|
Almaniyanın Potsdam şəhərindəki muzeydə eko-aktivistlər Klod Monenin “Les Mueles” (Ot tayaları) silsiləsindəki 110 milyon dollarlıq əsərlərindən birinə kartof püresi atıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Letzte Generation” (Son nəsil) ekoloji təşkilatının mətbuat xidməti öz “Twitter” səhifəsində məlumat yayıb.
Hadisə oktyabrın 23-də günorta Barberini Muzeyində baş verib. Belə ki, parlaq jiletlər geyinmiş iki fəal müəssisəyə daxil olaraq sənət əsərinə kartof püresi atıblar. Daha sonra isə əllərini yerə yapışdırıblar.
Təşkilat nümayəndəsinin sözlərinə görə, bu hərəkət Monenin yaradıcılığını səhnəyə, ziyarətçiləri isə tamaşaçıya çevirib. Onlar, bununla qlobal istiləşməyə və mədənçıxarma sənayesinin prosesə verdiyi təkana diqqət çəkmək istədiklərini bildiriblər.
Brandenburq Polis Departamentinin sözçüsü Mario Heinemann bildirib ki, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb və barələrində mülkə müdaxilə və ziyan vurmaq ittihamı ilə istintaq başladılıb.
Barberini Muzeyindən verilən açıqlamada, şüşə ilə örtüldüyü üçün tablonun zədələnmədiyi və oktyabrın 26-da yenidən sərgilənəcəyi bildirilib.