Musiqi məktəbləri ilə bağlı əldə etdiyim məlumatların doğruluğuna əmin olmasaydım və bu sahədə atılan neqativ addımların həqiqi hədəflərini təxmin edə bilməsəydim, bu kiçik məqaləni də qələmə almazdım.
Hədəf - gələcəkdə Azərbaycanda “intellektual şəxsiyyət problem” yaratmaq, yeni nəslin nümayəndələrinin fiziki və mənəvi harmoniyasını pozmaq, şikəst nəsil formalaşdırmaq və onların zərərli vərdişlərə daha tez aludə olmasını təmin etməkdir.
Heç şübhəsiz, musiqinin insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolunu təhlil etsək, musiqi olmadan (və yaxud ölkədə musiqi məktəblərinin mövqeyini ciddi dərəcədə azaltsaq) hansı təhlükələrlə üz-üzə qalacağımızı təxmin etmək elə də çətin deyil. Mən pis vərdişləri təbliğ edən musiqilərdən yox, musiqi məktəblərindən danışıram.
Azərbaycanda musiqi məktəbləri Mədəniyyət Nazirliyinə tabedir. Yəni, musiqi məktəbləri də başda olmaqla, Nazirlik musiqinin, incəsənətin və mədəniyyətin keşiyində durmalıdır. Torpaqlarımızın keşiyində duran əsgər-zabitin funksiyası nədirsə, Mədəniyyət Nazirliyi də mədəniyyət sahəsində eyni funksiyanı yerinə yetirməlidir. Yeri gəlsə, “şəhid” olmalıdır.
Amma mənzərə fərqlidir. Əbülfəs Qarayevdən sonra nazir vəzifəsinə gətirilən Anar Kərimov bu sahədəki problemləri daha da dərinləşdirdi, mədəniyyət və incəsənət sahəsində aqressiv qudurğanlıq hökm sürməyə başladı. Hazırki nazir Adil Kərimli mövcud problemləri görməli və musiqi məktəblərinin əhəmiyyətinin azaldılması istiqamətində atılan addımları tormozlamağı bacarmalıdır. Bəlkə də görür, amma əyləc öz əlində deyil.
Bu, birmənalıdır - musiqi məktəblərinin əhəmiyyətinin azaldılması Azərbaycan xalqının genefonduna, milli təfəkkürünə, fiziki və mənəvi varlığına qarşı həyata keçirilən planların bir tərkib hissəsi kimi çıxış edir.
Bunlar hansı planlardır?
- Narkomaniyanın və narkotik maddələrin dövriyyəsi
- Paralel olaraq, cinayətkarlığın səviyyəsinin ilbəil artması (narkotik, dələduzluq, oğurluq, silahlanma, kriminal aləmə meyllilik, dini radikallaşma və s.)
- Təhsil sisteminin ictimai əhəmiyyətinin itirilməsi, inamsızlıq, təhsilin ideoloji-milli çərçivədən çıxması, gələcəkdə heç bir perspektiv vəd etməməsi
Bütün bu amillər Azərbaycan xalqının genefondunu məhv etmək üçün düşünülmüş və ciddi cəhdlə həyata keçirilən, oturuşmuş planlardır. Məhz belə bir məqamda uşaqların musiqidən kənar tutmaq üçün atılan addımlar və musiqi məktəblərinin əhəmiyyətini azaltmaq eyni dərəcədə cinayət tərkibi sayıla bilməzmi?! Bilər! Çünki musiqi uşaqları zərərli vərdişlərdən çəkindirir və şəxsiyyətin formalaşmasını təmin edir. Şəxsiyyət ola yerdə oğurluq, dələduzluq, kənar təsirlərin altına düşmək riski, narkomanlıq minimuma enir.
Azərbaycanda uşaqlar arasında da cinayətkarlığın səviyyəsinin ilbəil artması heç kəsə sirr deyil. Statistikaya görə, 2021-ci illə müqayisədə 2022-ci ildə uşaqlar arasında cinayətlərin sayı 24,1% artaraq 433-ə çatıb. 2023-cü ildə ölkədə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Eləcə də, ölkədə cinayətkarlığın səviyyəsi və hüquqpozmalara görə axtarışda olan şəxslərin sayı artmaqdadır. Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 min 106 nəfər müxtəlif hüquqpozmalara görə axtarışda olub. Əvvəlki illə müqayisdə axtarışda olan şəxslərin sayı 14% və ya 988 nəfər artıb. Bu ilin əvvəlinə olan məlumata görə, 2 min 311 nəfər dələduzluğa görə axtarışda olub. Onların sayı 2020-ci ildə 428 nəfər olub. Son bir ildə isə onların sayı 38,5% artıb. 2010-cu illə müqayisədə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 3,2 dəfə, oğurluqla bağlı cinayətlərin sayı 80%, dələduzluqla bağlı cinayətlərin sayı isə 4,7 dəfə artıb. 2010-2023-cü illərdə qadınlar tərəfindən törədilən dələduzluq halları 3,8 dəfə, uşaqlar (14-17 yaş) tərəfindən törədilən dələduzluq halları isə 4,4 dəfə artıb.
Musiqi məktəbərindəki problemlər və onların detalları barədə kifayət qədər yazmaq olar. Amma o məsələlərə toxunmuram. Məqələni yazmaqda məqsədim musiqi məktəblərinə olan total münasibətin yarada biləcəyi riskləri göstərməkdir. Öncə münasibət dəyişməlidir, daha sonra nəinki mövcud problemləri həll etmək, həm də musiqi məktəblərinin sayını artırmaq lazımdır. Azərbaycan yalnız Bakıdan ibarət deyil, elə regionlarımız var ki, orada musiqi məktəbi yoxdur. Uzağa getməyək, lap elə Bakının bir sıra kənar qəsəbə və kəndləri də musiqi məktəblərindən məhrum edilib.
Samir Feyruzov
TEREF