Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova olub.
O, atasının, babasının vaxtilə deportasiya olunduğu Dərələyəz mahalının Keşişkənd rayonunun Çivə kəndindən söhbət açıb. Qeyd edib ki, azərbaycanlıların yaşadığı bu kənd 1918-1920-ci illərdə erməni daşnaklarının silahlı hücumlarına məruz qalıb.
Tarixçi-alimin sözlərinə görə, həmin dövrdə Balo bəy Vəkilov silaha sarılaraq Abbasqulu bəy Şadlınskinin dəstəsində ermənilərə qarşı mərdliklə vuruşub, doğma kəndini, onun insanlarını qoruyub. Lakin 1948-1953-cü illərin deportasiyasında Qərbi Azərbaycanın bir çox yaşayış məntəqəsinin sakinləri kimi, Çivə kəndinin əhalisi də Azərbaycanın aran zonasına köçürülüb.
Bu məcburi köçürülmə prosesində insanların mülkiyyət, təhlükəsiz və rahat yaşamaq, həmçinin digər hüquqları kobud şəkildə pozulub. Bir çox soydaşımız müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Sağ qalanlar isə evlə təmin edilmədikləri üçün yeraltı qazmalarda, palçıqdan, qarğıdan tikilmiş daxmalarda yaşamağa məhkum olublar.
Müsahib vurğulayıb ki, SSRİ rəhbəri İosif Stalinin ölümündən sonra doğma el-obasına qayıdan soydaşlarımız XX əsrdə növbəti dəfə 1988-ci ildə deportasiyaya, fiziki-mənəvi işgəncələrə məruz qalıblar. Həm qaçqına, həm də məcburi köçkünə çevrilən Qərbi Azərbaycan sakinləri böyük faciələrlə üzləşiblər. Alimin fikrincə, Qərbi Azərbaycanda elə bir ailə yoxdur ki, erməni vəhşiliyinə məruz qalmasın.
L.Calalova deyib ki, tarixi torpaqlara qayıtmaq hər bir Qərbi azərbaycanlı üçün böyük arzudur. Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra bu arzuya çatmaq ümidi daha da artıb. Tarixçi-alim rəhbərlik etdiyi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaranmasından, fəaliyyətindən, görülən işlərdən də söhbət açıb. Deyib ki, bu Mərkəzdə qorunan hər bir eksponat tarixdir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.