Almaniyanın “Mercedes-Benz” avtomobil şirkəti bu gün verdiyi açıqlamada Rusiya bazarını tərk etmək niyyətində olduğunu bildirib. Bununla da şirkət Rusiyanı tərk edən dördüncü nəhəng avtomobil istehsalçısı olub.
Həmçinin açıqlamada şirkətin Rusiyadakı törəmə müəssisələrinin "Avtodom" şirkətinə satıldığı elan edilib. Şirkətin Rusiyadakı aktivləri təxminən 2 milyard avro dəyərində qiymətləndirilib.
Xatırladaq ki, "Mercedes-Benz" bu il martın əvvəlində Rusiyada avtomobil istehsalını və avtomobil ixracını dayandırdığını açıqlamışdı. “Mercedes”dən əvvəl isə Rusiyanın avtomobil bazarını “Renault”, “Nissan” və “Toyota” tərk edib. Şirkətin Rusiyadan çıxmasının əsas səbəbləri Avropadan 50 min avrodan artıq dəyəri olan avtomobillərin, eləcə də ABŞ-dan hər hansı avtomobilin Rusiyaya gətirilməsinə qadağa qoyulması, eləcə də sanksiyalara görə avtomobil komponentlərinin gətirilməməsi ilə bağlıdır.