“Biz inflyasiyanın may ayında pik həddə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik”
Türkiyədə inflyasiya may ayında zirvəyə çatacaq və daha sonra sürətlə azalmağa başlayacaq. AYNA xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə dövlətinin başçısı həmvətənlərinə xəbərdarlıq edib ki, yaxın günlərdə ölkədə inflyasiyanın pik həddə çatacaq, daha sonra isə sürətlə azalmağa başlayacaq.
“Biz inflyasiyanın may ayında pik həddə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik. İlin ikinci yarısından başlayaraq biz deinflyasiya dövrünə qədəm qoyacağıq”, - deyə Ərdoğan bildirib.
Dövlət başçısı vurğulayıb ki, onun fikrincə, ölkə iqtisadiyyatı düzgün istiqamətdə gedir. Həmçinin qeyd edib ki, respublika orqanlarının prioritet vəzifəsi inflyasiya göstəricilərini birrəqəmli səviyyəyə endirməkdir.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, inflyasiya 75%-ə yüksələcək. Ötən ay bu rəqəm 69,8% (illik hesabla) olub.