“Kimdə nə yoxdursa ondan danışır, efirdən tərbiyə verir...
“Sosial şəbəkələrdə reytinq xatirinə sənətkarlarımızdan istifadə etmək olmaz. Özü də onlar elə-belə sənətkar olmayıblar. Onlar belə edəndən sonra gələcək nəsil nə etməlidir?! Biz özümüzünkünə dəyər verə bilmirik. Ona görə də bir əcnəbi ordan çıxıb, sənətkarımızı lağa qoyub, paylaşım edir. Bir də görürsən ki, indiki gənc müğənni ilə o vaxtın xanəndəsinin görüntülərini yanaşı paylaşıb fərqləndirirlər. Hər kəsin öz yeri var, amma o sənətkarlardan bir də olmayacaq. Bunu dərk etmək lazımdır. Bəzi gənclərimiz var ki, həddindən artıq özlərindən razıdır. Əlbəttə ki, bu hamıya aid deyil. Görmürlər, görmürlər birdən görəndə, bolluğa, pulun içinə düşəndə özləri-özlərini tanımırlar. Mən bu günki gündə də özümdən böyük sənətkar görəndə ayağa qalxıram, özüm ona salam verirəm. Heç bəlkə də o sənətkar məni sevmir, amma ona hörmət etmək mənim borcumdur. Gənclərin bir çoxunda bu dəyərlər itib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.

“Gənclərə yer verməyimin üstündə sənət yoldaşlarım tərəfindən qınaqa məruz qalıram. Dəstək olduqlarım heç öz tələbələrim də deyil. Çəkdiyim əziyyətləri istəmirəm ki, onlar da yaşasın. Vaxt olub ki, səhnəyə çıxmışam, mikrofon verməyiblər ki, mahnı oxuyum. Əlimdə mikrofon olanda mənə vaxt qalmayıb. Çox incimişəm! Düzdür sınmamışam. Daxilimdə əziyyət çəkmişəm. Elə günü bu gün də efirlərdə mikrofon üstündə dava düşür” deyə xanəndə bildirib.

Əməkdar artist efir vasitəsilə insanları qınayan məşhurlardan da danışıb.

“Böyük sənətkarımız Rasim Balayev bu günlərdə bir müsahibə verib demişdi ki, əxlaqı olmayan, əxlaqdan danışır. Bu dəqiqə efirdəki məşhurlar kimdə nə yoxdursa ondan danışır. Biz sənət adamları heç kimin şəxsi məsələlərinə qarışmamalıyıq, nə də ki, efirdən kiməsə məsləhət verməliyik. Tövsiyyəni kənarda da vermək olar, şərt o deyil kamera qarşısında kimisə təhqir edəsən. Müğənni özünü ucuzlaşdırmamalıdır. Şəxsiyyəti olan sənətkar heç vaxt efir vasitəsilə kiməsə tərbiyə vermir. Efirdən kiməsə tərbiyə, məsləhət verənlər birinci özlərini tərbiyələndirməlidir. Heç kim günahsız deyil. Həyat ağ və qara zolaqlardan ibarətdir. Bizlərə də tövsiyyə ediblər, amma efirdən kənar” deyə sənətçi bildirib.

Dünyapress TV

Xəbər lenti