Azərbaycan ərazisini tərk etməli olacaqlar, prezident Ərdoğanın bu reallığı ifadə etməsi üçün Türkiyənin sənədlərin tərəfi olmasına hər hansı ehtiyac yoxdur... Əgər, Kreml 2025-ci ildə rus sülhməramlıları Qarabağdan çıxartmaq istəməzsə, onda, dərhal Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin uyğun maddələri işə düşəcək, Rusiya Türk İttifaqının hərbi-siyasi potensialı ilə üzləşməli olacaq...

Cənubi Qafqazda gərginlik artan xətt üzrə inkişaf edir. Rusiya bu regionda sülhün və sabitliyin bərpa edilməsində qətiyyən maraqlı olmadığını hər imkanda biruzə verir. Kreml regional qarşıdurmanı stimullaşdırmaq üçün bütün imkanlardan yararlanmağa çalışır. Və hələlik Rusiyanın bu cəhdlərinin müəyyən nəticələr verdiyi də inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Kremlin sifarişi ilə Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçular əhalini küçə və meydanlara toplamağa çalışırlar. Düzdür, elə bir ciddi say çoxluğu yarada bilmirlər. Hər halda, bu bölgədə yaşayan erməni azlığının sayı Ermənistan siyasi dairələrinin iddia etdiyindən dəfələrlə azdır. Və erməni azlığının müəyyən qismi də Araik Arutyunyanın terrorçu dəstəsinin “girovu” durumunda qalmaqdan bezib.

Ancaq buna baxmayaraq, Rusiyanın dəstəyini arxasında hiss edən Araik Arutyunyan və onun terrorçuları hansısa radikal planların reallaşdırılmasına başlayacaqları barədə də danışmağa başlayıblar. Erməni separatçı-terrorçuların məhz Kremlin qurduğu ssenarilər əsasında rus sülhməramlıların himayəsinə güvənərək, hərəkət edtdikləri isə qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Rusiyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlərdə əsas katalizator rolunu oynadığına əmin olmaq
Hər halda, bəzi regional hadisələrin birbirinə paralellik təşkil etməsi müəyyən nəticələr çıxartmağa münbit şərait yaradır. Belə ki, Kreml rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasından olduqca narahat və narazıdır. Ona görə də, erməni separatçı-terrorçulara silah sursat daşıyan rus sülhməramlıların nəzarətsiz hərəkət şərtlərinin bərpasına çalışır. Və Qarabağ ermənilərini hərəkətə gətirməklə, situasiyanı gərginləşdirir, Azərbaycana təzyiq göstərməyə cəhd göstərir.

Rəsmi Bakının Qarabağ bölgəsindəki erməni azlığına humanitar yüklərin Bərdə-Ağdam Xankəndi yolu ilə daşınması variantını Brüssel görüşündə əsas gündəm mövzularından birinə çevirməyi bacarması isə Kremli ümumiyyətlə, hövsələdən çıxarıb. Rusiya siyasi dairələri artıq rus sülhməramlılar üçün “çənbər”in sürətlə daraldığını, tezliklə bölgədən çıxmalı olacağını anladığından panik qərarlar qəbul etməyə başlayıblar. Və Rusiya Xarici İşlər Nazirliyinin son absurd açıqlamasını da bu sıraya daxil etmək olar.

Məsələ ondadır ki, rəsmi Bakı “qırmızı cizgiləri” aşan açıqlamaları və tələbləri qətiyyən xoşlamır. Belə hallarda rəsmi Bakı adətən, daha prinsipial və qətiyyətli davranmağa üstünlük verir. Böyük ehtimalla Azərbaycanın siyasi dairələri Kremlin məlum təztiqlərinə daha radikal qarşılıq verməklə, Rusiyaya “qırmızı cizgilər”in keçdiyi trayektoriyaları növbəti dəfə xatırlatmalı olacaqlar.

İndi əsas problem ondan ibarətdir ki, Cənubi Qafqazda, o cümlədən də, Azərbaycanın Xankəndi və ətraf bölgəsində “qırmızı cizgiləri” Kreml məhz özü müəyyən etməyə iddialı olduğunu biruzə verir. Terrorçubaşı Araik Arutyunyanın dili ilə daha “radikal addımlar” mesajı da iddianın ifadə olunmasıdır. Halbuki, Kremldə də, elə Xankəndidə də hər hansı “radikal addım”ın atılmasına ediləcək cəhdin situsiyanı ciddi şəkildə dəyişəcəyini də anlamamış deyillər. Və bu dəyişikliyin məhz rəsmi Bakının siyasi iradəsi ilə Rusiyanın birbaşa əleyhinə olacağı da qətiyyən şübhə doğurmamalıdır.

Hər halda, Kremlin “təxribat emissarı” Ruben Vardanyanı Azərbaycan ərazisinə göndərib, hansısa nəticələr əldə edə biləcəyi dövrlər çox-çox geridə qalıb. İndi Ruben Vardanyanın dəstəsinin vasitəsilə Ağdam-Xankəndi yolunun qapadılmasına göstərilən cəhdlər Rusiyaya elə bir manevr məkanı qazandırmaz. Üstəlik, erməni kriminal milyarderin dili ilə bölgənin gələcyi ilə bağlı yeni şərtlər diqtə etmək cəhdləri də heç bir nəticə verməz.

Kreml bölgəyə tamamilə yad kriminal ünsür olan Ruben Vardanyan vasitəsilə “humanitar hava karidoru” iddiasını gündəmə gətirsə də, buna heç kim əhəmiyyət verməz. Çünki Kremlin “təxribat emissarı”nın xitab etdiyi BMT-də hamıdan yaxşı bilirlər ki, beynəlxalq hüquq normalarına görə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və rəsmi Bakının razılığı, hətta birbaşa müraciəti olmadan bunun reallaşmasının qeyri-mümkünlüyünü sübuta ehtiyacı yoxdur.

Ruben Vardanyanın rus sülhməramlılara BMT mandatının verilməsini də gündəmə gətirməsi onun Kremldən göndərilən mətni dilə gətirdiyini göstərir. Hər halda, rus sülhməramlıların beynəlxalq mandat qazanmasında yalnız Rusiyanın maraqlı olduğu inkaredilməz reallıqdır. Və prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra “Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılacaq. Çünki üçtərəfli anlaşmaya əsasən, onların müddəti həmin tarixdə sona çatacaq” açıqlaması Kremldə əsl “soyuq duş” effekti yaradıb.

Ona görə də, son günlər Rusiyanın siyasi və diplomatik dairələri Kremli beynəlxalq səviyyədə küncə sıxışdıran bu açıqlamaya alternativ variantlar düşünməyə çalışırlar. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova “Türkiyə üçtərəfli anlaşmanın iştirakçısı deyil” deməkdən uzağa gedəcək əks arqumentlər tapa bilməyib. Halbuki, bu, olduqca zəif arqumentdir.

Məsələ ondadır ki, üçtərəfli anlaşmalar 2025-ci ildə müddəti bitdikdən sonra rəsmən hüquqi qüvvəsini itirmiş olacaq. Yəni, rus sülhməramlılar da Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalacaqlar. İndi prezident Rəcəb Tayyib Ərdoğanın bu qədər aydın olan reallığı ifadə etməsi üçün Türkiyənin üçtərəfli anlaşmanın iştirakçısı olmasına hər hansı ehtiyac belə, yoxdur.

Digər tərəfdən, Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir. Ona görə də, Azərbaycanın suveren hüquqlarına hər hansı problemin Türkiyənin reaksiyasına səbəb olacağı qətiyyən şübhə doğurmur. Yəni, Kreml anlamalıdır ki, Azərbaycanla əvvəlki dövrlərin vərdişləri ilə davrana bilməz. Əgər, Kreml 2025-ci ildə rus sülhməramlıları Qarabağdan çıxartmaq istəməzsə, onda dərhal Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin uyğun maddələri işə düşəcək.

Bu baxımdan, Kreml 2025-ci ildə rəsmi Bakının “çıx” tələbinə cavab verərkən, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiq olduğunu mütləq nəzərə almalıdır. Çünki Türkiyə həm də NATO-nun əsas ölkələrindən biridir. Kremlin Azərbaycanla qarşıdurması əvvəlcə Türkiyəni, ardıncasa, dolayısı ilə NATO-nu da Rusiyayla üz-üzə gətirə bilər.\\Musavat.com
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...

Dünyapress TV

Xəbər lenti