Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.
Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Qeyd edək ki, son vaxtlar ölkədə minimum əməkhaqqının artırılcağı, təxminən 500 manat təşkil edəcəyi ilə bağlı fikirlər səslənir.
Doğrudanmı, minimum əməkhaqqında bu rəqəm öz əksini tapacaq?
Millət vəkili Tahir Rzayev “Cebhe.info”-ya bildirib ki, ölkə rəhbərinin, hökumətin qarşısında duran ən başlıca vəzifə insanların rifah halının yüksəldilməsidir:
“Bütün məsələlər məhz bu məsələlər üzərində cəmləşib ki, Azərbaycan insanı yaxşı yaşamalı, onun əməkhaqqı yüksəldilməli, həyat şəraiti gündən-gündən daha yaxşı təmin olunmalı və onun üçün lazımi iş şəraiti yaradılmalıdır. Son illərin nəticələri də göstərir ki, hər il pensiyalar, müavinətlər, əməkhaqqı, eləcə də minimum əməkhaqqı yüksəlir. Müşahidələr deməyə əsas verir ki, minimum əməkhaqqı artırılacaq. Biz görürük ki, bir neçə il bundan əvvəl çox cüzi əməkhaqqı alan müəllimlərin orta əməkhaqqı 600-700 manatdan, hətta bəzi müəllimlərin 1000 manatdan yüksəkdir. Həkimlərimizin əməkhaqqı bir neçə dəfə artıb.
Yoxsul təbəqənin də güzəranının yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülür.
Fikrimcə, minimum əməkhaqqının artıırılması vacibdir. Ola bilsin bu rəqəm 500 deyil, 450 manata çatdırılsın. Yaxud ölkənin inkişafı ilə bağlı 500 manatdan da artıq olsun”.
Deputat deyib ki, bir çox sahələrdə əməkhaqqı bir neçə dəfə artırılıb:
“Minimum əməkhaqqının da artırılması günün reallığıdır və çox vacibdir. Bu, ölkənin iqtisadi inkişafından və bir çox layihələrin həyata keçrilməsindən asılıdır. İşğaldan azad olunmuş ərazilərin bərpa olunması və onların yararlı hala salınıb istifadəyə verilməsindən, ölkədə investisiya, biznes mühitinin yüksəlməsindən də asılıdır. Əgər burada bir çox xarici şirkətlər işə cəlb olunacaqsa, müəyyən mühüm sahələrə investisiya qoyulacaqsa, gəlirlər də çox olacaq, xarici bazaralara çıxmaq da mümkün olacaq, minimum əməkhaqqının artırılmasında da imkan yaranacaq”.
Əməkhaqqı ilə bağlı saat hesabına keçiləcəyi bildirilir. Avropada 1 günlük əməkhaqqı vətəndaşın gündəlik tələbatını ödəyir. Bizdə bu prinsip necə əksini tapacaq?
İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirdi ki, bu sahədə Azərbaycanı Avropa ilə müqayisə etmək heç uyğun deyil:
“Çünki Avropa məkanının tələb və xərcləri ilə bizimki başqadır. Ümumilikdə belə məsələlərin həll olunması ilə bağlı sağlam istehlak səbətinin tələblərinə cavab verən bir paket hazırlanmalıdır. İstehlak səbəti dedikdə, burada yalnız ərzaq məhsulları və kommunal xərclər nəzərdə tutulmamalıdır. İnsanın normal həyatı nədən ibarətdir?
Məsələn, ayda 1 dəfə belə mədəni-maarif ocağının ziyarəti bura daxil edilməlidir. Yəni real tələblərə cavab verən, real rəqəmləri əhatə edən olmalıdır. Bu prizmadan çıxış edərək biz öz modelimizi hazırlamalıyıq. Avropa ilə müqayisə etməməliyik. Bəlkə Avropanın elə ölkəsi var ki, bu öhdəliklər bizə əlverişli deyil. Yaxud onların həyat tərzinin elə göstəriciləri var ki, bizdə istifadə olunmur. Ona görə də rəqəm məsələsində mental dəyərlərimizi nəzərə alaraq öz həyatımızın istehlak hissəsini müəyyən etməliyik. İndiki vəziyyətə gəlincə, deyə bilərəm ki, hələlik qeyri-obyektiv bir vəziyyətdəyik”.