Uşaqların maraq göstərdiyi oyuncaqlardan biri də plastilinlərdr. Uşaqların bu cür məhsullardan müxtəlif fiqurlar düzəltməsi onların zehnini inkişaf etdirir. Plastilinlər həm də rəngbərəng olduğu üçün kiçik yaşlı uşaqları da cəlb edir. Hazırda ölkə bazarlarında hər qiymətə plastilin satılır. Təbii ki, baha qiymətə satılanlar daha keyfiyyətlidir. Lakin ucuz plastilinlə baha arasında həm qiymət, həm də keyfiyyətcə çox fərq var. Ucuz plastilinlərin rəngi uşaqların dərisinə çıxır ki, bu da onların dərisində müəyyən qaşınma, qızarmalara səbəb olur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hazırda buna nəzarət edən yoxdur:
“Uzun illər Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud idi. Bu, məcburi sertifikatlaşdırılan mallar siyahısı idi. 100-dən çox məhsul ora daxil idi, o cümlədən, uşaq oyuncaqları.. Yəni bunlar ölkənin əmtəə bazarına girmədən öncə yoxlanılırdı, təhlükəsizliyi təmin olunurdu və ondan sonra satışa çıxarılırdı. Lakin 2019-cu ildən bu qərar ləğv olunub. Hazırda bu sahəyə heç kim nəzarət etmir. Kim necə gəldi, nə gəldi gətirib satır”.
O, valideynləri uşaq üçün məhsul seçərkən diqqətli olmağa çağırıb:
“Rəngi çıxan istənilən əşya zərərlidir. Çünki rəngin tərkibində ağır metallardan istifadə olunur. Bu da uşaqların sağlamlığında mənfi izlərini qoyur. Ona görə də istehlakçılar belə malları almaqdan uzaq olsunlar. Əgər uşaq oyuncağı alan zaman ordan pis qoxu gəldiyini hiss etsələr, o dükandan uzaqlaşsınlar. Oyuncağın qopan hissəsi varsa, bunu da almasınlar. Ağ tənzifi yaş edib sürtsünlər, əgər məhsulun rəngi çıxrsa, almaqdan imtina eləsinlər. Ölkədə istehlakçı siyasəti pis vəziyyətdədir. Bu da istehlakçıların həyatında mənfi izlərini qoyur”.