Taksi sürücüsü: “Ehtimal edirəm ki, köhnə yolu təmirsiz saxlayacaqlar ki, camaat məcbur olub pullu yolla getsin”
“Çox güman yeni yoldan pullu adamlar, böyük TIR-lar istifadə edəcəklər, amma rayona gedib-gələn adamlar istifadə edə bilməyəcəklər”.
Bakı-Quba-Bakı marşrutu üzrə müntəzəm taksi fəaliyyəti göstərən Elmar Zülfüqarovun bahalığından şikayətləndiyi yol yenicə istifadəyə verilmiş Bakı-Quba-Rusiya Federasiyası istiqamətində ödənişli yeni avtomobil magistralıdır.
Oktyabrın 20-də sözügedən yolun açılışında ölkə başçısı İlham Əliyev də iştirak edib.
Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ümumi uzunluğu 150 kilometr olan yolun 129 kilometrlik hissəsi ödənişli olacaq.
Oktyabrın 17-də Tarif Şurası yoldan istifadə qiymətlərini açıqlayıb. Bildirilib ki, yoldan istifadə edən minik avtomobilləri bütün yol üçün 12, avtobuslar 10, yük maşınları isə 15 manatlarından keçməli olacaqlar. Qoşqulu nəqliyyat vasitələri və TIR-lar isə ümumilikdə 25 manat ödəyəcəklər.
“Qiymətlər o qədər bahadır ki, yeni yoldan heç kim istifadə etmir”
Elmar Zülfüqarovun Abzas Media-ya dediyinə görə, qiymətlər o qədər bahadır ki, yeni yoldan heç kim istifadə etmir, çox güman etməyəcək də.
“Mən taksi sürücüsüyəm, o yoldan istifadə etsəm, hər gün minimum 10 manat o tərəfə, 10 manat bu tərəfə verməliyəm. Bu, mənə sərf etmir. Orta və kiçik təbəqə üçün tam olaraq əlverişsizdir, qiymət çox bahadır.
Rayonlarda işsizliklə bağlı vəziyyəti bilirsiniz. Rayondan Bakıya gedənlərin 90 faizi ya Bakıda təhsil alan uşağının yanına, ya həkimə, ya da hansısa sənəd arxasınca gedir. Gedib-gəlməyə yanacaq minimum 30 manat, 20 manat da yol üçün pul tutur. Görün nə qədər edir? Amma 2-3 manat olsaydı, hamı o yol ilə gedərdi ki, təzə yoldur və rahatdır”, – deyə o, bildirir.
Ölkə başçısı 2018-ci ilin fevralında yolun tikintisinə 150 milyon manat, həmin ilin iyulunda isə əlavə 7.1 milyon manat ayırıb. Tikinti dövründə yola ayrılan digər vəsaitlərlə bağlı açıq mənbələrdə məlumat yoxdur.
Ancaq bu yol qeyd olunan istiqamət üzrə yeganə yol deyil. 2008-ci ildə tikintisinə başlanılan ilk yol dövlətə ümumilikdə 545 milyon 287 min 800 manata başa gəlib. Bir neçə il sonra isə yol dağılıb və sonradan yolun təmirinə dəfələrlə vəsait ayrılıb.
“Taksi və avtobuslar yeni yoldan istifadə etsə, yol pulu da artacaq”
Taksi sürücüsü deyir ki, köhnə yolun müəyyən hissəsində təmir işləri aparılıb, amma hələ çox hissəsində problem qalır:
“Köhnə yolu ona görə tam təmir edib bitirmirlər ki, camaat təzə yolla gedib-gəlsin”.
E.Zülfüqarov onu da bildirir ki, əgər yeni yoldan istifadə edilsə, bu, sərnişindaşıma qiymətlərinə də təsir edəcək. Hərçənd nə taksi, nə də avtobus sürücülərinin bu yoldan istifadə edəcəyinə inanmır:
“Hansı avtobus sürücüsünə sərf edəcək ki, bir istiqamətə əlavə o qədər pul verib, gedib-gəlsin? Çox güman onlar da köhnə yoldan istifadə edəcəklər. Camaat nə qədər məcbur olsa da, 90 faiz köhnə yoldan istifadə edəcək. Məsələn, mən köhnə yolla gedib-gələcəm”, – deyə o, bildirib.
“Yeni yola çəkilən xərc iqtisadi baxımdan israfdır”
İqtisadçı ekspert Elçin Rəşid deyir ki, bu yolun əlavə heç bir funksiyası yoxdur, əvvəlki yolun funksiyasını həyata keçirir.
Onun sözlərinə görə, yol əlavə imkanlar yaratmadığına görə, heç bir iqtisadi faydası da yoxdur.
“Bu yolun yerinə, yolu olmayan başqa hardasa yol çəkmək olardı, ayrılan vəsait başqa bir istiqamətə xərclənə bilərdi. Hesab edin ki, o yola çəkilən xərc iqtisadi baxımdan israfdır. Xərclər də təkcə ayrılan vəsaitdən ibarət deyil. Gələcəkdə yolun mütəmadi texniki qulluq və təmir xərcləri olur. Təbii ki, o xərclər də israfdır.
Bununla bərabər, əvvəlki praktikanı nəzərə alsaq, ehtimal var ki, əvvəlki yola ögey münasibət olacaq, yol nəzarətsiz qalacaq. Dağılanda vaxtlı-vaxtında təmir olunmayacaq, lazım gəlsə, adamlara deyəcəklər ki, pulunu ver, digər yol ilə get.
Başqa bir məsələ də odur ki, ölkənin bir rayonuna ödənişli yolun olub, digər rayonlarına olmaması ədalətli deyil, çünki vergi ödəyiciləri hər yerdə var”, – deyə o, bildirib.
“Dünya təcrübəsində əsasən transit yollar ödənişli olur”
İqtisadçı deyir ki, dünyada ödənişli yol təcrübəsi var. Bu ödənişli yollar əsasən tranzit yolları üzərində olur.
“Məsələn, deyək ki, Fransa İspaniya-İtaliya-Almaniya-Britaniya arasında tranzit yolları üzərində yerləşib. Fransa yollarını ən azı öz vətəndaşları qədər digər ölkələrin vətəndaşları da istifadə edir. Ölkə sırf o xarici vətəndaşlardan əlavə gəlir əldə etmək üçün ödənişli yol edə bilər. Amma Azərbaycandakı məsələdə pulu ödəyənlər öz vətəndaşlarımızdı.
Ödənişli yolun bir modeli də var ki, ərazidə yola ehtiyac var, amma büdcədə yol çəkməyə pul yoxdur. Bu zaman dövlət özəl şirkəti dəvət edir, onlar da gəlib investisiya qoyub yolu tikirlər və sonra müqavilədə göstərilən müddət ərzində yolu pullu istismar edib, çəkdikləri xərci götürürlər. Sonra da yolu dövlətə təhvil verirlər və pulsuz olur”, – deyə o, bildirib.
“Yolda yeraltı-yerüstü keçidlər çox məhduddur, piyadalara çətinlik yaradır”
Elçin Rəşid deyir ki, yeni yolun bütün xərclərdən əlavə, o əhaliyə də yaratdığı çətinliklər var. Onun sözlərinə görə, yolda yeraltı-yerüstü keçidlər çox məhduddur, piyadalara çətinlik yaradır:
“Kənd təsərrüfatı sahələrini ikiyə bölür və bu da fermerlərin xərclərini daha da artırır, çünki ikiyə bölünmüş sahəyə qulluq etmək daha çətindir. Ümumilikdə, məktəb, səhiyyə və s. məsələlərdə əlavə çətinliklər yaranır.
Bütün bunların səbəbi Rəqəmsal İnkişaf və Maliyyə Nazirliyinin işi bilməməsi, İqtisadiyyat Nazirliyinin investitsiya layihələrində səriştəsini get-gedə itirməsidir. Maliyyə Nazirliyi də müdaxilə edib yola ehtiyac olmadığını bildirə bilərdi, amma etməyib”, – deyə o, əlavə edib.
İqtisadiyyat Nazirliyi dövlət investisiyalı layihələrin səmərəsiz olması ilə bağlı iddialara cavab verməyib.
Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi (AAYDA) ilə gün ərzində əlaqə yaratmağa çalışsaq da, mümkün olmayıb.