Dünyanın Yeddi Möcüzəsi siyahısı yenilənib
2000-ci ildə bir İsveçrə fondu Dünyanın Yeddi Möcüzəsi siyahısını yenidən tərtib etmək üçün kampaniya başlatmışdı. Orijinal Yeddi Möcüzə siyahısının eramızdan əvvəl ikinci əsrdə tərtib edildiyi və siyahıdakı yalnız bir abidənin günümüzdə hələ də mövcud olduğunu (Giza Piramidaları) nəzərə alsaq, yeniləmə vaxtı artıq çoxdan çatmışdı.

Dünyanın dörd bir yanından olan insanlar da internetdə qısa mətn mesajları yolu ilə səs haqlarını istifadə edərək, eyni fikirdə olduqlarını bildirdilər. 2007-ci ildə elan edilən yekun nəticələr isə həm müsbət, həm də mənfi rəylər aldı – belə ki, Afina Akropolu kimi bir sıra tanınmış yerlər siyahıya daxil edilməmişdi.

Dünyanın Yeni Yeddi Möcüzəsi

Böyük Çin Səddi

Dünyanın ən böyük tikinti layihələrindən biri olan Böyük Çin Səddinin uzunluğunun təxminən 5500 mil (8850 km) olduğu güman edilir, mübahisəli bir Çin araşdırması isə bu ölçünün 13,170 mil (21,200 km) olduğunu iddia edir. Səddin tikintisi eramızdan əvvəl yeddinci əsrdə başlayaraq, iki minillik davam edib. Bu tikinti “Sədd” adlandırılsa da, strukturu uzun məsafələrdə yerləşən iki paralel divara malikdir. Bundan əlavə, səddin üzərində gözətçi qüllələri və kazarmalar da yer alıb. Sədd iişğalların və basqınların qarşısını almaq üçün tikilmiş olsa da, faktiki olaraq təhlükəsizliyi tam təmin edə bilməyib. Alimlər bu tikilinin daha çox “siyasi təbliğat” rolunu daşıdığını qeyd ediblər.

Çiçen – İtsa

Çiçen – İtsa Meksikanın Yukatan yarımadasında yerləşən eramızın doqquzuncu və onuncu əsrlərində inkişaf edən bir Maya şəhəri idi. Tolteklərin güclü təsiri altında olan Mayya qəbiləsi İtsa dövründə bir sıra mühüm abidələr və məbədlər inşa etmişdi. Ən təqdirəlayiq olan isə Əsas Meydanın 79 fut (24 metr) üzərində yüksələn pilləli El Castillo (Qala) piramidasıdır.
Mayyaların astronomik biliklərinin sübutu olan bu tikili, günəş ilindəki günlərin sayına bərabər olaraq 365 pillədən ibarətdir. Yaz və payızda gecə – gündüz bərabərliyində batan günəş piramidaya kölgələr salır. Bu kölgələr təməlində daşdan ilan başı olan şimal pilləkənlərinə aşağı sürünən bir ilan görüntüsü verir. Çiçen – İtsa, Amerika qitəsindəki ən böyük meydançaya sahib idi. Bu ərazidə sakinlər Kolumbdan əvvəlki Mesoamerikada məşhur olan və ritual hesab edilən top oyununu oynayırdılar.

Petra

Qədim Petra şəhəri İordaniyada qranit dağları və qayalıqları arasında ucqar bir vadidə yerləşib. Buranın Musa peyğəmbərin əsa ilə daşa vurduğu və suyun axdığı yerlərdən biri olduğu güman edilir. Sonralar ərəb tayfası olan Nəbatilər buranı paytaxt etdilər və bu müddət ərzində Petra xüsusən ədviyyatları ilə mühüm ticarət mərkəzinə çevrilərək inkişaf etdi. Tanınmış naxış ustaları olan Nəbatilər günəşin dəyişməsi ilə rəngini dəyişən qranit içərisini oyaraq yaşayış məskənləri, məbədlər və türbələr yaratmışdılar.
Bundan əlavə, onlar bağ və əkinçilik üçün əlverişli olan su sistemi də qurmuşdular. Bildirilir ki, Petranın ən inkişaf edən vaxtında 30 min əhalisi var idi. Ancaq , ticarət yolları dəyişdikcə , şəhər də tənəzzülə uğramağa başladı. Eramızın 363-cü ilində baş verən böyük zəlzələ çox çətinliklərə səbəb oldu və 551-ci ildə baş verən növbəti təkandan sonra Petra artıq tədricən tərk edildi. 1912-ci ildə yenidən kəşf edilsə də, 20-ci əsrin sonlarına qədər arxeoloqlar tərəfindən diqqətdən kənarda qaldı. Günümüzdə şəhərlə bağlı bir çox suallar hələ də cavabsız qalmaqdadır.

Maçu Pikçu

Perunun Cuzco kəndi yaxınlığındakı bu İnka ərazisi 1911-ci ildə Hiram Bingham tərəfindən “kəşf edilib”. O, buranın İspan hökmranlığına qarşı 16-cı əsrdə üsyan zamanı istifadə edilən gizli İnk qalası Vilcabamba olduğuna inanırdı. Bu iddia sonradan təkzib edilsə də, Maçu Pikçunun yaradılma məqsədini alimlər tam müəyyən edə bilməyiblər. Bingham buranın, monastırlarda yaşayaraq “Günəşin bakirələri ” (yaxud Günəşin toxunulmazları) adlandırılan qadınların evi olduğuna inanırdı. Bəzi insanlar buranın bir ziyarət yeri olduğunu düşünür, bəziləri isə kralın sığınacağı olduğuna inanır. Məlum olan odur ki, Maçu Pikçu Kolumbdan öncəki dövrə aid dağılmamış halda tapılan bir neçə qalıntıdan biridir. And dağlarının yüksək zirvələrində izolasiya olunmasına baxmayaraq, burada kənd təsərrüfatına aid sahələr, binalar, yaşayış sahələri və məbədlər yerləşib.

Xilaskar Məsih

Xilaskar Məsih, Rio-de-Janeyroda Korkovado dağının zirvəsində dayanan İsanın nəhəng heykəl tikilisidir . Onun mənşəyi I Dünya Müharibəsindən sonraya, bəzi braziliyalıların “tanrısızlıq axınından” qorxduqları vaxta təsadüf edir. Sonda Heitor da Silva Costa, Carlos Oswald və Paul Landowski tərəfindən dizayn edilən bir heykəl infa edilib. Heykəlin tikintisinə 1926-cı ildə başlanıb və beş il sonra tamamlanıb. Abidənin təqribən 26 fut (8 metr) hündürlüyündə olan bazası nəzərə alınmadan hündürlüyü 98 fut (30 metr) və uzanan qolları 92 fut (28 metr) təşkil edir. Bu, dünyanın ən böyük “Art Deco” heykəlidir. Xilaskar Məsih dəmir-betondan hazırlanmışdır və təxminən altı milyon plitə ilə örtülmüşdür. Bir qədər narahatedici olsa da, bu heykəl tez-tez ildırım vurmasına məruz qalıb və nəticədə 2014-cü ildə fırtına zamanı İsanın sağ baş barmağının ucu zərər görüb.

Kolizey

Romadakı Kolizey birinci əsrdə imperator Vespasianın əmri ilə tikilmişdi. Mühəndislik nümunəsi olan bu amfiteatr 620×513 fut (189×156 metr) ölçülərindədir və mürəkkəb bir sistemə malikdir. Müxtəlif tədbirlər üçün nəzərdə tutulan meydan 50 min tamaşaçı üçün uyğun idi. Ən diqqət çəkən tamaşanın qladiator döyüşləri olmasına baxmayaraq, burada heyvan döyüşləri də baş tutub. Bundan əlavə, saxta dəniz döyüşlərinin təsviri üçün bəzən Kolizey su ilə də əhatə edilib. Bununla belə, xristianların orada şirlərin önünə atılaraq öldürüldüyü inancı müzakirə mövzusu olaraq qalıb. Bəzi təxminlərə görə, Kolizeydə 500 minə yaxın insan həlak olub. Həmçinin, orada o qədər çox heyvan saxlanaraq öldürülüb ki, nəticədə bəzi heyvan növlərinin nəsli kəsilib.

Tac Mahal

Hindistanın Aqra şəhərindəki bu məqbərə kompleksi Moğol memarlığının gözəl nümunəsi olaraq dünyanın ən ikonik abidələrindən biri kimi qəbul edilir. O, 1631-ci ildə İmperator Şah Cahan tərəfindən (1628-1658-ci illərdə hökmranlıq etmişdir) 14-cü övladını dünyaya gətirən zaman vəfat edən arvadı Mumtaz Mahalın (“Saraydan seçilmiş biri”) şərəfinə tikilmişdir. İçində yansımalı hovuzu olan böyük bir bağı özündə birləşdirən kompleksin tikintində təxminən 20 min işçi çalışıb və binanın inşası 22 il çəkib. Məqbərə həndəsi formada və çiçək naxışları ilə bəzədilmiş yarı qiymətli daşları əks etdirən ağ mərmərdən hazırlanmışdır. Onun əzəmətli mərkəzi günbəzi dörd kiçik günbəzlə də əhatə olunmuşdur. Bəzi məlumatlara görə, Şah Cahan öz məqbərəsinin qara mərmərdən olmasını arzulayırdı. Ancaq bu işə başlamazdan əvvəl oğullarından biri tərəfindən taxtdan endirildi.
 

Dünyapress TV

Xəbər lenti