Əksər hallarda sənətçilər, ələlxüsus da aktrisalar film və seriallarda öz geyimləri ilə çəkildikləri üçün etiraz edirlər. Bəzi aktrisalar məhz bu səbəbə görə ekran işlərindən imtina etmək məcburiyyətində qalır. Film və seriallarda geyim üzrə rəssam ştatı varkən, niyə sənətçi öz geyimi ilə çəkilməlidir? Geyim tapmaq problemdir yoxsa film direktorları xərcə düşmək istəmir?
Moderator.az mövzunu araşdırıb. Xalq artisti Şamil Süleymanlı bildirib ki, illər öncə öz kostyumu ilə filmə çəkildiyi üçün geyimi sıradan çıxıb.
“Vaqif Mustafayev çox ciddi sənətkardır. “Bəyin oğurlanması” filmində də ulduzların bir paradı olur göylərdə. O kinoda da bir ulduzlar paradı yaratmışdı. Filmdə öz bəylik kostyumumu geyinmişdim. Sonra elə oldu ki, o kostyumu korladılar. Ekran işində həvəslə təmizlədiyim ayaqqabı da özümün idi. Sovet dövründə belə bir şey yox idi ki, aktyor öz geyimi ilə çəkilsin. İndi dilənçi kimi deyirlər ki, gəlin öz geyiminizlə çəkilin. Sadəcə olaraq həmin filmdəki kostyum mənim xoşuma gəlməmişdi. Vaqifə bunu göstərdim ki, bəylik kostyumumdur, olar çəkilim? O da etiraz etmədi. O dövr üçün çox bahalı kostyum idi. Üstünə nəsə dağıtdılar, sıradan çıxdı. Yaxşı ki, görüntüsü filmdə qalıb” deyə sənətkar bildirib.
Xalq artisti Həmidə Ömərova bildirib ki, tarixi filmlər üçün mütləq eskizlər hazırlanmalıdır.
“Tarixi və nağıl filmlərində təbii ki, geyim üzrə rəssamlar o dövrə uyğun eskizlər hazırlayırlar, həmin eskizlər əsasında da paltarlar tikilir. Mənim çəkildiyim “Qorxma mən səninləyəm”, “Nizami”, “Məlikməmməd” filmlərindəki geyimlərim xüsusi eskizlər əsasında hazırlanıb. Müasir filmlərdə isə istisnalar olur. Yadıma gəlir, Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmində Çinarə obrazını yaradırdım, professor qızı idi. Çinarə də son dərəcə müasir geyinən xanım idi. Təbii ki, bu cür geyimləri ya mağazadan alırdılar, ya da sifariş edirdilər. Kinolarda mən belə bir problemlə rastlaşmamışam desinlər ki, öz geyimlərini geyin. Amma seriallarda olub. Çünki seriallarda aktyor çox olur. “Ata ocağı” serialında 200-ə yaxın aktyor çəkilirdi. Geyim üzrə rəssam həm o qədər aktyorun geyimini hazırlamalı idi. Ayrı-ayrı mağazalarla müqavilə bağlayıb, geyim götürülürdü. Bu geyimləri də elə istifadə etmək lazım idi ki, ləkələnməsin. Yenidən onları mağazaya qaytarmaq lazım gəlirdi. Bu da çox böyük problem idi. Bəzən eyni geyimdə yenidən çəkiliş olunmalı idi. Elə olurdu ki, həmin geyim mağazada satılırdı. Gözlənilməz hallarla da rastlaşırdıq. Ona görə də bu cür risklərlə qarşılaşmamaq üçün məcbur olursan ki, öz paltarında çəkiləsən. Çox əziyyətli işdir. Ümumiyyətlə serial çəkmək ağırdır. Toy səhnəsini çəkmək daha çətindir. 1 saat ərzində geyim üzrə rəssam toyda iştirak edən aktyorları geyindirməlidir” deyə xalq artisti bildirib.
Əməkdar artist Nahidə Orucova bildirib ki, məhz bu səbəbə görə seriallardan imtina edir.
“Titrdə yazılır ki, “geyim üzrə rəssam”.. Amma ortalıqda heç nə yoxdur. Seriala dəvət edirlər, deyirlər ki, geyin gəl. Mən niyə görə öz geyimimdə çəkilməliyəm? O illərdə heç vaxt belə hallarla üzləşməmişik. Geyimlər tikilirdi, atelyelər fəaliyyət göstərirdi. “Yük” filmində mən “Yenilməz batalyon” filmində Tamilla Ağamirovanın istifadə etdiyi paltarı geyinmişdim. Özümü xoşbəxt sanırdım, fərəhlənirdim ki, o cür aktrisanın paltarını geyinmişəm. O paltarı vaxtilə Amaliya Pənahova da geyinib. Kinostudiyanın geyim sexininin spesifik iyi var idi. Hiss olunurdu ki, yaradıcılıq gedir. Amma indi yoxdur. Heç bir seriala getmirəm. Nə qiymət verirlər, nə də qonorar” deyə aktrisa bildirib.
Gənc aktrisa Səbinə Məmmədzadə bildirib ki, yeni çəkilən seriallarda problemlər çoxdur.
“Aktyor-aktrisa öz geyimi ilə çəkilməməlidir. Bəzən də elə olur ki, geyim gətirirlər, əyninə böyük olur. Bu axı efirdə də yaxşı görünmür.. Soruşanda ki, bu nə geyimdir? O dəqiqə deyirlər ki, aktrisa kaprizlidir. Geyim rəssamı geyimi, qrim ustası qrimi bilmir. Bəzi prodakşınlar kəmiyyətə üstünlük verirlər, keyfiyyətə yox. İşdən başı çıxmayan adamları ora cəlb edirlər, iş də qalır kənarda. Düzgün etmədiyini ona xatırladanda o dəqiqə gedib şirkət rəhbərliyinə şikayət edir. Şirkət rəhbərliyi üçün də günü15 manata işləyən qrim ustası, geyim rəssamı önəmlidir. Mən bu sözlərimi hamıya aid etmirəm, əlbəttə ki, bu sahədə peşəkarlar da var, onlarla da çalışmışam” deyə aktrisa bildirib.
Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Zülfiyyə Nəzər Məmmədova bildirib ki, bu kimi hallara adətən az büdcəli layihələrdə rast gəlmək mümkündür.
“Yüksək büdcəli layihələrdə bu kimi hallara rast gəlmək qeyri-mümkündür. Elə məqamlar olur ki, aktrisaya öz geyimi ilə çəkilmək daha rahatdır, nəinki hardansa götürülmüş geyimlə. Nə gözəl ki, son illərdə paltarlar mağazalardan götürülür. Bəzən də məcburiyyətdən aktrisa öz geyimində çəkilir. Bu xoş bir hal deyil. Gündəlik geyinilən geyimi ekranda görmək xoş deyil” deyə aktrisa bildirib.