Xəbər verdiyimiz kimi, yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin bahalaşacağı qeyd olunur. Bu barədə “Bakinski Burila” Teleqram kanalı məlumat yayıb.
Yayılan məlumatlara görə, qiymət artımı təxminən 20 qəpik olacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında yayılan məlumatların reallığa uyğun olub-olmaması ilə bağlı danışıb.
“Aİ-92 markalı benzinin, eləcə də, dizel yanacağının qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Tarif Şurası məhz həmin məhsulların qiymətlərinin müəyyən olunmasına məsul olan qurumdur. Bu məhsulların qiyməti inzibati olaraq müəyyənləşir. Əvvəlki dövrlərdə bu və bu kimi digər qiyməti tənzimlənən məhsullarla bağlı qərarlar da Tarif Şurası tərəfindən verilib. Buna görə də Aİ-92 markalı benzinin qiymətinin növbəti dövrlərdə necə dəyişəcəyi Tarif Şurasının qərarından asılıdır”.
Deputat bildirib ki, Aİ-95 markalı benzinin yerli istehsalata keçilməsi də zamanla bütün növ yanacaq qiymətlərinin dəyişməsinə zəmin yarada bilər. “Bütün bunlarla yanaşı bizim yanaşmamız bundan ibarətdir ki, elektrik avtomobillərinin idxalı, eləcə də, istifadəsi ilə bağlı təşviqedici alətlərdən istifadəsinə daha çox gərək var. Bununla bağlı vergi güzəştləri var. Vergi güzəştləri dairəsinin daha çox genişləndirilməsi və elektrik maşınların daha çox təklif edilməsi məqsədəuyğundur. Eyni zamanda Aİ-95 markalı benzinin istehsalına artıq yeni başlanıb. Yerli istehsalatdan sonra daha məqsədəuyğundur ki, Aİ-95 markalı benzinin qiymətində azalmalara nail olunsun. Bu da indiki halda Aİ-95 benzinindən daha çox istifadəyə gətirib çıxarsın. Bu gün Azərbaycanda Aİ-95 və Aİ-92 markalı benzinin qiymətləri arasında 2 dəfəyə qədər fərq müşahidə olunur. Aİ-95 markalı benzinin qiymətinin enməsi ekoloji baxımdan daha keyfiyyətli və təmiz yanacaq növünə tələbi artıra bilər”.