Kəndlinin ucuz satdığı meyvə-tərəvəz şəhərlərdə “əl yandırır” - Araşdırma
Bazarlar inhisarçılardan nə zaman azad ediləcək?

Azərbaycanda dövlət hesabına aqrar istehsalın dəstəklənməsinə hər il yüz milyonlarla manat vəsait sərf olunur. Ölkə boyu, demək olar ki, bütün növ meyvə-tərəvəz əkinlərinə dövlət tərəfindən subsidiya verilir. Rəsmi statistikaya əsasən, dövlət dəstəyi Azərbaycanda kənd təsərrüfatında davamlı iqtisadi artıma nail olunmasına imkan verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 210,6 milyon manat təşkil edib ki, onun da 6 milyard 276,7 milyon manatı heyvandarlıq, 5 milyard 933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.

Ötən il 1 milyon 10,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1 milyon 825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1 milyon 261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm istehsalı qeydə alınıb.

2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib. Bunun 2 milyard 569,4 milyon manatı heyvandarlıq, 783,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə 7,4 faiz artıb. İyun ayının 1-nə kimi sahələrdən 160,2 min ton (6,9 faiz az) kartof, 429,4 min ton (11,5 faiz çox) tərəvəz, 33,6 min ton (14,2 faiz çox) meyvə və giləmeyvə yığılıb.

Azərbaycanın qeyri-neft ixracının əsasında da kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə-tərəvəz dayanır. 2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, ötən il kənd təsərrüfatı məhsullarının ixracı 768,2 milyon dollara bərabər olub.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin 5 ayında 251 milyon 280.90 min dollar dəyərində 230 907.40 ton meyvə-tərəvəz ixrac olunub. Ötən ilin eyni dövründə meyvə-tərəvəz ixrac ı 241 milyon 967.98 min dollar dəyərində 238 893.01 ton olmuşdu. Bu dövrdə meyvə-tərəvəzin idxalı 144 milyon 278.65 min dollar dəyərlə 211 868.92 ton təşkil edib. Ötən ilin eyni dövründə idxal 113 milyon 344.53 min dollar dəyərində 179 944.47 ton olmuşdu.

Ayrı-ayrı məhsullara nəzər salsaq, 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 min 67 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 115 min dollar və ya 19 faiz miqdar ifadəsilə 7 min 991 ton və ya 10 faiz artıb. 2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 91 milyon 472 min dollar dəyərində 78 min 76 ton pomidor ixrac olunmuşdu...

Beləliklə, illər boyu kənd təsərrüfatı istehsalı artır, ixrac artır, eyni zamanda Azərbaycanın nəbzi döyünən Bakı şəhərində qiymətlər də durmadan bahalaşır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, istehlakın da çox mühüm hissəsi Bakıda cəmləşib. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsinin məlumatından aydın olur ki, 2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12 milyard 537,7 milyon manat təşkil edib. Ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5 milyard 858,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Göründüyü kimi, bu ilin 5 ayında Azərbaycanda satılan 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 6 milyard 679,4 milyon manatlığı Bakı şəhərində reallaşıb.

Bakının istehlakdakı belə yüksək payı onun bazarlarını inhisarçılar üçün qazanc mənbəyinə çevirib. Sovet dövründə rayonlardan meyvə-tərəvəzin Bakı, Abşeron yarımadasına çatdırılmasının fərdi istehsalçılar üçün daha rahat sxemi tətbiq olunurdu: bütün açıq bazarlarda rayonlardan gəlib rahatlıqla məhsulunu satmaq mümkün olurdu. Müstəqillik dövründə bazarların əksəriyyəti özəlləşdirildi və fərdi istehsalçıların, hətta orta fermerlərin belə onlara yolu bağlandı. On ilə yaxın dövrdə bazarların bağlı yollarının əvəzində paytaxtın küçələrində yaradılan pərakəndə satış nöqtələri rayon camaatının xilaskarına çevrildi. Lakin 2000-ci illərdən etibarən küçə ticarətinin ləğvi paytaxtda təmizliyi bərpa etsə də, rayonlarda yüz minlərlə istehsalçının gəlirlərinin kəskin düşməsinə gətirib çıxardı. Məhz ondan sonra kəndlinin istehsal etdiyi məhsulun sahədəki qiyməti ilə Bakıda - inhisarçı qrupların əlində olan bazarlardakı qiyməti arasında fərq kəlləçarxa çıxdı. Bu ağlasığmaz fərq hələ də mövcuddur: rayonda kiloqramı 50-80 qəpiyə satılan gilasın qiyməti Bakıda 3 manatdan aşağı deyil. Yaşıl lobyanı kəndlərdən 40 qəpiyə yığan vasitəçilər onu Bakı yaxınlığındakı Meyvəli bazarda 80 qəpiyə satır, Bakının topdansatış nöqtələrində isə qiymət 1,2 manatdan aşağı düşmür.

Bu ilin aprel-may aylarında müşahidə olunan yağıntılı hava şəraitinin meyvə-tərəvəz istehsalında azalmaya səbəb olacağı gözlənilirdi. Lakin rayonlardan aldığımız məlumatlar göstərir ki, meyvə-tərəvəz istehsalında ciddi azalma qeydə alınmır. Rəsmi statistika bu sahədə hətta artım olduğuna dair məlumat yayıb. Bu isə paytaxt bazarlarındakı qiymət bahalığının arxasında ənənəvi olaraq bazar inhisarçılığının dayandığını deməyə əsas verir.

Bakı bazarlarının müəyyən qrupların əlində olmasına dair oturuşmuş rəy uzun illərdir mövcuddur. Müstəqil ekspertlər, hətta bir sıra hallarda dövlət qurumlarının nümayəndələri kiçik və orta biznesin bazara çıxışında böyük problemlərin olduğunu bildirirlər. Demək olar ki, iqtisadi inkişafla bağlı bütün proqramlarda istehsalçınının bazara çıxışının asanlaşdırılmasına dair müddəalar var. Lakin bazarları “işğal” edən inhisarçılar bu müddəaların icrasına imkan verməyəcək qədər güclüdürlər.

Məlumdur ki, Bakıya meyvə-tərəvəzin topdansatışı bir əldə cəmləşib. Rayonlardan paytaxta, Abşerona gətirilən bütün məhsulların ilk olaraq həmin bazaya aparılaraq, irihəcmli ödənişin edilməsi mütləqdir. Bu edilməsə, 1 kq alma belə Abşeron ərazisində satışa buraxılmır. Beləliklə, topdansatışdakı bu inhisarçılıq pərakəndə ticarətdə də qiymətlərin formalaşmasını təmin edir.

Son 10 ildə problemi dərinləşdirən bir proses də diqqəti cəlb edir. Bakı və Abşeronda geniş market şəbəkələrinin sahibi olan şirkətlər həm də regionlarda yüz min hektarlarla torpaq sahələrini alaraq aqrar istehsala başlayıblar. Bu gün faktiki olaraq, aqrar istehsalın mühüm bir hissəsi onların əlində cəmləşib. Əsas istehlak bazarında çoxsaylı ticarət şəbəkələrinə sahib olan belə şirkətlər öz şəbəkələrində digər istehsalçıların məhsullarının satışına imkan vermirlər.

Bazarların inhisarçıların əlindən alınması istıqamətində real addımların atılmaması yüz milyonlarla manat hesabına yaradılan infrastrukturun da inhisarçılara xidmət etməsinə gətirib çıxarıb. Son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarların, 1.9 milyon ton tutumu olan müasir taxıl elevatorlarının və digər logistika obyektlərinin qurulmasına, habelə yol-nəqliyyat infrastrukturunun inkişafına baxmayaraq fermerlərin bazara çıxışının yaxşılaşdırılması baxımından mühüm nəticənin əldə olunmaması təəssüf doğurur.

Bu gün Azərbaycan kəndlisinin - kiçik və orta fermerinin əsas problemi kənd təsərrüfatı istehsalçıları ilə tədarükçülər, emalçılar və satış şəbəkələri arasında yaranan haqsız ticarətdir. Bu ticarət praktikasına son qoyacaq dəqiq və konkret qanunverici baza formalaşdırılmayana qədər sahədən 10 qəpiyə satılan məhsulun Bakı bazarında 2 manata təklif olunması davam edəcək.

Yeri gəlmişkən, aqrar istehsalçının bazara çıxış problemini köklü həll edə bilməyən Kənd Təsərrüfatı Nazirliyi müxtəlif yarmarkaların təşkili ilə problemi yüngülləşdirməyə çalışır. 6-7 iyul tarixlərində nazirlik tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.

Son illərdə çoxsaylı belə yarmarkaların təşkilinə nail olunsa da, bu, aqrar istehsalçıları bazara çıxış probleminin həllinə yaxınlaşdırmayıb...

“Yeni Müsavat”
 
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?
15 Noyabr 2024 Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
14 Noyabr 2024 Azərbaycan o qədər böyük, hətta deyərdim, lüzumsuz maliyyə ehtiyatları yaratmışdır ki, bundan sonra beş il heç bir məhsul ixrac etməsə belə,
14 Noyabr 2024 Mövsüm meyvələri ucuzlaşıb? – Keçən illə müqayisədə 5-6 manat...

Dünyapress TV

Xəbər lenti