Ötən gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Biləsuvar Rayon Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 6.2, 390.1-ci və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Mülki Məcəlləsinin 16.1-ci və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Biləsuvar Rayon Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Mülki Məcəllənin 6.2, 390.1-ci və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.
Mülki Məcəllənin 16.1, 339.1-ci və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bəs ölkəmizdə vəkillərin sayı və maaşı nə qədərdir?
"Cebhe.info" bununla bağlı müvafiq araşdırmalar aparıb.
Belə ki, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edib. 2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub. Bu gün isə vəkillərin sayı 2 387 nəfər təşkil edir.
Vəkillin qazancı şəxslə arasında bağlanan müqavilədən asılı olaraq dəyişir. Bu müqavilə əsasında ödənilən pul isə vəkilin yekun gəlirini təşkil etmir.
Ödənilən məbləğdən 30 faizə qədər - 14 faiz gəlir vergisi, 10 faiz Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait, 2 faiz vəkil məsuliyyətinin sığorta haqqı tutulur.
Vəkil də buna uyğun olaraq, şəxslə müqaviləyə baxır. Bu peşənin çətinliyini də nəzərə alsaq, əslində 300-350 manatlıq bir müqavilə vətəndaşa sərf etsə də, vəkil üçün yetərli hesab olunmur.
Bəzən isə vəkil tuta bilməyən şəxslər üçün dövlət hesabına vəkillə təminat həyata keçirilir. Belə olduğu halda isə vəkil saatına 6 manat qazanc əldə edir.