“Azərenerji”nin 4,7 milyonluq tenderini udan şirkətin məlumatları gizlədilir? “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. TEREF xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən keçirilən 4 milyon 681 min 782 manat 70 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” QSC olub. “Smart Energy Services” QSC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevrilməsi və paylanılması üçün müxtəlif malların satın alınması işini həyata keçirəcək. Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “Smart Energy Services” QSC barəsində məlumatlar mövcud deyil. Məlumat üçün bildirək ki, daha əvvəl “Smart Energy Services” MMC (VÖEN-1504953841) adlı şirkət “Azərişıq” ASC-nin keçirdiyi analoji tenderlərdə qalib olub. Vergi Xidmətinin əvvəlki reyester məlumatlarında isə göstərilirdi ki, “Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir. “Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub