“Əslində mənə nə vaxtsa ciddi bir rol təklif olunub. Amma özüm heç vaxt bunun marağında olmamışam. Mən ciddi rol oynayıb kimə nə sübut edəcəm?! Niyə kiməsə mən güclü aktyoram, bunu da bacarıram deməliyəm? İnsan özünü niyə kiməsə sübut etməlidir? Bu təkcə bizim sənət camiyəsindədir. Avropada heç kim özünü heç kimə sübut etmir. Bir dəfə ciddi rolda çəkildim, bu məndə o qədər də uğurlu alınmadı. Rejissor Türkiyədən gəlmişdi. Ağlamalı olan səhnədə ağlaya bilmirdim. Gəlib mənə dedi ki, “sən bəlkə həyatındakı pis hadisələri yadına salasan?! Nə qədər istəyirdim ki, ağlayım, ağlaya bilmirdim”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor-prodüsser Elməddin Cəfərov deyib:
“Mənə elə gəlir ki, zəif aktyor yoxdur, zəif rejissor ola bilər ki, aktyoru oynada bilməz. Bundan əlavə ssenari də güclü olmalıdır. Yaxşı ssenari aktyoru tamaşaçılara təqdim edir. Bu ümumi komandanın işidir. Bir vaxtlar deyirdilər ki, mən imkanlı aktyoram. Çünki bir müddət əvvəl mənə də, Fərdaya da çoxlu film təklifləri gəlirdi. Özüm də serialda çəkilirdim, serial çəkirdim deyə vaxt ucbatından gələn dəvətlərdən imtina etdim. Bilərəkdən elə bir rəqəm deyirdim ki, bundan aşağı qiymətə çəkilmirəm” deyə o bildirib.
Elməddin Cəfərov “Tək səbir” adlı ilk iştirak etdiyi layihədən də danışıb.
“Verilişin ilk buraxılışını öncədən çəkmişdik. Dedilər ki, filan vaxt efirə gedəcək. İlk efirimizə gedib kafedə oturub baxdıq. O vaxt internet falan yox idi, televizora çox baxılırdı. Biz kafedən çıxıb evə gedə bilmirdik. 45 dəqiqənin içində bütün həyatımız dəyişdi. Hamı bizimlə çəkil çəkdirir, söhbət edir, xoş sözlərini deyirdilər” deyə sənətçi bildirib.
Aktyor heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirib.
“Sosial şəbəkələrə ehtiyac duymuram. 10 il əvvəl bir neçə sosial şəbəkədən istifadə edirdim, sonra sildim. Əlavə vaxtımı alırdı. Kitab oxumağı daha üstün tutdum. Kitab oxuduqca onlardan uzaqlaşdım” deyə o bildirib.