“Mənim namizədliyim təsdiqlənərsə, söz verirəm ki, ABŞ-ın Azərbaycanda maraqlarını təmin etmək üçün bu Komitə və Konqresin bütün üzvləri ilə yaxından işləyəcəm”.
ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Mark Libbi Senatda dinləmələr zamanı belə deyib. Diplomat vurğulayıb ki, o, ABŞ-ın regionda sülhlə bağlı səylərini dəstəkləyəcək:
“Bu posta təsdiqlənsəm, mən də ABŞ-ın Azərbaycan və Ermənistan arasında ədalətli və dayanıqlı sülh sazişinin əldə olunmasına yardım etmək səylərini dəstəkləyəcəm. Bu faciəvi münaqişədən tərəflərə ağrı-acı və inamsızlıq mirası qalıb. Bu komitənin bir çox üzvünün Azərbaycanla bağlı narahatlığı var.
Mən onları başa düşürəm. Hər bir dayanıqlı və ləyaqətli sülh üçün ərazi bütövlüyü, suverenliyi, və bölgədə yaşayan hər kəsin hüquq və təhlükəsizliyi məsələlərinin həlli çox vacibdir. Bu münaqişənin hərbi həlli yoxdur. ABŞ zorakılığı və zorakılıq hədələrini pisləməyə davam etməlidir. Ancaq tərəflər ABŞ və bizim Avropadakı tərəfdaşlarımızın köməyi ilə razılığa gəlməyə həmişəkindən daha yaxındır. Mən təsdiq olunsam, Bakıda fəal və qətiyyətli şəkildə işləyərək onların (tərəflərin - red.) buna nail olmasına kömək etmək öhdəliyi götürürəm.
Lakin sülh sazişinin imzalanması yalnız ilk addımdır. Mən təsdiqlənərəmsə, Bakıdakı səfirliyə rəhbərlik edərək yekun nizamlanmanın həyata keçirilməsini dəstəkləyəcəm, sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə zəmin yaradar. Bu, regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq. Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa imkan verəcək.
Azərbaycanla terrorla mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımız ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir. Əgər mən bu posta təsdiqlənsəm, bu sahələrdə səylərimizi ikiqat artıracam”.
Mark Libbinin açıqlaması göstərir ki, o, fəaliyyətə başladıqdan sonra, yəni yaxın perspektivdə ABŞ-ın Azərbaycanla bağlı siyasətində Ermənistanla sülh danışıqları və Qarabağ məsələsi əsas prioritet olacaq. Bu baxımdan, ABŞ-ın diplomatik fəallığının artacağı gözlənilir. Libbinin sözlərindən belə qənaətə gəlmək olar ki, rəsmi Vaşinqton sülh sazişinin imzalanmasından sonra da bu istiqamətdə moderatorluğu əldə saxlamaq niyyətindədir.
Belə ki, ABŞ sazişinin həyata keçirilməsində iştirakçı tərəf kimi rol oynamaq, daha doğrusu, sülhün beynəlxalq zəmanətçisi olmağa iddialıdır.
Diplomatın çıxışında diqqəti çəkən digər mühüm məqam Azərbaycanın və Ermənistanın danışıqlarda Vaşinqton və Brüssel formatları çərçivəsində razılığa gəlməyə daha yaxın olması ilə bağlı fikirləridir. Bu, tərəflərin Qərb platformasına üstünlük verdiyini, Rusiyanın vasitəçiliyində maraqlı olmadığını göstərir. Əgər bu yanaşma Ermənistanda daha çox Paşinyan hakimiyyətinin Qərbə yaxın olması ilə bağlıdırsa, Azərbaycanı bu platformalarda qane edən konkret təkliflər var.
Azərbaycanın ərazi bütövlüyünün, eyni zamanda Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının Ermənistan tərəfindən tanınması rəsmi Bakı üçün əlverişlidir. Bu şərtləri qəbul etmək üçün Qərbin Ermənistanın Baş nazirinə təzyiq etdiyini Nikol Paşinyan özü də açıq etiraf edib.
Rusiya isə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasını, ancaq status-kvonun qeyri-müəyyən müddətə saxlanılmasını və gələcəkdə Qarabağın statusu məsələsinə baxılmasını, sülhməramlıların fəaliyyətinin isə 15-20 il müddətinə uzadılmasını təklif edir. Bunlar isə Azərbaycan tərəfindən heç bir halda qəbul edilə bilməz.
TEREF.AZ-ın məlumatına görə, politoloq Xaqani Cəfərli “Cümhuriyət”ə bildirib ki, beynəlxalq təcrübə münaqişələrin həllində ABŞ-ın çoxsaylı nailiyyətlərə imza atdığını görmək olar. Rusiyanın və Çinin bu istiqamətdə uğurları cəlbedici deyil. Amma Yaxın Şərq, Balkanlar və digər regionlarda ABŞ tərəfləri qane edən sülh razılaşmasına nail olub:
“Bu baxımdan Vaşinqtonun təcrübəsi böyükdür. Digər tərəfdən, ABŞ-ın resursları Rusiyadan fərqlənir. Bu da danışıqlar prosesinə təsir edən amillərdən biridir. Çünki danışıqlarda yalnız münaqişəyə son qoyulması deyil, həm də tərəflərin sülh sazişindən sonrakı taleyi də müzakirə edilir. Bu mənada, Vaşinqtonun təklifləri danışıq aparan tərəflər üçün cəlbedici görünür. Bir sıra sülh müqavilələri belə şərtlər daxilində imzalanıb.
ABŞ-ın münaqişə etmiş tərəfləri bir araya gətirmək imkanları daha çoxdur. Münaqişələrin həllinə verilən iqtisadi dəstək imkanı Rusiyadan xeyli böyükdür. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılması və nəticəyə nail olunması Vaşinqtonun imkanları daha qabarıq görünür. Rusiya isə qlobal iqtisadiyyatdan, beynəlxalq siyasi münasibətlər sistemindən, beynəlxalq hüquqdan təcrid olunub. Belə bir ölkənin vasitəçiliyi ilə sülh sazişi imzalamaq həm Azərbaycana, həm də Ermənistana zərər verə bilər.
Bu baxımdan həm Azərbaycan, həm də Ermənistan sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə deyil, ya Vaşinqton, ya da Brüssel formatı çərçivəsində imzalanmasının vacibliyini yaxşı başa düşür. Rusiya münaqişəyə bölgəni öz təsir dairəsində saxlamaq üçün vasitə kimi baxır. Moskva sülh müqaviləsinin imzalanmasını istəmir və münaqişənin bu və ya digər formada davam etməsində maraqlıdır. Əgər sülh sazişi Rusiyanın vasitəçiliyi ilə imzalanarsa, belə olacaq. Amma Brüsselin vasitəçiliyi Azərbaycanın maraqlarına uyğundur.
Çünki Brüssel bir neçə dövlətin ümumiləşdirilmiş maraqlarını və Avropa İttifaqının iradəsini ifadə edir. ABŞ isə bir ölkədir və Azərbaycana qlobal iqtisadiyyatın tərkib hissəsi kimi yanaşır. Bu baxımdan, Azərbaycan çalışacaq ki, sülh müqaviləsi ABŞ-ın vasitəçiliyi ilə imzalansın. Belə bir sülh sazişinin olması ABŞ-ın Azərbaycan və Ermənistan qarşısında müəyyən öhdəliklərini yarada bilər. Yəni ABŞ hər iki ölkəyə investisiyalar və texnologiyalar verə bilər”.
Xaqani Cəfərlinin sözlərinə görə, Vaşinqton platformasında Azərbaycana və Ermənistana təqdim olunan təkliflərin məzmunu gizli saxlanılır və bu barədə yalnız ümumi məlumatlar verilir. Amma dövlətlərin yanaşması göstərir ki, ABŞ-ın təklifləri daha cəlbedicidir.