DİLİMİZ  MİLLİ  KİMLİYİMİZDİR
Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir.
Dilimizin varlığı xalqımızın milli varlığının göstəricisidir. Vaxtı ilə M.Ə.Rəsulzadə “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü (simasını-I.V.) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Çünki dil həmən millət deməkdir”.
Milli kimliyimiz olan Azərbaycan dili nənə və babalarımızın bayatıları, nağıl və dastanları, Oğuz elinin müşküllərini həll edən Dədə Qorqudun, dediyindən dönməyən Nəsiminin, dərdli Füzulinin, məğrur Xətainin, gözəllik aşiqi Vaqifin, Aşıq Ələsgərin, filosof-dramaturq M.F.Axundzadənin, böyük demokrat M.Cəlilin, “ağlar-güləyən” M.Ə.Sabirin, Ə.Cavadın, M.Müşviqin, S.Vurğunun, M.Arazın, M.H.Şəhriyarın və onlarla başqalarının ölməz söz-sənət əsərləri ilə şərbət kimi şirinləşmiş, göz yaşı kimi durulmuş, yad təsirlərdən qorunmuş və kamil bir dilə çevrilmişdir. Ulu öndərimiz H.Əliyev ana dili haqqında danışarkən, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm! – deyirdi.
Respublikamızda dil siyasətinin formalaşdırılması, dilimizin hərtərəfli tərəqqisi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndərin misilsiz xidmətləri olub. H.Əliyev ölkəyə rəhbərlik etdiyi bütün illər ərzində əzəmətli dövlət işləri ilə yanaşı, Azərbaycan dilinin inkişafı, tətbiqi sahələrinin genişləndirilməsi uğrunda mübarizə aparmışdır. Dilimizin həqiqi mənada, praktiki olaraq dövlət dili statusu qazanması da ulu öndərin səyləri nəticəsində mümkün olmuşdur. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə böyük tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Heydər Əliyev dühası ilə ana dilimiz həm ölkəmizdə, həm də xaricdə diplomatik dil səviyyəsində ən yüksək zirvəyə çatmışdır.
Əsası ulu öndər tərəfindən qoyulmuş dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, indi ana dilimiz dinyanın inkişaf etmiş, qədim yazı ənənələri və sabitləşmiş ədəbi normaları olan dövlət dili statusuna malik nüfuzlu dillərdəndir.
Azərbaycan dili müxtəlif dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Əsrlər boyu dilimiz nəinki azərbaycanlılar, bütün Qafqazda yaşayan xalqlar arasında əsas ünsiyyət vasitəsi olmuşdur. Təsadüfi deyil ki, böyük rus şairi M.Y.Lermantov XIX əsrdə Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək bir o qədər vacibdir.
İndi dünyanın 90-a yaxın ölkəsində əlli milyondan çox insan Azərbaycan dilində danışır. Bu dil həm də ölkəmizdə yaşayan azsaylı xalqların ikinci ana dili kimi işlənir. Bu isə o deməkdir ki, Azərbaycan dili dünya azərbaycanlılarının həmrəyliyi və milli birliyinin sarsılmaz təməlinə və simvoluna çevrilmişdir.
Bu gün Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi olaraq qalmır. Fəxr etməliyik ki, doğma dilimiz indi beynəlxalq statusu almış dünya dilləri ilə bir sırada yüksək diplomatik məclislərdə səslənir, komputer sistemində istifadə edilir, internet səhifələrində oxunur. Dünya ədəbiyyatının inciləri dilimizə uğurla tərcümə edilir, xarici vətəndaşlar Azərbaycan dilini öyrənirlər. Bu arada qeyd etmək istərdik ki, xaricilərin dilimizi öyrənmələrinə kömək məqsədi ilə “Azərbaycan dilinin qloballaşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da qeyd olunduğu kimi, Azərbaycan dilində daha çox internet resurslarının və onlardan daha geniş istifadənin təmin edilməsi üçün yeni internet texnologiyalarının yaradılmasına diqqət daha artırılmalıdır. Maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqistik texnologiyaların yaradılması və inkişafı müntəzəm xarakter daşımalıdır.
Tədqiqatlar göstərir ki, beynəlxalq səviyyəli dillərin nüfuzunun güclənməsi, coğrafiyasının genişlənməsi, funksiyalarının çoxalması; elm, texnologiya, sürətli iqtisadi inkişaf, siyasi üstünlük və qloballaşma yerli dillərin tənəzzülünə, inkişafdan qalmasına səbəb olur, onlar tədricən öz statuslarını itirirlər. Universal kommunikasiya vasitələrinə və bütün insanlıq üçün ümumi dilə tələbatın artması da bu prosesləri gücləndirir. Bu baxımdan qloballaşmanın dünyanın dil mənzərəsinə təsiri aydın surətdə müşahidə edilməkdədir. UNESCO-nun verdiyi məlumata görə, yuxarıda qeyd etdiyimiz səbəblərdən artıq dünyada mövcud olan dillərin 40 %-i yox olmaq təhlükəsi altındadır.
Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin bu gün qorunmağa və möhkəmlənməyə daha çox ehtiyacı var. Prezident İ.Əliyev 1918-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.
Bəli, indi əsas məsələ milliliyi saxlamaqla, ana dilinin varlığını qorumaqla dünyaya inteqrasiya etməkdir. Düzdür, dilimiz dövlət səviyyəsində prioritet siyasətin tərkib hissəsi olan dil siyasəti çərçivəsində əhəmiyyətli dərəcədə qorunur. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı və dil siyasəti sahəsində qəbul olunmuş digər normativ hüquqi aktları xatırlamaq kifayətdir. Amma Azərbaycan dilinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməsi dilin qorunmasının bir tərəfidir. Digər tərəfi isə, dil daşıyıcılarının özlərinin dil siyasətinin həyata keçirilməsinə təkan verməsidir. Dilin qorunması dövlətin dil siyasəti ilə başlayır və dil daşıyıcılarının ona riayət etməsi ilə tamamlanır. Dilin qorunması, zənginləşdirilməsi və inkişag etdirilməsi mövqeyindən, peşə və ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin işidir. M.Ə.Rəsulzadə yazırdı: “Bu qədər bir əhəmiyyətə malik olan dilin mühafizəsi bittəb (təbii olaraq-İ.V.) dil sahiblərinə ən çox lazım olan şeylərdən biri, bəlkə də, birincisidir”.
Görkəmli şairimiz B.Vahabzadə dil daşıyıcılarının qarşısında duran həmin vəzifəni poetik şəkildə belə ifadə edirdi:

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

Ü.Hacıbəyov yazırdı ki, "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı , o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir".
Əgər biz dilimizin həmişə var olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin dediyi kimi, “...onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik (hesab etməliyik-İ.V.)”.
Təəssüf ki, bu gün öz ana dilini bəyənməyən, yersiz olaraq əcnəbi sözlərlə dilimizi zibilləyənlərin sayı artmaqdadır. (Q.Məhərrəmli son 15-20 ildə təkcə mediada işlənən, çoxu “gözləmə rejimi”ndə olan alınma sözlərlə bağlı yazdığı izahlı lüğətdə ümumilikdə 2200-dən çox xarici leksik vahid qeydə almışdı.) Son illər hətta məişət səviyyəsində yerli-yersiz əcnəbi dillərdən alınmalara yol verilir. Televiziya və radio kanallarında, mətbu nəşrlərdə, reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması adi hala çevrilib, əcnəbi sözlər və ifadələr göz çıxarır. İngilis dili bilməyən sahibkarlar belə öz dükanlarının, ofislərinin və istehsal etdikləri bəzi məhsulların adlarını ingilis dilində yazırlar. Acınacaqlısı odur ki, bunların içərisində çoxlu “ziyalı”lar da var.
Vaxtı ilə “Molla Nəsrəddin”in səhifələrində amansız tənqid olunan bu “obrazovonlulara” ulu öndərin bir öyüdünü xatırlatmaq istərdik: ”Öz dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin”. Bizim “obrazovonlular” anlamalıdırlar ki, dil hər bir kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən anamızın dilidir. Atalar demişdir: ”Dilini bilməyən anasını tanımaz”. Böyük Üzeyir bəy ana dilini bilməyənləri “zavallı”, ulu öndərimiz isə “şikəst adamlar” adlandırırdı. Nə qədər haqlı və sərrast deyilmişdir !
Şair T.Bayram öz ana dilini sevməyən və bilməyənlərə “nankor və nacis deyir". Biz isə onları milli kimliklərindən imtina edib, xarici ölkə vətəndaşlığını qəbul edən, “yad dildən pay umub dilənənlərə” bənzədirik. Rus yazıçısı Paustovski haqlı olaraq qeyd edirdi ki, öz Vətəninə həqiqi məhəbbət öz doğma dilini sevmədən mümkün deyil.
Bu da bir həqiqətdir ki, bu gün bəzi vəzifə sahibləri, imkanlı adamlar ana dilində danışmağı özlərinə və övladlarına rəva bilmir, balalarının təlim-tərbiyəsini hətta xaricdən dəvət olunan əcnəbilərə etibar edirlər. Uşaqlarının ana dilində yox, ancaq xarici dillərdə (əsasən ingilis dilində) təhsil almasını istəyirlər.
Zənn edirəm ki, belələrinə böyük rus pedaqoqu K.D.Uşinskinin aşağıdakı sözlərini xatırlatmaqda yarar var: “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!”
M.Ə.Rəsulzadəyə görə də, yad dildə təlim-tərbiyə verilən məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən yad əxlaqlı bir insana çevrilir. Belələri hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq, yad meyillərə uyacaq, öz nicatlarını yad ölkələrdə axtaracaqlar.
Dilimizin təəssübkeşlərindən şair B.Vahabzadə isə belələrini nəzərdə tutaraq yazırdı:

Bir vaxt rusca idi bütün reklamlar.
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.

Əlbəttə, xarici dilləri öyrənmək lazımdır. Artıq qloballaşan dünyada ikidillilik (çoxdillilik) zərurətə çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis dilidir. İngilis dilində, yaxud başqa dillərdə danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik olurlar.
Tədqiqatlar göstərir ki, çoxdilliliyin bir sıra üstün cəhətləri vardır. Filologiya üzrə fəlsəfə doktoru, dosent E.Əliyeva özünün “Ana dili və çoxdillilik problemləri” məqaləsində bu barədə yazır: “Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.
Çoxdillilik beynin inkişafına təkan verir, düşünmənin çevikliyini artırır. İnsanda özünəinam hissi artır. Təcrübə göstərir ki, insan hansısa xarici vətəndaşla onun öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət enerji alır, inamlı olur.
Çoxdilli insan tanış olduğu mədəniyyətlərin təsiri altında daha kreativ düşünür. Ünsiyyət dairəsinin genişlənməsi ilə insan öz həyatını rəngarəng edir. Stressi azalır, onun məhsuldarlığı artır.
Psixoloqlar da hesab edirlər ki, uşaq ana bətnində eşitdiyi, duyduğu dili daha tez və asan öyrənmiş olur. Bu səbəbdən də ana dilini öyrəndikdən sonra, yəni dil inkişafının ikinci mərhələsində xarici dilə keçid etmək tövsiyə olunur”.
Çoxdilli cəmiyyətdə fikri asan ifadə etmək ünsiyyətdə başlıca şərtdir. Bu zaman əsas komponent ana dili, ikinci komponent isə digər dil hesab olunur.
Hər bir azərbaycanlının orta təhsilini ana dilində almasını məsləhət görən şair B.Vahabzadənin də dediyi kimi, xarici dilləri yaxşı öyrənməyin yolu ana dilini yaxşı bilməkdən keçir. Onun fikrincə, ana dilinə əsaslanan ikidilli təhsil yerli dillərdə danışan əhali qruplarının dil öyrənməyə çıxışını asanlaşdırır. Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. Çünki doğma dilini yaxşı bilən kəs öyrənmək istədiyi xarici dili ana dili ilə müqayisəli və qarşılqlı şəkildə öyrənir və faktiki olaraq daha yaxşı dərk edir.
Bir daha təkrar edirik ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Xarici dillər ana dilinin nüfuzuna xələl gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan öyrənilməli, ölkə daxilində heç bir sahədə praktiki olaraq ana dilindən üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir.
Görkəmli dövlət xadimi və şair Ş.İ.Xətai demişdir: ”Ərənlərimiz bizə üç əmanət qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz.” Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun saflığını qorumaq hər bir vətən övladının qeyrət və namus borcudur. Torpağımız kimi ana dilimizi də işğaldan qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. Qloballaşma şəraitində ana dilimizdən zamanın tələblərinə uyğun istifadə etməli, ədəbi dilin normalarını ciddi surətdə gözləməli, gənc nəslə milli dil sevgisini təlqin etməliyik. Çunki dilimizin yaşaması xalqımızın, tariximizin, milli varlığımızın və milli kimliyimizin yaşaması deməkdir.

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Dünyapress TV

Xəbər lenti