Xalq artisti, tanınmış xanəndə Nəzakət Teymurova 6 il sonra yenidən Akademik Opera və Balet teatrına qayıdıb.
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, xanəndə yeni mövsümlə bağlı teatrda keçirilən iclasda yer alıb. Moderator.az-a özəl açıqlama verən xanəndə sevincli olduğunu bildirib.
“Bu ildən teatra qayıtdım. Opera və Balet teatrının rəhbəri, xalq artisti Yusif Eyvazova öz təşəkkürümü bildirirəm ki, mənə etimad göstərdi. Bilirəm ki, həm opera sənətini, həm də mənim sənətimi sevənlər üçün bu çox gözəl bir xəbər oldu. Onları opera sahəsində necə sevindirmişəmsə, bu gündən sonra da elə olacaq. Onu da qeyd edim ki, teatrın rəhbəri özü də sənətkar olduğuna görə sənət adamlarına yüksək qiymət verir. İnşallah ki, hər şey çox yaxşı olar. Hələ ki, repertuar üzərində işləmirəm, yəqin ki, rayonlara, işğaldan azad olunmuş bölgələrimizə səfərlərimiz çox olacaq. Repertuarımız hələ müəyyənləşdirilməyib. Opera sahəsi elədir ki, 2-3 aydan öncə onların planları qurulur. Teatra yeni gəlmişəm. Yəqin ki, yaxın günlərdə hansısa obrazımla tamaşaçılarımı sevindirərəm” deyə sənətkar bildirib.
Sənətkar daha sonra opera səhnəsinə gəlişini xatırlayıb.
“Bu teatr mənə çox doğmadır. Orada doğma insanlar çalışır. Mən ilk addımlarımı bu teatrda 1995-ci ildə atmışam. İlk rolum Leyli olub. Uğurlarımın, tamaşaçılarımın hamısını oradan qazanmışam. Mənim üçün bu səhnə çox doğa və müqəddəsdir. O səhnə ilə dünyanı gəzmişəm. Hər zaman çalışmışam ki, böyük sənətkarların davamçısı olum” deyə sənətkar bildirib.
Sənətkar teatrdan uzaqlaşmasının səbəbini də açıqlayıb.
“Teatrdan öz ərizəmlə getmişdim. Bu iş mənim xanəndəliyimin profili idi. Teatrda bu illər ərzində baş rolları ifa edib, xarici ölkələrdə sənətimi təmsil etmişəm. Bu səhnə məni yenə də öz cilovuna aldı. Yad bir yerə qayıtmamışam. Direktorumuz Yusif müəllim iclasda da qeyd etdi ki, çox gözəl tamaşalar olacaq. Tamaşalarımız həm də dünya ölkələrində təbliğ olunacaq” deyə xalq artisti bildirib.