Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997 manat 10 qəpik olub.
“Cebheinfo.az” bu gün açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə (yanvar-iyul 2024) müqayisədə 5 manat 30 qəpik azalıb. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında orta aylıq əməkhaqqı 1 002 manat 40 qəpik olub.
İqtisadçı-eskpert Razi Abbasbəyli “Cebheinfo.az” -a açıqlamasında deyib ki, ilin sonunda orta aylıq əməkhaqqı azalır:
“Ümumi kvalifikasiya və əlavə gəlir vergiləri üzrə hesablamalar ilin sonunda orta aylıq əməkhaqqının baza hissəsini azaldır.
Təqribən 0,5 faizə yaxın azalma baş verir. Əsasən mühasibatlıq və xəzinədarlıq proseslərində ilin sonuna doğru əməkhaqqının təkrar formalaşdırılması və yeni il üçün əməkhaqqının təyini ilə bağlı belə hallar baş verir”.
Ekspert qeyd edib ki, bu ilin sonunda orta aylıq əməkhaqqı daha da azalacaq:
“Bu ilin sonu və gələn ilin əvvəlində texniki-maliyyə məsələləri ilə bağlı orta aylıq əməkhaqqı ardıcıl olaraq azalacaq. Lakin burada narahatlığa heç bir əsas yoxdur. Belə ki, texniki və maliyyə hesablamalarına görə orta aylıq əməkhaqqının ümumi statistikası azalır. Lakin yeni hesablamalardan sonra, ilin əvvəlində orta aylıq əməkhaqqının artacağı gözlənir. Yəni, ümumi statistikada baş verən dəyişikliyə görə heç bir narahatlığa əsas yoxdur”.