Azərbaycanda məktəb binası boşaldılır -
Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib.

Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur.

Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub.

Məlumata görə, məktəb binasına bitişik ərazi Yaqut Tofiq qızı Məmmədova tərəfindən alınıb. Və iddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib.

Musiqi məktəbində yaranmış vəziyyət valideynləri də narahat edib. Onlar məktəbin fəaliyyətini dayandırmasını və ya başqa yerə köçürülməsini istəmirlər.

Məsələyə münasibət bildirən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də, məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb.

İdarə rəisinin sözlərinə görə, qısa müddətdə məktəbin balansında olan musiqi alətləri və digər əşyalar yaxınlıqda olan başqa bir binaya köçürüləcək: “Məktəbin fəaliyyətinin dayandırması məsələsi ümumiyyətlə, gündəmdə deyil".

Qeyd edək ki, məktəbin binası ötən əsrin əvvəllərində tikilib. Musiqi məktəbi həmin binada 50-ci illərdən fəaliyyət göstərir. Köhnə sənədlərə əsasən musiqi məktəbinin binasına bitişik tikilinin də mədəniyyət şöbəsinin balansına verilməsi qərara alınsa da, qərar təsdiqini tapmayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti