TAKSİ QİYMƏTLƏRİ İKİ DƏFƏYƏ YAXIN BAHALAŞACAQ –
“Taksilərin sayı 10-15 min civarında azala bilər”

Bu yaxınlarda Nazirlər Kabinetinin taksi fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki göstəriciləri ilə bağlı müəyyən etdiyi yeni tələblərin mənfi effekti artıq yavaş-yavaş hiss olunmağa başlayıb.

Belə ki, taksi sürücülərinin mətbuata verdikləri açıqlamalara görə, iyun ayının birindən etibarən taksilərdə minimum gedişhaqqı məbləği iki dəfəyə yaxın bahalaşaraq, 4 manat 50 qəpiyə yüksələcək. Sürücülər bu barədə taksi şirkətlərindən onlara məlumat verildiyini bildiriblər. İstehsal ili yeni qanunun tələblərinə cavab vermədiyi üçün bir çox avtomobillərin artıq şirkətlə əməkdaşlığının sonlandırıldığı iddia olunur.

“1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bir azdan istehsal ili 2005-ci ilədək olan “Opel” və digər markalı avtomobillərin də sifarişlərinə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq şəkildə özünü biruzə verəcək. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşməyəcək”- deyə, taksi sürücülərindən biri yerli mətbuata bildirib.

Xatırladaq ki, 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək yeni qanun buraxılış tarixindən 15 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinin taksi kimi fəaliyyət göstərməsini qadağan edir. Həmçinin 1 iyul 2024-cü ildən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün müvafiq kartının verilməyəcəyi deyilir. Eyni zamanda bildirilir ki, buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.


Qeyd edək ki, 2024-cü ildə sözügedən qanunun elan olunması ilə birlikdə taksilərin sayında nəzərəçarpacaq dərəcədə azalma baş verib. Belə ki, 2023-cü ilin sonlarında açıqlanan rəsmi statistikaya görə, paytaxt Bakıda 67 min taksi var idi. Son aylar əksər sahibkarlar qanunun tələblərinə cavab verməyən avtomobillərini dəyər-dəyməzinə satışa çıxarmağa başladığı üçün bu say 67 mindən 60 minə qədər azalıb.

Rəsmi qurumların səsləndirdikləri bəyanatlara görə, əsas hədəflərdən biri paytaxtda taksilərin sayını 20 minə qədər azaltmaqdır. Səlahiyyətli şəxslər sözügdən sayda taksinin paytaxt əhalisinin tələbatını qarşılaya biləcəyini deyirlər. Həmçinin bir çox ekspertlər də müvafiq qanunun qüvvəyə minməsi ilə birlikdə paytaxtda taksilərin sayının azalacağı fikrindədirlər. Buna səbəb kimi hazırda Azərbaycanın avtomobil parkının böyük hissəsini köhnə avtomobillərin təşkil etməsi göstərilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda avtomobil parkının 80 faizinin yaşı 15 il və daha artıqdır. Ötən il ölkəyə idxal olunan 90 mindən artıq maşının cəmi 12 mini elektrik və hibrid olub. Yaşlarına gəlincə, avtomobillərin 60 faizdən artığı 8-15 il əvvəlin istehsalı olub. Bu fakt həqiqətən də onu deməyə əsas verir ki, taksi fəaliyyəti göstərən avtomobillərin də bir çoxunun istehsal ili köhnədir. Odur ki, qanundakı məhduddiyyətlər ölkənin taksi bazarına önəmli ölçüdə təsir edərək, taksilərin sayında ciddi azalmaya səbəb olacaq. Bütün bunlar öz növbəsində əhalinin aşağı və orta təbəqəsi üçün də əlçatan olan və azad rəqabət mühitinin formalaşdığı xidmət sahələrindən birinin sıradan çıxması deməkdir.

Çünki bu gün minimum əməkhaqqının 345 manat olduğu ölkədə heç bir vətəndaş əvvəl 5 manata getdiyi yolu indi 2-3 dəfə baha - 10-15 manata getməyəcək. Nəticədə sərnişindaşımada taksilərin fəaliyyəti aşağı düşəcək, hazırda bərbad vəziyyətdə olan ictimai nəqliyyata böyük axın baş verəcək. Qeyd edək ki, təkcə ötən il taksi ilə 37 milyondan çox sərnişin daşınıb.

Bəs taksiyə yeni məhdudiyyət gətirib, qiymətin artmasına səbəb olan səlahiyyətli orqanlar ictimai nəqliyyatda yaranacaq bu cür xaotik vəziyyəti nə cür idarə edəcəklərini də əvvəlcədən düşünüblərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, taksi fəaliyyətinə dair tələblər artdıqca taksilərin sayında azalma və mövcud taksilərin xərclərində artım müşahidə olunacaq: “Hər iki amil qiymət artırıcı faktordur. Taksilərin sayının azalması rəqabəti aşağı salacaq. Digər tərəfdən isə tələblərə cavab verən taksilər də avtomobillərinə POS-terminal və taksometr quraşdırmalı olacaqlar. Başqa sözlə, tələblərə cavab verən taksilər artıq ekonom yox, premium sinfə aid olacaq. Ucuz taksilərin sıradan çıxması təbii olaraq bahalaşmaya gətirib çıxaracaq. Hər halda hökumətin atdığı addımların da məqsədi budur”.

Ekspert qeyd edib ki, taksilərin sayının 20 minə qədər azalıb-azalmayacağını bazar şərtləri müəyyən edəcək:“Sayın azalması və qiymətin artması bu fəaliyyətə marağı artıra da bilər. Yəni kəskin azalmadan sonra taksilərin sayında artım görə bilərik. Bazar bu cür reaksiya verə bilər. Lakin taksi bazarında hansısa durğunluğun olacağını düşünmürəm. Sadəcə taksi xidməti əvvəki kimi bu qədər populyar olmayacaq. Bizdə ictimai nəqliyyat o qədər də yaxşı inkişaf etməyib və taksinin özünün həmişə seqmenti olub. Bu sürətli və komfortlu çatdırıma növünün alternativi də yoxdur. İnsanlar hər zaman tələsirlər və komfort istəyirlər. Qeyd etdiyimi kimi, bu xidmət sahəsi bazara adaptasiya olacaq, amma qiymət səviyyəsi yüksələcək”.

Nəqliyyat eksperti İlqar Hüseynli isə “AzPolitika”-ya şərhində bildirib ki, taksi xidmətində tətbiq olunacaq yeni qaydalar dərin problemlərə səbəb olub:“Qanunun yeni tələbində göstərilib ki, avtomobilin istehsal ili 8 ildən artıq olmamalıdır. Həmçinin 8 il olsa belə, rəng məhdudiyyəti var. Yəni taksi xidməti ilə məşğul olan şəxs və ya fərdi sahibkar bu avtomobili ağ və ya qırmızı rəngə boyamalıdır. Bu, ölkəyə gətirilən yeni avtomobillərə aid ediləcək. Əslində burada da bir məna görmürəm. Amma dünya praktikasında eyni rəngli taksilərdən istifadə edən ölkələr var. Məsələn, nümunə kimi Türkiyəni göstərmək olar. Burada sarı rəngli taksilərdən istifadə olunur. Vaxtilə bizdə də bu cür yanaşma olub. Bir vaxtlar paytaxt taksilərinin qapılarının üzərində xüsusi nişanlar var idi”.

Ekspert də vurğulayıb ki, paytaxtda taksilərin sayının 20 minə qədər azaldılması gündəmdədir:“Burada önəmli məqamlardan biri də insanların sosial, iqtisadi ehtiyaclarının təminatıyla bağlıdıır. İşdən çıxarmaq, qapatmaq - bu hər zaman mümkündür. Amma insanlara alternativ imkanlar yaratmaq lazımdır ki, ailələrinin dolanışığını təmin edə bilsinlər. Düşünürəm ki, bu məhdudiyyətlər öz bəhrəsini verməyəcək. Qeyd etdiyiniz kimi, bu sayı perspektivdə 20 minə salmaq istəyirlər. Azalma gözlənilsə də, bu saya düşürə bilməyəcəklər. Düşünürəm ki, taksilərin sayı 10-15 min civarında azala bilər. Amma onu da nəzərə almaq lazımdır ki, şəxsin son ümidi taksi ilə ailəsinin dolanışığını təmin etməkdirsə və siz bunu onun əlindən alırsınızsa, həmin adam nə etməlidir? Hesab edirəm ki, burada müəyyən yumşalmalara gediləcək ki, insanlar çörəyini qazana bilsin”.

İ. Hüseynlinin sözlərinə görə, taksidəki qiymət artımı vətəndaşların böyük qismini ictimai nəqliyyata yönləndirəcək: “Taksidə minimal gedişhaqqı məbləğinin 4 manat 50 qəpik müəyyən olunması çox böyük rəqəmdir. Bu zaman vətəndaşların böyük əksəriyyəti icitimai nəqliyyata yönələcək. Məsələn, 4 nəfərlik bir ailənin avtobusla gediş-gəlişi elə hardasa taksiyə yaxın rəqəm idi, üstəlik komfort da yox idi. Qiymətlər qalxsa, təbii ki, sifarişlər azala bilər. Bu gün ictimai nəqliyyat da bu sərnişin yükünün öhdəsindən gələ biləcək standartlara sahib deyil. Taksi xidmətindən bu qədər çox insanın istifadə etməsinə baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ictimai nəqliyyatdan istifadədə 12,5 faizlik artım var. Bu, taksi bazarındakı bahalaşma ilə əlaqədardır”.

Onu da qeyd edək ki, hazırda taksidə minimal gediş haqqı 2,50 AZN-dir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?
15 Noyabr 2024 Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
14 Noyabr 2024 Azərbaycan o qədər böyük, hətta deyərdim, lüzumsuz maliyyə ehtiyatları yaratmışdır ki, bundan sonra beş il heç bir məhsul ixrac etməsə belə,

Dünyapress TV

Xəbər lenti