“Mən özüm üç ay əvvəl biri 210 manatdan 37 baş quzu almışdım. Üç ay xərc çəkib saxladım, 20 kiloqramlıq quzunun birini 300-320 manata satmalı olduğum halda 240-250 manata güclə satdım. Min manat otuna, min manatdan çox yeminə, bazara aparmaq, gətirmək, dərmanı, həkim pulu, bazar pulunu hesablayanda 2300 manat heyvandan ziyan elədim”.
Bərdə rayon sakini Elməddin İbayev Meydan TV-yə danışır ki, bir aydır Bərdə və ətraf regionların heyvan bazarlarında durğunluq yaşanır. Alıcı da, satıcı da zəif bazar gedişatından narazıdır. Ətin satış qiymətində artım və azalma hiss olunmasa da, heyvan bazarlarında diri çəkidə heyvanın satış qiymətində xırdabuynuzlu heyvanlarda 50-100 manat, iribuynuzlu heyvanlarda isə 150-200 manat arası azalma var. Hazırda Bərdədə mal ətinin satış qiyməti 12-13 manat, qoyun və quzu əti 16-17 manat arasıdır.
“Qəssablar uduzmur, qazanır, diri çəkidə qoyunun və quzunun ətini 12-13 manata alıb, yenə də kəsib satır 16-17 manata. Eləcə də mal ətində diri çəkidə heyvanın ətinin kiloqramını 10-11 manatdan alıb, kəsir satır yenə 12-13 manata. Bu, biz kəndlilərə – heyvana baha ot, yem alıb saxlayan zəhmətkeşlərə sərf etmir”, – Elməddin İbayev deyir.
“Şəxsən bezib qoyun, quzu alverinə son qoymuşam, bankdan dörd min kredit götürüb 6 baş camış heyvanı almışam. Halbuki o heyvanın qiyməti əvvəlki aylar 850-900 manat idi, indi ucuzlaşıb 690 – 700 manat olub. 9 kiloqramlıq quzunu 230 manata ala bilmirdik 2-3 ay öncə. İndi 20 kiloqramlıq quzunu 230-240 manata güclə satırsan”, – deyə Elməddin İbayev heyvan bazarındakı ən son durumu rəqəmlərlə anladır.
Satıcı və alıcılar heyvan bazarında azalmanın ancaq ətlik heyvanların qiymətində olduğunu deyir. Südlük heyvanlarda isə əksinə 200-300 manat arası artım var.
“Cins heyvanların südlüyündə artım var. Bir ay öncə aldığım yerli 1700 manatlıq inək indi 2200 manatdır. Cins südlük heyvanlar isə 3500-4200 manat arasıdır“-deyə alıcı bildirir.
“Ət kəsim məntəqələrində, bazarda monopoliya var”
Heyvan və otlaq sahələrinin çox olduğu Kürdəmir rayonunda da vəziyyətin ürəkaçan olmadığı deyilir. Hazırda rayonda mal və qoç ətinin qiyməti 15-16 manata, quzu əti 17-18 manatadır. Heyvan bazarına çıxarılan heyvanların isə kiloqramını diri çəkidə 2-3 manat az məbləğə satırlar. Kürdəmir rayon sakini, altı baş heyvanı olan Elxan Usubov bunu bazarlarda və ətkəsim məntəqələrindəki monopoliya ilə əlaqələndirir.
“Hazırda bazara çıxardığın ətlik heyvanların kiloqramını 2-3 manat ucuz satacaqsan. Qəssab dəllallar üçün fərq etmir. Onlar qazanan tərəfdir, uduzan heyvanı zülmlə saxlayıb xərc çəkənlərdir. Qəssaba verilib kəsilsə, 11-12 manatdan yuxarı xeyir olmayacaq ki, ziyan olacaq. Bacarırsan özün həyətində kəs, sat. Rayonda ətkəsim məntəqələrində, bazarda monopoliya var. Hamının heyvanını alıb kəsmirlər, kim ki, buna qarşı çıxsa ki, ucuz alınır, heç götürmürlər. Öz adamları var. Bir- iki adam tənzimləyir bazarı. Gürcüstandan qoyunlar gətirilir kəsim üçün, onlar da bazarı öldürür. Kiloqramı 10 manatdan alınır, kəsib 15-16 manata satırlar. Damazlıq heyvan üçün çəki deyil, görkəm önəmli olduğu üçün erkək balalı, iribuynuzlu heyvan 1300 – 1500 manatadır. Aylar öncə 1800-2000 manat arası idi. Yerli sortlarda dişi balası varsa, qiymət 800-1200 manat arasıdır”.
Heyvan alıcıları qeyd edir ki, regionlarda ot və yem məhsullarının qiyməti ötən aylarla müqayisədə artıb. Hazırda 7-7.30 qəpik olan yoncanın bağlaması yay aylarında və sentyabrda 5-6 manat idi. Bu, heyvan bazarına öz təsirini göstərsə də, daha çox xaricdən gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sayındakı artımın əsas təsir etdiyini düşünürlər. Göyçay və Bərdə bazarlarını mütəmadi araşdıran, heyvan alıcısı Elcan Əliyev deyir ki, alıb saxladığı yerli sort heyvanları xaricdən gətirilən heyvanlar üzündən öz qiymətinə belə sata bilmir:
“Bazarda satışın və alıcılığın zəifliyi təkcə ot və yem məhsullarının qiyməti ilə bağlı deyil. Bərdə bazarına Rusiyadan, Gürcüstandan iribuynuzlu, xırdabuynuzlu heyvanlar gətirilir. Bu bazar ancaq onlar üçündür. Gəncəyə, Kürdəmirə, Göyçaya, Bakıya ətlik üçün hər həftə 300-500 baş heyvan gətirirlər, bəzən daha çox. Ot da, yem də çox bahadır. Yaydan otun qiyməti artıb, iki manatdır. Hər il min bağlama ot alıram. Quraqlıq ota da təsir göstərdi, əvvəllər hektara 250-300 bağlama çıxardı, bu il 50-60 bağlama güclə çıxdı. Bu baha qiymətə heyvan alıb saxlamağa dəyərmi? Ona görə getdikcə heyvanların sayı azaldılır. İki həftədir dörd kiçik heyvan almışıq, cəm şəkildə iki min manata sata bilmirik. 3-4 dəfə aparıb, qaytarmışıq. Cəmini aldığımızdan 250-300 manat ucuz istəyirlər. Göyçayda mal əti 15-16 manat, quzu əti 17-18 manatdır. Qəssab heyvanı diri çəkidə ətini 14 manatdan alıb kəsib, 2-3 manat baha satır. Biz saxlayanlar ziyanda, qəssablar xeyirdə”.
Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə hazırda ölkədə iribuynuzlu heyvanların sayı 2 mln 533.1 min baş, xırdabuynuzlu heyvanların sayı 7 mln 223.2 min baş təşkil edir. Heyvanların sayında azalma son on ilin ən aşağı həddinə düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3 faiz, yəni 113 min, xırdabuynuzlu heyvanların sayında isə 8.9 faiz, yəni 705 min baş azalma var.
“Nazirlik qiymət müəyyənləşdirən tərəf deyil”
Kənd Təsərrüfatı Nazirliyindən şifahi olaraq bildirildi ki, ölkədə on mindən çox ətkəsim məntəqəsi var. Heyvan bazarları və ətkəsim məntəqələrində qiyməti nazirlik deyil, özləri təyin edir. Qurumdan isə əksinə bildirilib ki, ölkədə diri çəkidə ətin qiymətində ötən illə müqayisədə artım var.
“Ölkədə ətin qiyməti müxtəlifdir. Ətin, yemin, otun qiymətini dövlət tənzimləmir deyə nazirlik buna mövqe bildirə bilməz. Ümumiyyətlə, nazirlik qiymət müəyyənləşdirən tərəf deyil. Kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalaşdıran qurumuq. İdxal və ixrac proseslərini də Kənd Təsərrüfatı Nazirliyi həyata keçirmir, digər qurumların işidir. Bazarda monitorinqi ancaq İqtisadiyyat Nazirliyinin qurumları apara bilər. Bu ilin yanvar-sentyabr ayları ərzində 424 min 500 ton diri çəkidə ət istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2 % çoxdur. Artım var ki, əskiklik yoxdur”.
“Xaricdən çox heyvan gətirilərsə, daxildə rəqabət olar”
İqtisadçı Natiq Cəfərli bildirir ki, ölkədə ət və ət məhsullarının bahalaşması 2014-cü ildən etibarən başlayıb. Əsas səbəb ölkədə 200 min ton pambıq istehsalı ilə əlaqədar örüş və otlaq sahələrinin əkinə verilməsi ilə bağlıdır. Ötən on ildə ot və yemin qiyməti artdıqca, ətin maya dəyəri də artdı. Xaricdən gətirilən heyvanların çox olmasını doğru hesab edən ekspert bunun daxili bazarda rəqabəti artıracağını deyir:
“Son on ildə yemin qiymətində 2-3 dəfə, bəzi yem növlərində 4-5 dəfə artım oldu. Bu da heyvandarlıqda ətin maya dəyərinə təsir etdi, qiymətləri artırdı. Qiymət artımı və dəyişməməsinin başlıca səbəbi ciddi inflyasiyadır. Özü də neçə vaxtdır ikirəqəmli inflyasiyadır. Hər şeyin qiyməti artırsa, istehsalçıların ətin qiymətini qaldırmaması doğru olmaz. Onlar da buradan qazandıqlarını başqa yerdə xərcləyirlər, yaxud xərclərini çəkməlidirlər. Digər ehtiyacları qalxırsa, niyə ətin qiymətini qaldırmasın? Xaricdən gətirilən heyvanlara gəldikdə, nə qədər heyvan gətirilsə, o qədər yaxşıdır. Bu, qiymətin tənzimlənməsində rol oynayır. Ancaq bu heyvan saxlayanlar, ət istehsalçılarına mənfi təsir göstərir, bazarlarına mane olur. Xaricdən çox heyvan gətirilərsə, daxildə rəqabət olar və qiymətlər gec-tez tənzimlənər”.
“Dövlətin funksiyası və borcu ədalətli rəqabət mühiti yaratmaqdır”
Ekspert ölkədəki heyvan sayının azalmasını mənfi hal kimi qiymətləndirir. Monopoliyanın ləğvini və ölkədə azad bazar rəqabətinin yaradılmasını qaçılmaz hesab edir.
“Ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma var ki, bu, ciddi problemdir. Bu, yem bazasının azaldığını və digər çətinlik və gəlirliliyinin aşağı olmasını göstərir. İşğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı ilə bağlı yeni potensial yaranıb. Kənd Təsərrüfatı Nazirliyi və əlaqədar qurumlar praktiki, işlək bir proqram hazırlayıb, addım – addım təşviq proqramlarını cəlb edərlərsə, həmin bölgələrdə heyvandarlığın inkişafına şərait yaradarlarsa, bir müddət sonra bazarda müəyyən sabitliyin, tənzimləmənin şahidi ola bilərik. Qiymət enməsə də, sabit qala bilər”.
“Ölkədə dövlətin, hökumətin, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin pərakəndə qiymət bazarına qarışmağa ixtiyarı yoxdur. Azərbaycanda rəqabətli mühit və bazar iqtisadiyyatı olmalıdır. Tarifi Şurasının siyahısı var ki, dövlət hansı qiymətlərə təsir edə bilər. Ət bazarında bu mümkün deyil. Dövlətin funksiyası və borcu ədalətli rəqabət mühiti yaratmaqdır, əhalinin sağlamlığına təsir edə biləcək məqamların qarşısını almaqdır”, – iqtisadçı deyir.
“Bazar məntiqi ilə işləyirlər, ucuz alıb, baha satırlar”
Natiq Cəfərli həmçinin heyvan bazarında mövcud durğunluğun səbəbini zəif alıcılıq qabiliyyəti ilə əlaqələndirir:
“Müxtəlif səbəblər ola bilər, əsas səbəb alıcılıq qabiliyyətidir ki, bu, aşağı düşüb. Ətə olan tələbat azaldıqca, qiymətlərə təsir edir. Qaldı ki, kəndlərdən ucuz alıb, baha satan ət işbazlarına, normaldır. Çünki bu biznesdir. Bazar məntiqi ilə işləyirlər, ucuz alıb, baha satırlar. Bu, işbazların günahı deyil, onlar uzaqbaşı işlərindən vergi verməlidir, bunda məsuliyyət daşıyırlar. Əsas hökumət orqanları qınanılmalıdır ki, ədalətli, rəqabətli bazar mühiti yaratsınlar. Onda işbaz anlayışı və belə təzadlı bazar olmayacaq”.