“Hər ilin bu vaxtında ət bahalaşırdı. Indi qəssablar da heyvanı nisyə alır. Əvvəllər bir ayda 20-25 quzu, bir neçə mal sata bilirdik. Indi ayda 4-5 quzu satanda sevinirik”.
DİA.AZ bildirir ki, bunu Meydan TV-yə şamaxılı fermer Nemət Həsənov deyib. Fermer bildirib ki, digər bölgələrə nisbətən Şamaxıda ət ucuz olub. Amma son bir-iki ildə mal-qara saxlamaq sərfəli deyil:
“Qəssab heyvanı nisyə götürüb satandan sonra pulunu ödəyir. Əksər fermerin nisyə dəftəri var”.
Bölgələrdə mal ətinin qiyməti 15-17, quzu əti 17-18 manat arası dəyişir. Bakının iri ticarət mərkəzlərində sümüksüz mal əti 20 manatdan bahadır. Digər şamaxılı fermerlər də alıcılıq qabiliyyətinin ciddi şəkildə azalmasından, bahalaşma fonunda bazarın zəifləməsindən gileyləniblər. Bəzi ekspertlər isə mövsümi tələbat da daxil olmaqla müxtəlif səbəblərdən bahalaşmanın davam edəcəyini bildirirlər.
İqtisadçı Xalid Kərimli bildirib ki, ətin qiyməti birbaşa yemin qiymətindən asılıdır.
“Ot ətin maya dəyərində əsaslı rol oynayır. Amma otu ətə çevirmək vaxt tələb edir. Yəni ot bahalaşan kimi ətin qiymətinə təsir etmir. Qiymət siyasətini tələbata uyğun həyata keçirirlər”,-ekspert deyib. X.Kərimli qeyd edib ki, Şamaxı, Qəbələ paytaxta yaxın olduğundan turistlərin ən çox üz tutduqları bölgələrdəndir. Ət isə menyuda əsaslı yer tutur. Şamaxıda ətin qiyməti tələbata uyğun, bazara əsasən müəyyənləşdirilir.
“Şəhərlərdə ətə tələbat çoxdur. Böyük marketlərdə satılan ət məhsulları iri təsərrüfatlardan, aqro-parklardan alınır. İri təsərrüfatların isə xərcləri daha çoxdur, tələbat olduqda qiymət enmir”.
Ekspert deyir ki, ət və ət məhsullarının qiyməti tələbata uyğun müəyyənləşdirildiyindən dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.
İribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.
Cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.