Gömrük rüsumları bahadırsa...
“Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib, utilizasiya çox ciddi problemdir”.

Bunu Milli Məclisin ötən gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, 2024-cü ilin sentyabr ayından məsələnin həllini tapması gözlənilir: “Burada əsas məsələ odur ki, ədalətli həll üçün mexanizm yaradılmalıdır. Çünki bu, kütləvi məsələdir”.

Vüqar İskəndərov tıxac probleminə də toxunub: “Bakı şəhərinin mərkəzində tıxaclar əsas problemdir. Buna yol açan problemlərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq...”

Doğrudan da ölkəmizdə istismar müddətini başa vurmuş, köhnə avtomobillər üstünlük təşkil edir. Bununla yanaşı, köhnə maşınlar da bahalaşmaqda davam edir. Səbəb odur ki, yeni maşınlar çox bahadır, daha dəqiqi, məsələn, Gürcüstandan 7-8 min dollara alınan maşın üçün təxminən eyni miqdarda da gömrük rüsumu tələb olunur. Bu səbəbdən insanlar köhnə maşınları istifadə etməyə məhkum olur.

İli yeni, yaxud hibrid maşınların gömrük rüsumları azaldıla bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hökumət bu yöndə müəyyən addımlar atsa da, ümumilikdə ölkədəki avtomobil parkının ən azı 50 faizinin yenilənməsinə hələ ki hüquqi baza yoxdur: “Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılışına görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi bu il mayın 1-dən qüvvəyə minən qərarla dayandırılıb. Bu o deməkdir ki, istehsal ili 2014-cü ildən əvvəlki illərə aid olan minik avtomobillərinin Azərbaycana idxalını qadağan olunub. Hökumətin bu qərarı qəbul etməsində əsas məqsədi ətraf mühitə və atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Bu, təqdirəlayiq addımıdır. Lakin bundan sonra atılması gərəkən addımlar da atılmalı idi. Ölkəyə gətirilən bütün hibrid avtomobillər də ƏDV-dən azad edilməli idi. Bu baş vermədiyindən, hələ də Azərbaycan yollarında sovet istehsalı olan, yaşı 40-ı haqlamış maşınlar şütüyür. Vətəndaşların 20-30 min manat ödəyib ortabab hibrid avtomobillər almağa maddi imkanları da yetərli deyil”.

Natiq Ələsgərov qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə 1 milyon 400 minə yaxın minik avtomobili mövcuddur: “Bu avtomobillərin təxminən 1 milyon 300 mini şəxsi minik avtomobilləridir. Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 135-dir. Bu göstərici üzrə 1000 nəfərə düşən avtomobillərin də 118-i 20 il və daha əvvəl istehsal olunub. Yəni ölkədə maşın parkının 82 faizi köhnədir. Əlbəttə ki, bu azərbaycanlıların köhnə maşın sürmək sevdasından irəli gəlmir. Azərbaycan vətəndaşının bu gün istehsal ili təzə olan avtomobil almağa, sadəcə, pulu yoxdur. Halbuki qonşu Gürcüstanda avtomobil parkı yerli hökumətin apardığı məqsədyönlü siyasəti nəticəsində yenidir. Gürcüstan yollarında sovetdən qalma avtomobil görmək də mümkün deyil. Olsa-olsa reritet maşınları görmək olar”. Natiq Ələsgərov deyir ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər avtomobil parkının ən azı 30-40 faizini müasirləşdirməyi, yəni köhnə avtomobillərin istismardan yığışdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsinin artırılmasını hədəfləyib: “Ölkəyə daha təhlükəsiz və ekoloji baxımdan yararlı avtomobillərin idxalına üstünlük verilməsi nəzərdə tutulur. Bu siyasətə uyğun olaraq yeni nəsil ekoloji təhlükəsiz avtomobillərin vergi-gömrük güzəştləri ilə əhatə olunması nəzərdə tutulsa da, hələ ki bu yöndə real addımlar atılmayıb. 2022-ci ildə Milli Məclisdə istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılması qərarı verildi. Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadıldı. Əlbəttə ki, bu qərarı alqışlanmalıdır. Amma gəlin baxaq, son 3 il ərzində istehsal olunmuş hibrid avtomobillərin qiyməti neçəyədir və Azərbaycanda köhnə avtomobil sahiblərinin neçə faizi təzə hibrid avtomobil ala bilər? Qərar özlüyündə hökumətin bu yöndə hansasa addım atmaq niyyətindən doğub, amma nəticə etibarı ilə Azərbaycanda köhnə avtomobil parkının yenilənməsinə uzağı 1-2 faiz civarında töhfə verə bilər. Halbuki qəbul edilmiş qərarda istehsal ili 3 il deyil, 10 il göstərilsəydi, bu gün Azərbaycan yollarında hibrid avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə çox olardı”.

Natiq Ələsgərov deyib ki, Vergi Məcəlləsinin 164.1.41-ci maddəsinə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 1 yanvar 2019-cu il, satışı isə 1 yanvar 2022-ci il tarixindən ƏDV-dən azad edilib: "Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli 411 nömrəli qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərriki ilə işləyən minik avtomobillərinin idxal-gömrük rüsum dərəcəsi 0%-ə endirilib. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.41-2-ci maddəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib, idxal gömrük rüsumu 0 %-ə endirilib. Həyata keçirilən stimullaşdırma və təşviq tədbirləri o qədər də effektiv olmayıb. Belə ki, 2021-ci ildə elektrik mühərrikli minik avtomobillərinin sayı 160-dan 2022-ci ildə 486-a çatıb. Hibrid mühərrikli minik avtomobilinin idxalı isə daha çox artıb. 2021-ci ildə onların sayı 805 ədəd təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 3500-ə çatıb. Azərbaycanda 1 milyon 400 min minik avtomobili olduğunu nəzərə alsaq, hökumətin atdığı addımların effektivliyini də göz önünə gətirmək çətin deyil".

Natiq Ələsgərov deyib ki, hökumət avtomobil parkının yeni nəsil maşınlarla əvəz edilməsi yolu ilə köhnə buraxılış ilinə malik avtomobillərin idxalını məhdudlaşdırmaqda qərarlıdır. Ötən müddət göstərdi ki, bu qərarlılıq vətəndaşların köhnə maşınlardan düşüb yenilərinin sükanı arxasına keçməsini təmin etmir. Üstəlik, qarşıdakı illərdə buraxılış ilinin 10 ildən də aşağıya qədər endirilməsi nəzərdə tutulur, ancaq bunun əvəzində elektro və hibrid avtomobillərin daha sərfəli və əlçatan idxalına şərait yaradılması məqsədilə gömrük və vergi güzəştlərinin tətbiqi də artırılmalıdır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda ölkədə "Avro-5", "Avro-6" standartlarına cavab verən maşınlara xüsusi üstünlük verilməsi və onların idxalında vergi və gömrük rüsumlarının azad olunması nəzərdə tutulur. Bu məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə və Dövlət Gömrük Komitəsinə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması tapşırılıb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalı 3 il müddətinə ƏDV-dən azad edilib. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı da 3 il müddətinə ƏDV-dən azad edilib. Dövlət başçısının ötən il müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" modelinin qurulması və bu məqsədlə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə mühərrikinin həcmi 2500 kubsantimetrədək olan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub. Hazırda isə aidiyyəti nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərindən ibarət işçi qrupu tərəfindən ekoloji cəhətdən təmiz və təhlükəsiz avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə infrastrukturun qurulması, maliyyə əlçatanlığının təmin edilməsi, eyni zamanda idxal zamanı əlavə güzəştlərin tətbiqi istiqamətində kompleks tədbirlərin müəyyən edilməsi üzrə işlər aparılır. Ümid edək ki, nəticələr vətəndaşların xeyrinə olacaq".

Qeyd edək ki, Gömrük Komitəsi bu istiqamətdə təhlillər apararaq yaxın illərdə maşın parkının daha da gəncləşdirilməsi üçün istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin idxalına əlavə güzəştlərin olunmasını istisna etmir. Belə ki, 3 il güzəşt müddətinin daha da artırılması, ƏDV, idxal və satışlar üzrə rüsumların əhatəsinin genişləndirilməsi nəzərdən keçiriləcək. Həmçinin maliyyə əlçatanlığının təmin olunması məqsədilə həmin avtomobillərin kredit şərtlərinin yumşaldılması nəzərdə tutulur. Dövlət Vergi Xidmətində hesab edirlər ki, vergi və gömrük güzəştlərinin tətbiqinin növbəti illərdə daha da artırılması sayəsində elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı artacaqdır ki, bu da avtomobillərin bazarda qiymətinin aşağı düşməsinə və nəticədə əlçatanlığı artıracaq, habelə ekoloji mühitə öz müsbət töhfəsini verəcək.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?

Dünyapress TV

Xəbər lenti