B.VAHABZADƏ HAQQINDA OĞUZLA BAĞLI XOŞ BİR XATİRƏ
Xalq şairi B.Vahabzadə Oğuzun (keçmiş Vartaşenin) təbiətinə və insanları ilə görüşə xüsusi maraq göstərirdi. Oğuzlular da böyük şairin bədii yaradıcılığına və içtimai-siyasi fəaliyyətinə yüksək qiymət verirdilər.
Oğuzun Kərimli kəndində anadan olmuş, Şəki rayon partiya komitəsində II katib vəzifəsində işləmiş və Şəki Rayon Sovetinin deputatı olmuş, B.Vahabzadə ilə şəxsən dostluq edən 20 yanvar şəhidi İzzət Həmidov bu sətrlərin müəllifinə söyləyirdi ki, şair bir neçə dəfə Oğuzda onun qonağı olub. Məclisdə iştirak edənlər onun söhbətlərinə qulaq asmaqdan yorulmazmışlar. Şairin özü də insanlarla ünsiyyətdən zövq duyarmış. Söhbət uzanar və saatlarla çəkərmiş.
Yadımdadır, 1995-ci ilin oktyabr ayı idi (Təəssüf ki, dəqiq gün yadımda qalmayıb). Rayona xəbər yayılmışdı ki, Oğuz şəhərində 80 saylı Oğuz-Şəki-Mingəçevir-Yevlax seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş şair B.Vahabzadə ilə seçicilərin görüşü keçiriləcəkdir.
Şairlə görüş yerinin müəyyənləşdirilməsi isə problemə çevirlmişdi. Digər deputatlığa namizədlərlə görüşlər 80-100 nəfərlik zalda keçirilərdi. Amma B.Vahabzadə ilə ilə görüşdə iştirak etmək istəyənlərin, iştirak etməkdə təkid edənlərin sayı o qədər çox idi ki, görüşün qapalı məkanda keçirilməsi qeyri-mümkün olmuşdu.
Çox götür-qoydan sonra deputatlığa namizədlə görüşün açıq havada – Oğuz şəhərindəki “Azərbaycan” kinoteatrının qarçısındakı meydanda keçirilməsinə qərar verilmişdi.
Görüşün başlanmasına bir saatdan çox vaxt qalmasına baxmayaraq artıq meydan insanlarla dolmuşdu. Gələnlərin isə ardı-arası kəsilmirdi. Şairin gəlməyini gözləyən adamlar dəstə-dəstə toplaşıb, onun içtimai-siyasi fəaliyyətindən, əsərlərindən söhbət acır, mübahisə edir, öz fikirlərini bildirir, əsərlərindən nümunələr söyləyirdilər. (Ədalət naminə deyək ki, toplananların içində şairdən maddi köməklik umanlar da vardı.)
Nəhayət, görüş başladı. Çıxış edənlər B.Vahabzadənin - deputatlığa namizədin həyat və fəaliyyəti haqqında danışır, onun içtimai-siyasi fəaliyyətini yüksək qiymətləndirir və hamını şairə səs verməyə çağırırdılar. Əslində görüş siyasi məcrasını dəyişərək qüdrətli bir sənətkarla görüşə, el bayramına çevrilmişdi. Çıxış edənlərin çoxu öz çıxışını hörmətli şairimizin şeirlərindən bir parça söyləməklə başa çatdırırdılar.
Tədbirin sonunda Xalq şairi çıxış etdi. Həmin görüşün canlı şahidlərindən biri AYB-nin və Jurnalistlər İttifaqının üzvü, rayonda çıxan “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” əsərində şairin çıxışını bu cür qeydə almışdı: “- Əziz və hörmətli oğuzlular! Adətən deputat seçiciləri ilə görüşdə öz platformasından danışır. Neçənci dəfədir ki, deputat seçilmək üçün mənim namizədliyim irəi sürülür. Mən heç vaxt platformam haqqında danışmamışam. Mənim plarformam mənim şeirlərimdir. Kim mənim platformamla tanış olmaq istərsə, kitablarımı vərəqləsin. Mən millətim üçün necə çalışmışamsa, bundan sonra da elə çalışacam… Məni deputat seçsəniz də sağ olun, seçməsəniz də. Mən xalqıma yenə də əvvəlki kimi xidmət edəcəyəm”.
Xalq şairinin sözləri sürəkli alqışlarla qarşılandı. Sonra seçicilərin yanına gələn şairlə onların arasında bir saata yaxın çəkən səmimi söhbətlər başlandı.
Görüşdən ayrılanların hamısının üzündən görkəmli şairin deputat seçilməsinə razılıq ifadəsi duyulurdu.
B.Vahabzadə böyük səs çoxluğu ilə deputat seçildi. Beş il bizim rayonun deputatı oldu. Biz bundan qürur duyduq, bununla fəxr etdik və deputatımızdan çox razı qaldıq.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF
 

Dünyapress TV

Xəbər lenti