Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.
“Qafqazinfo” Lenta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib.
Bildirilib ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Həmçinin, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məsələ ilə bağlı tviter hesabında açıqlama verib.
“Vladimir Putinin BRİKS sammitində şəxsən iştirakdan imtina etməsi beynəlxalq hüququn qüvvədə olduğunu göstərir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən şəxs hələ də prezident statusuna malik olmasından asılı olmayaraq, BRİKS sammiti üçün Cənubi Afrikaya getməyəcək. Beynəlxalq hüquq belə işləməlidir”, - deyə Podolyak qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Vladimir Putinin həbsinə order verilib.
Onun Cənubi Afrikaya BRİKS sammitinə gedəcəyi təqdirdə həbs olunması məsələsi müzakirə olunurdu.