8 uşaqlı ailənin sonbeşiyi Borçalının ucqar dağ kəndindən Bakıya gəldi, ADU-nun tarix fakültəsinə daxil oldu, birinci kursdan sonra hərbi xidmətə getdi, bir müddət sovet hökümətinin "ət maşını" Əfqanıstanda oldu, qayıdıb təhsilini dövrünün sanballı təhsil ocağı olan Leninqrad Dövlət Universitetinin tarix fakültəsində davam etdirdi, 1990-cı ildə Bakı Dövlət Universitetinin müəllimi kimi işə başladı, bir parça çörək və ailəsini dolandırmaq üçün hazırlıq kursunun birindən çıxıb o birisinə tələsdi, 8 saatlıq iş gününü 5 yerə böldü, mühazirələrində, dərslərində bütün streotipləri dağıtdı, tələbələrinin sevimlisinə, dostuna çevrildi, hələ imkan tapıb islama qədərki tarix sahəsində dissertasiya yazdı, Abşeronun ucqar bir kəndində 1 sot yarımlıq torpaqda yurd saldı, hər tanınan, vəzifəyə yüksələn tələbəsilə fəxr etsə də heç nə üçün ağız açmadı, bir dəfə görüşən adam "bizim müəllim" dedi, 3 ləyaqətli, milli düşüncəli övlad böyütdü, minlərlə yeniyetməyə, tələbəyə milli düşüncə aşıladı, türk tarixi deyiləndə birinci yada düşdü, təhsil sistemimizdə ilk dəfə "Antropologiyanın əsasları" kitabını yazdı, Azərbaycanın ilk ali savadlı antropoloqu kimi tarixə düşdü, türkçü kimi tanınıb Azərbaycan insanını bütöv qucaqladı, antropologiya elminə "oğuz tipi" anlayışını gətirdi, millətçi və dövlətçi oldu, tanımadığı minlərlə insanın tarixə baxışını dəyişdi, inandığımız yüzlərlə tarixi yalanı puç elədi, türk dövlətlərində sanballı tarixçı kimi ehtiram göstərildi, Heç kimin qarşısında əyilmədi, Jurnalistlərin "yeni faktlar arxivi" oldu, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri seçildi, doktorluq elmi işini tamamlasa da qayğılar müdafiəsinə imkan vermədi, sosial şəbəkələrdə populyar izlənən nadir elm adamlarından oldu, sərhədsiz yaddaşa malik oldu, Tələbə oğlanların qardaşı, tələbə qızların əmisi oldu, xidmətlərinə görə heç nə ummadı, hər gün tıxaclarda Abşeronun ucqar kəndindəki evindən işə gəlib-getməkdən heç usanmadı, Borçalının dağ kəndindən gətirdiyi bir az qəribə, bir az köntöy, amma tam səmimi xarakterini heç dəyişmədi, bir suala 10 dəfə cavab verməkdən yorulmadı, yalnız bildiklərini yazıb çatdıra bilməməyinə görə şikayətləndi, hələ cavan yaşından "tələbə mənim balamdır" dedi, qəbul qaydalarında "mən erməninin uşağından imtahan götürmürəm ki, onu çaşdıram" deyib etiraz elədi, imtahanlarını "mən uşağın biliyini yoxlayıram, bicliyini yox" prinsipi ilə götürdü, illər keçsə də minlərlə tələbəsini adına, soyadına, dərs dediyi kursa qədər yadında saxladı, internet resurslarında yüzlərlə elmi tədqiqat səviyyəli çıxışları qaldı, döyüşdü, dalaşdı, küsdü, incidi yarım saat sonra bunlar sərhədsiz yaddaşından silindi, Ocağı həmişə səs-küylü, qonaq-qaralı oldu, mənim, arvadımın və qızımın müəllimi oldu, Həm müəllim-tələbə, həm dost, həm qardaş olduq, iradımı, bəzən də köntöy sözlərimi qəbul elədi, o qədər işin-gücün, qayğıların içində nə yumorundan qaldı, nə koloritli söhbətlərindən, gecə-gündüz çalışdı, vuruşdu, ürəyi dözmədi, 58 il yaşadı, görüşümüzdən 10 saat keçməmiş getdi, sosial şəbəkələr onun ölüm xəbəri ilə dolub daşdı, ailəsinin tanımadığı, yalnız özünün tanıdığı yüzlərlə adam vəfa borcunu ödəmək üçün gəldi, yazdı, yüzlərlə elmi məqalə, onlarla elmi kitabı özü ilə apardı, TV-lərin "ən maraqlı tarixçi" statusunu alsa da ölümündən bir kəlmə deyilmədi, bu gündən artıq daha nə uzaq yollar gedəcək, nə dərsdən dərsə tələsəcək, nə qayğısı olacaq, əbədiyyən dincələcək, illərin yorğunluğu canından çıxacaq, artıq özü bir tarix olacaq! Rasim İsmayılov Teref.az