İş elə gətirdi ki, 44 günlük müharibədən - Şuşa fatehlərimizin dünyanı heyrətə gətirdiyindən az sonra Anadolu səfərinə çıxdım. Artvindən Vana, oradadan da İstanbula səfər etdik. Anadoluda durumu birlirsiniz, terror təhlükəsi var deyə, maşınlar yoxlanır. Yollardakı yoxlamalarda Azərbaycan arabası görən hərbçilər bizi generalları salamlayır kimi qarşılayırdılar. Gənc zabitlər od tökülən baxışları ilə belə "Qarabağ" deyirdilər, təbrik edirdilər.
Anadolu yollarındakı o "törən" insana özünü yalın əllə qayalara dırmaşıb Qalanı düşmən caynağından qoparmış o fəthin həmmüəllifi duyğusunu yaşadırdı.
O günlərdə İstanbuldakı durumu bilirsiniz, İstanbulun nəbzi "Azərbaycan" deyə vururdu... həmin günlərin birində son 30 ildə ilk dəfə avtobusda hay-küylü bir müzakirə getdiyini gördüm. Sanki səyyar dəyrimi masa qurulmuşdu. Qarabağın alınmasından, əskərimizin hünərindən söhbət gedirdi, 7-8 nəfər bir-birini tanımayan adam bu müzakirəyə qoşulmuşdu, ağızlardan od tökülürdü...
Sözəgəlməz duyğulardı... dinməzə oturmuşdum, pəncərədən keçdiyim yollara baxır, söhbəti dinləyir, gözlərimdən yaş axırdı...
Yenə iş elə gətirdi. 23 saatlıq Suverenlik təmizliyindən sonra Özbəkistana səfər etdik. O yerlərdə 7 il öncə də olmuşdum. Daşkənd, Səmərqənd, Buxara, Xivə, Moğolistan səfərlərimlə bağlı "Qutsal Torpaqlarda" adlı kitab nəşr etdirmişəm. İndi özümə də maraqlı gəlir: həmin kitabda çox sonralar elan edilmiş Turan Dövlətlər Birliyinin proqramına düşmüş təkliflər, "birlik, birlik" deyən çağırışlar da var... demək, çerçəkləşməkdə olan bu dönəm göydən düşməyib, türklərin yüzillər boyu damarlarında gəzdirdikləri istəklərdir...
Bu dəfəki Özbəkistan səfəri bir az da uzun çəkdi. Karakalpakistana, paytaxtı Nukusa, Aral sahillərinə qədər gedə bildik. Amudəryanın biri əskilikdə misilsiz olan iki körpüsündən keçdik.
Yollar ağırdı, Daşkənddən min kilometr geri - Xəzərə doğru, səhralara qədər getmək və geri dönmək konfort axtarışında olanlar üçün deyil. Bu dözümün qaynağı yalnız eşqdir. Eşq! Mənsub olduğun kimliyə və kültürə EŞQ... xoş halımıza...
Əvvəlki səfərdə də çox adamla söhbət etmişdim, bir dünya təssüratım, bir kitab yazım var, sual etməyi, öyrənməyi sevərəm. Elə o vaxtdan görmüşdüm ki, Özbəkistanda Azərbaycan adına sayqı var, Azərbaycanlı həm sevimli, həm də dəyərli insandı. Ölkə işlərində də yeri, mövqeyi mötərbərdi.
Lakin bu dəfə... gördüyüm heyranlıq idi, sevda idi. Rast gəldiyim hər kəs sinifindən asılı olmayaraq qələbəmizdən xəbərdar idi. Amma təkcə xəbərdar deyildi. Həm də mutlu idi. O baxışlar, o kutlamalar, o duyğular əsrarəngiz idi... duyğulandırırdı... həm də ağladırdı. Qan bahasına, can bahasına əldə edilən milli qələbə yalnız sevinc gətirmir ki. Özü ilə iztirab da, gözyaşları da gətirir...
Təsadüfən, 44 günlük və 23 saatlıq "təmizlikdən" sonraya düşmüş bu səfərlərimdə bir gerçəyi kəşf etdim: Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dərdi imiş. Bu işğal bütün Turan ellərini sarsıdıbmış, alçaldıbmış... bu haqsız itkidən kimisinin ruhu anlayaraq sarsılmış, kimisi heç özü də bilmədən qəlbi əzilibmiş bu əskiklikdən...
Bu dəfə uzaq Karkalpakda belə insanları bu konudan danışarkən mutlu gördüm. Azərbaycan deyərkən gözləri qürurla gülən gördüm...
Yəqin gördüklərim barədə ayrıca bir yazı yazacam, indi isə uzun sözün qısası:
Bu dəfə Böyük Əmirimizin belə gözləri gülürdü...
Mehriban Vezir
Teref.az