Sonuncu yazımızda qeyd etdik ki, 1796-cı ilin payızında çariça II Yekaterinanın əmri ilə V.Zubovun başçılığındakı 30 minlik rus ordusu Dərbənddən keçib Azərbaycan torpaqlarına daxil olmuş, lakin çariçanın qəfil ölümü səbəbindən geri qayıtmışdı. Həmin zaman Tehranda olan şah Qacar bu siyasi fürsətdən yararlanmaq üçün Azərbaycanın şimal torpaqlarına ikinci dəfə yürüşə başladı. 1797-ci ildə Qacar ordusu Araz çayını keçib Şuşanı yenidən mühasirəyə aldı. Bu yürüşdə məqsəd Tiflisi birdəfəlik tutmaqla rusların Cənubi Qafqaza yolunu bağlamaq və şimal xanlıqlarının Rusiya meylli siyasətinin qarşısını alaraq, bütün Azərbaycan torpaqlarını Qacarlar dövlətinə tabe etmək idi. Beləliklə, həmin il Qacar ordusu Şuşa qalasını ələ keçirdi. Qarabağ xanı İbrahimxəlil xan (1732-1806) ailəsi ilə birlikdə Balakənə, qaynı Avar xanı IV Ümmə xanın yanına qaçmağa məcbur oldu. Lakin şah Qacar Şuşada olarkən 1797-ci ilin yayında gecə vaxtı öz yaxın adamları tərəfindən qətlə yetirildi. Şahın qəfil ölümü Gürcüstan fəthini yarımçıq qoydu. Ağa Məhəmməd şah Qacar öz vəsiyyətinə əsasən İraqın Nəcəf şəhərinə aparılıb Hz. Əlinin məqbərəsində dəfn edildi. Şahı qətl edən Sadıq xan Gürcü, Xudadad İsfahani və Abbas Mazandarani Şuşadakı Qacar xəzinəsini də yağmalayıb aradan çıxmaq istəyərkən yaxalandılar və edam edildilər. Şah Qacarın ölümündən sonra İbrahimxəlil xan Baləkəndən qayıdıb Qarabağda öz hakimiyyətini bərpa etdi. Qacarlarla münasibəti yumşaltmaq üçün öz qızı Ağabəyimi Ağa Məhəmməd xandan sonra taxta çıxan qardaşı oğlu Fətəli şaha (1797-1834) kəniz göndərdi. Ağa Məhəmməd şahın ölümü ilə Azərbaycanın şimal xanlıqları Qacarlar dövlətinin nəzarətindən çıxdı və formal hakimiyyətlərini saxlamaq məqsədilə xanların Rusiya təbəəliyinə keçməsi prosesi sürətləndi. Ağa Məhəmməd xan ikinci Qafqaz səfərinə çıxmazdan əvvəl paytaxt idarəsini Tehran valisi Məhəmməd xana buraxaraq özünün öləcəyi təqdirdə şəhər qapılarının Fətəli xandan başqa heç kimə açılmamasını vəsiyyət etmişdi. Övladı olmayan Ağa Məhəmməd xan qardaşı oğlu Fətəli xanı rəsmi vəliəhd olaraq Fars idarəsinə təyin etmişdi. Beləliklə, şah Qacardan sonra taxta vəsiyyətinə uyğun olaraq, qardaşı oğlu Fətəli şah çıxdı. Taxta çıxan kimi daxili üsyanları yatıran Fətəli şah oğlu Abbas Mirzə Qacarı rəsmən vəliəhd elan edib, onu Azərbaycan valiliyinə təyin etdi. Yılmaz Karadeniz, İran Tarihi səh 280-282 Teref.az