SƏSİNİZİ KƏSİN, GÖRƏK BU İT UŞAĞI BURA NİYƏ GƏLİB?! - Aqil ABBAS yazır
Rəşad Məcidlə şəhəri gəzirik. Bu mənim 38 il əvvəl gördüyüm səliqəsiz-səhmansız Laçın deyil. Camaatı daşdan çörək çıxarmağı bacarsa da, şəhərin üzündən bir kasıblıq, fağırlıq yağırdı. Yaraşıqlı, ikimərtəbəli evlər çox olsa da, amma ümumiyyətlə, şəhər yöndəmsiz və səliqəsiz idi.

İndi maşallah, əvvəl də qeyd etdiyim kimi, Laçın İsveçrənin abad bir dağ qəsəbələrinə oxşayırdı. Şəhər çox zövqlə tikilmişdi. Köhnə evlər də zövqlə bərpa olunmuşdu, küçələr də geniş və işıqlı.

Laçın quşu qartallar fəsiləsinə daxildir. Çox ucadan uçur. Ona görə də Laçının quşqonmayan dağlarına Laçın dağları deyirlər. Şəhər də onun döşündə salınıb.

Sovet vaxtı uzun müddət rəhmətlik Muradxan Cabbarov rəhbərlik edib Laçına, müstəqillik illərimizdə də bir müddət şəhər ona tapşırılmışdı.

Muradxan müəllim Laçın camaatının xarakterinə çox yaxşı bələd idi. Özü də məmə yeyəndən, pəpə deyənədək hamını adıyla tanıyırdı. Təkcə Laçında yox, bölgədə hörmət-izzət sahibi idi.

Hansı kənddə nə itsə, nə oğurluq olsa camaat milisə yox, Cabbarova müraciət edərdi. Rayonda baş verən bütün hadisələrdən dəqiq xəbəri olan Cabbarov mütləq o itiyi tapdırıb sahibinə qaytartdırardı.

Bir kəndə görüşə gedib, camaat yığışıb başına, hal-əhval tutur. Bir nəfər qayıdır ki, yoldaş Cabbarov, iki gündür mənim atımı oğurlayıblar.

Cabbarov gülür və üzünü kəndlilərdən birinə tutub deyir:

- Həsən, bu ağsaqqalın atını oğurlayıblar, bax gör neynirsən?!

Gecəynən atı gətirib bağlayırlar kişinin həyətinə.

Cabbarov yaxşı bilirdi ki, bu kənddə at oğrusu kimdi.

Mərkəzi Komitədən bir şöbə müdiri gəlir, Cabbarov onu ucqar kəndlərdən birinə görüşə aparır. Və camaata da deyir ki, nə probleminiz varsa söyləyin, bu yoldaş həll edəcək.

Hərə bir təklif verir, Mərkəzi Komitədən gələn də hamısını dəftərçəsinə qeyd edir.

Kəndin ağsaqqalı Məmməd kişi:

- Yoldaş Cabbarov, bir təklif də mənim var.

- Buyur görək.

- Bilirsiniz, bizim kənddə məktəb yoxdur. Uşaqlar məcbur olub aşağı kənddəki məktəbə gedir. Burdan da ora təxminən iki kilometr yoldu. Bunun qışı var, yağışı var, qarı var, çox əziyyət çəkirlər. Xahiş edirəm, bizim kənddən həmin məktəbə qədər bir naves qursunlar, uşaqlar palçığa batmasın, təpələrinə yağış döyməsin.

Cabbarov:

- Məmməd kişi, elə bir təklif ver ki, düzəltmək mümkün olsun də.

- Guya o biri yazdıqlarını düzəldəcək ki? Dedim mən də bir təklif verim, camaatdan geri qalmayım.

İclasların birində bir kolxoz sədrini Katib möhkəm danlayır və deyir, dur rədd ol kəndə, işləri düzəlt.

Kolxoz sədri dilxor-dilxor iclasdan çıxır, üz tutur kəndə. Yolda maşını saxladıb düşür, hirsini Katibdən çıxmaq istəyir, pəşosu ilə katibin familiyasını yazır, amma «ov»a çatanda pəşosu qurtarır.

Sürücünü çağırır ki, düş «ov»u da sən yaz.

Sürücü:

- Sədr, başına dönüm, katib mənim xəttimi tanıyır, verim sən yaz.

Cabbarovun oğlu Raufla universitetdə bir oxuyurduq. O da atası kimi səmimi, zarafatcıl, xoşxasiyyət bir oğlanıydı. Onun da atası kimi vuran əli vardı.

Rəşada deyirəm ki, bir çayxana tap çay içək. Yenirik aşağı, böyük bir çadır qurulub və burda çay, qəhvə, su verilir, ayaq üstə. Adam da çoxdu, bir stolun arxasına keçirik. Qonşu stolun başına 10-15 qadın yığışıb. Biz keçəndə bir-birlərinə təəccüblə deyirlər:

- Buuy, az-az, bu Aqil Abbas deyil?

- Hə, yanındakı da Məmməd Arazın qızıdı.

Rəşadın dayısı oğlu İlqardan soruşuram?

- Bunlar kimdi?

- Laçın məktəbinin müəllimələri.

Sonra yığışırlar bizim başımıza. Rəşad hamısını tanıyırmış, bir-bir təqdim edir. Sonra yaxşı mənada məni tuturlar topa. Mən də yumorla, yarızarafatla suallarına cavab verirəm. Sonra məndən həm məktəbləri üçün, həm də özləri üçün kitab istəyirlər.

İlqardan xahiş edirəm gedib maşından iyirmiyə qədər kitab gətirsin. Amma müəllimələrə də deyirəm ki, avtoqraf yaza bilmirəm, inciməyin.

Sonra yenirik Həkəri çayının sahilinə.

Rəşad bir ikimərtəbəli evi göstərib deyir:

- Bu rəhmətlik Xanlar müəllimin evidi. Tanıyırdın də, rayonun adlı-sanlı ziyalılarından biri idi.

Xanlar müəllimi yaxşı tanıyırdım. Laçının, o vaxtkı dillə desək, ispalkomuydu. Sayılıb-seçilən bir ziyalıydı. Yadıma bir hadisə düşür, möhkəm gülürəm. Və həmin hadisəni danışıram.

Deməli, Ağdam teatrının aktyorları Laçına qastrol səfərinə gəlirlər. Fikirləşirlər ki, saat 6-da tamaşanı başlayıb 8-də bitirərlər və gecə saat 10-da da rahat gəlib çatarlar Ağdama, evlərinə-eşiklərinə. Amma onların planladığı kimi olmur, zalda bir səs-küy var ki, tamaşanı saat 6-da başlaya bilmirlər.

- Ə, Vəli, mənim yanımda yer var, gəl bura.

- Həsən, qoyunları küzəyə ala bildin?

- Gələn Şur ansamblıdı?

- Yox, ə, teatr çıxaracaqlar.

- Şur ansamblı gəlməyibsə bizi bura niyə yığıblar?

Səs, küy, aktyorlar nə qədər edir camaat sakitləşmir. Xanlar müəllim də oturub birinci sırada. Aktyor Tofiq Qarayev üzünü tutur Xanlar müəllimə, deyir:

- Ağsaqqal, saa qurban olum, dur bu camaatı sakitləşdir, tamaşamızı göstərək, qayıdaq evimizə-eşiyimizə, uzaq yoldu.

Xanlar müəllim çıxır səhnəyə, üzünü tutur zala:

- Ə, Məmməd, otur aşağı da, altında qoz qabığı qalıb? Əli, sakit otur.

Birtəhər camaatı sakitləşdirmək istəyir, axırda əsəbləşib deyir:

- Ə, səsinizi kəsin, görək bu it uşağı bura niyə gəlib də?!

Tofiq Qarayev deyirdi ki, birtəhər tamaşanı başladıq, arada Xanlar müəllimin sözü yadımıza düşürdü, gülmək bizi tuturdu.

Tamaşadan sonra Xanlar müəllim ağdamlıları buraxmayıb, gözəl bir məclis təşkil edib, sonra da deyib ki, hamınız qalacaqsız Laçında, səhər özüm sizi yola salacam.

Səhər də aktyorlara yaxşı pul verib yola salıb, bir sözlə, könüllərini alıb.

Bir ağdamlı Laçının bir kəndinə dostugilə qonaq gəlir. Gecə yaxşı yeyib-içirlər. Səhər ağdamlı deyir ki, bəlkə bir ayı ovuna çıxaq?

Dostu razılaşır. Silahlanıb çıxırlar meşəyə, ayı axtarırlar. Qəfildən qarşılarına bir ayı çıxır. Ayını görən kimi laçınlı başlayır üzüaşağı kəndə tərəf qaçmağa. Ağdamlı görür ki, laçınlı götürüldü bu da düşür onun dalınca. Bir az qaçdıqdan sonra fikirləşir ki, əlimdə tüfəng, niyə qorxub qaçıram və çevrilib ayının qaşqasını verir gülləyə, ayı aşır. Laçınlı qayıdır, üz-gözünün tərini silə-silə deyir:

- Ə, sən neynədin?

- Qaqa, neynədim ki, ayını vurdum da. Ayı ovuna çıxmamışıq?

Laçınlı:

- Səfehin biri səfeh, mən ayını kəndə çatanda vuracaqdım. İndi özün bu leşi daşı kəndə.

Mən Laçın camaatının xarakterindən «Camış bağa girdi, gəl» adlı bir hekayə yazmışam və laçınlıların xarakterini bu hekayədə az-çox aça bilmişəm. Ərinmirsizsə, oxuyun. (bax: «Camış bağa girdi, gəl»).

Yenirik Həkəri çayının sahilindəki Sus kəndinə. Evlərin qabağında yük maşınları var. Camaat yük maşınlarından ev əşyalarını daşıyırlar, təzə köçənlərdi. Sus gözəl bir kənddi, belə demək mümkünsə, ölüb-qalmalı kənddi.

Çayın kənarında səliqəli bir restoran tikilib. Bizi restoranın sahibi İsgəndər kişi qarşılayır. Rəşadla görüşüb öpüşür:

- Seyid, xoş gəlmisən.

Restoranda qələbəlikdi. Məlum olur ki, Türkiyədən bir qrup iş adamı da burdadı. Onlarla da görüşürük. Azərbaycanda vaxtilə Türkiyənin böyük elçisi işləmiş, Turan sevdalısı Hülusi Kılıç rəhbərlik edir qrupa. Birdən gözüm ucaboylu bir kişiyə sataşır, o da məni tanıyır. Bir-birimizi bağrımıza basırıq. Vaxtilə Iqdır vilayətinin bələdiyyə başqanı işləmiş Nurəddin bəydi.

Rəşad Məcidlə və bir qrup jurnalistlə Iqdırda Nurəddin bəyin bir neçə gün qonağı olmuşuq. Özü də Aşura gününə təsadüf edirdi. Qəbiristanlığın yaxınlığında bir meydanda Aşura keçirirdilər, bəlkə on min adam vardı. Üç yerdə teatr göstərirdilər, yəni şəbeh çıxarırdılar. Mən ilk dəfəydi ki, belə bir qeyri-adi, maraqlı, insanı riqqətə gətirən şəbeh görürdüm.

Nurəddin bəydən soruşuram:

- Fatma xanım necədi?

- Fatma xanım yadından çıxmayıb?

- Elə bir zabitəli xanımı yaddan çıxarmaq olar?

Başa düşür nə deyirəm, gülür və deyir:

- Arvaddan qorxmayan kafirdi.

Nurəddin bəyin iki metrə yaxın boyu var. Xanımının boyu isə uzaqbaşı 1.60-dı. Hiss edirdim ki, Nurəddin bəy Fatma xanımdan çəkinir.

İsgəndər bəy böyük bir süfrə açdırır və türk qardaşlarımızla bir süfrə arxasında otururuq.

İsgəndər bəy deyir:

- Kabab qurbanlıq qoyundandı.

Yəni demək istəyir ki, içki olsmayacaq.

Vallah, burda bir söhbət başlayır ki, Azərbaycan-Türkiyə dostluğundan, sayın İlham Əliyevlə sayın Ərdoğanın dostluğundan, Turandan, Turançılıqdan, millətçilikdən, İkinci Qarabağ savaşındakı zəfərimizdən… gəl görəsən. İçkisiz sağlıqlar deyilir. Sonra süfrəyə Həkəri çayının 38 ildir həsrətində olduğumuz balıq verilir. Bu balıq deyil ey, baldı, sadəcə olaraq «ıq» şəkilçisi var.

Və təbii ki, İsgəndər bəy hesabı almır:

- Hamınız mənim qonağımsınız.

Zarafatla deyirəm:

- İsgəndər kişi, onda axşamüstü də gələ bilərik?

- Nə vaxt könülünüz istəsə. Hesabınız bu rayonu azad edən, bizə bu şəraiti yaradan hörmətli Prezidentimiz tərəfindən ödənilib.

Yenirik çayın sahilinə. İradə atasının şeirini oxuyur:

Min illərdir Araz belə, Həkəri belə…

Ardını yaxın günlərdə oxuyacaqsınız.
 

Dünyapress TV

Xəbər lenti