Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova “Ən yaxşı qadın aktrisa”, “İnanıram” monotamaşasının yaradıcı heyəti isə xüsusi mükafata layiq görülüb.
DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən sənətçi bu uğuru bütünlükdə Azərbaycan teatrının uğuru hesab etdiyini bildirib.
“Qırğızıstanın paytaxtı Bişkek şəhərində xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunan festivalda “İnanıram” monotamaşası ilə çıxış etdik. Biz səfərə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY-un xətti ilə dəvət olunmuşduq. 26 sentyabrda ilk tamaşamızı oynadıq. Tamaşa Ülviyyə Heydərovanın “İnanıram” pyesi əsasında Elşad Rəhimzadənin quruluşunda və mənim ifamda təqdim olundu. Təsəvvür edin, tamaşaçılar bizim teatrlardan fərqli olaraq zalda yox, səhnədə oturmuşdular. Səhnədə hardasa 300-400 oturacaq var idi. Tamaşaçıların qarşısında, çox yaxın məsafədə üz-üzə, göz-gözə çıxış etdim. Hətta 200 nəfərdən çox tamaşaçıya yer olmadı. Səhnə artıq dolmuşdu. Ayaqüstə qalanlar da var idi. Tamaşaçılar o qədər təsirlənmişdilər ki, mənimlə birlikdə onlar da eyni həyəcanı keçirirdilər. Əsərin mövzusu müharibədir, mən də şəhid anası rolunu oynayırdım. Müharibədə yeganə övladını şəhid verən ananın həyatını canlandırırdım. Mənim özüm üçün də çox ağır, çətin anlar idi. Hər dəfə bu hissləri yaşadıqca özüm haldan-hala düşürdüm. O ananın yaşadıqlarını, həyəcanını, sarsıntılarını sözlə ifadə etmək həqiqətən də çətindir. Elşad Rəhimzadə də əsərə gözəl quruluş verib. Səhnə tərtibatı həqiqətən də gözəl idi, mövzunu tamamlayırdı. Tamaşa 46 dəqiqə gedirdi. Tamaşa boyu neçə dəfə alqışlanırdım. Zəhmətimiz öz bəhrəsini vermişdi. Teatrımızın adına görə çox sevinirəm” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, oynadığı obraz əcnəbi sənətçilərin də diqqətini çəkib.
“Orada çox professional, keyfiyyətli tamaşalar nümayiş etdirilirdi. Həmin festivalda yer tutmaq, mötəbər səhnəyə qalxmaq həqiqətən də çətin idi. Biz bu qələbəni, uğuru əldə etdik. Qazaxıstan, Qırğızıstan teatrları o qədər gözəl tamaşa göstərdilər ki. Biz düşünürdük ki, qələbə asan olmayacaq. Nə gözəl ki, bizim uğurlu tamaşamız bütün münsiflər heyəti tərəfindən müzakirə edildi, hamı bəyəndi. Hətta Özbəkistanın xalq artisti olan bir xanım mənim ünvanıma bu sözləri dedi: “Baxdım, səhnəyə bir balaca qadın çıxdı. Düşünmədim ki, o böyük enerji sahibi ola bilər, böyük iş göstərə bilər. Artıq 5 dəqiqə keçmişdi.. Ağzımı açıb heyrətlə o qadına baxdım. Göz yaşlarımı saxlaya bilmirdim. Onun oyunundan çox təsirlənmişdim. O balaca qadın böyük bir iş ortalığa qoydu”. Bir də xanım aktrisalar onu qeyd etdilər ki, bu yaşda belə bir rol oynamaq hər bir aktrisanın arzusudur. Nə gözəl ki, siz bunu professional şəkildə həyata keçirə bilirsiniz, öhdəsindən gəlirsiniz” deyə aktrisa bildirib.
Aktrisa arzularından da söz açıb.
“Həm teatrda, həm də filmlərdə gözəl rollarda oynamaq, istedadlı rejissorla çalışmaq istərdim. Rejissor güclü olanda aktrisanın da işi, öz işi də görünür. Zəif rejissorla çalışmaq istəməzdim” deyə aktrisa bildirib.