Daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələbi ilə bağlı ajiotaj yaranıb. Guya əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəsi göstərilməlidir. Gəlir deklorasiyası təqdim edə bilmədikləri üçün notariusdan geri qayıtdıqlarını iddia edən alıcılar bununla bağlı əmlak eksperti Elnur Fərzəliyevə müraciət ediblər.
Bu barədə “Sherg.az”a açıqlama verən Elnur Fərzəliyev isə deyib ki, böyük məbləğlərin dövriyyəsi zamanı vətəndaşdan pulun mənbəyinin soruşulması qanunvericiliyin tələbinə uyğundur: “ Bu bank sektorunda, əmlak alqı- satqılarında, o cümlədən də digər maliyyə mübadilələrində belədir. Notarial alqı- satqı nəğd ödənişlə aparılırsa, bu zaman noratius əməkdaşları alıcılardan ödədikləri vəsaitin gəlir mənbəyini soruşur. Pul bank vasitəsilə köçürülür, yaxud da ipoteka kreditləri ilə ödəndikdə isə vətəndaşdan bu gəlirin mənbəyi soruşulmur. Qeyd edək ki, gəlirin mənbəyi ilə bağlı vətəndaşlardan məcburi məlumat və ya yazılı gəlir deklarasiyası tələb olunmur. Vətəndaş sadəcə əldə etdiyi gəlirin mənbəyini şifahi şəkildə izah etməlidir. Lakin əldə etdiyim məlumata görə, bəzi vətəndaşlarımız onlardan ödədiyi məbləğin mənbəyi soruşulan zaman bundan narahat olur və alqı- satqı prosesindən imtina edir. Bu da əmlak bazarında təşviş və neqativ məlumatların yayılmasına səbəb olur. Burada narahatlıq üçün əsas yoxdur. Alıcılar gəlirini rəsmi mənbə ilə göstərə bilmirsə, şifahi şəkildə deməkləri kifayət edir”.
Ekspert bildirib ki, ölkə əhalisinin 25 faizə qədəri Rusiyada yaşayır və işləyir: "Digər ölkələrdə də 100 minlərlə vətəndaşlarımız yaşayır ki orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirlər. Başqa bir tərəfdən də ölkə daxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslər arasında da vəsitlərini əmlaka yatıranlara rast gəlmək olur. Hətta şəhərin başqa bir ərazisindəki əmlakını satıb digər bir nöqtəsindən əmlak alan şəxslər də var".