Keçən il Çin Almaniyanı qabaqladı və dünyada ikinci ən böyük avtomobil ixracçısı oldu. Bu il isə lideri də – Yaponiyanı – ötdü. Çinin dünya avtomobil bazarında hökmranlığı proqnozdan reallığa çevrilir. Qərb bütün dünyanın alman, fransız, yapon və amerikan maşınlarında gəzdiyi dövrü qaytarmaq üçün təcili yollar axtarır.
“Çində hazırlanıb” damğası vurulan əsas ixrac markası hələ ki, “Tesla”dır. Amma tədricən təkcə batareyalar deyil, Çinin özünün hazırladığı avtomobillər də daxildə istehlakçı tapır və dünya bazarına çıxır.
Çin cəmi 10 il ərzində gələcəyin avtomobil sənayesini yaratdı və ixracda liderliyə yiyələndi. Bunu necə bacardı?
Partiyaya, Putinə və böhrana təşəkkür
Sənayenin işə salınmasında Çin hakimiyyətinin dəstəyi və batareya istehsalı üçün zəruri olan resurslar üzərində nəzarət kömək oldu. Kommunist partiyası avtomobil sənayesini ayaq üstdə qoydu, o da yerimədi, qaçdı.
Uğur tarixçəsi Çin iqtisadiyyatının problemləri fonunda xüsusən təccüblüdür. Artıq neçə ildir ki, iqtisadiyyatı titrəmə tutub.
Uzunsürən böhran kompartiya və Si Tsinpinin əvvəlki rifah artımı tempini təmin etmək bacarığına əhalinin etimadını sarsıdıb. İnsanlar pullarını xərcləməyə tələsmirlər, bu da iqtisadi siyasətin elan edilmiş hədəfini – istehlakı canlandırmaq – uzaqlaşdırır. Amma bu, avtomobil sənayesinin xeyrinə oldu. Daxili tələbatın azalması təkrar istehsal böhrannı dərinləşdirdi və avtomobil zavodları ikiqat səylə xaricdə müştəri axtarışına çıxdılar.
Burada isə bir tərəfdən Avropadakı “yaşıl” islahatlar kömək etdi: qitədə yaxın 10-15 il ərzində hamını elektromobillərə oturtmaq istəyirlər. Digər tərəfdən, Vladimir Putin Ukraynada müharibəyə başlayandan sonra Qərbin avtomobil sənayesi Rusiyadan getdi, Çin də inkişaf etmiş ölkələrə daha sata bilməyəcəyi benzin və dizel maşınları üçün yaxın və böyük bazar qazandı.
Çinin Rusiyaya avtomobil ixracı yeddi dəfə artıb. Əgər bir il əvvəl Rusiyada alınan hər beşinci maşın Çinin idisə, indi hər ikincidir. Rusiyalılar məmnundur, amma Çinin belə sürətli xarici ekspansiyası avropalıların xoşuna gəlmir.
Çində yığılan elektromobillərlə dolu gəmilər əsasən məhz AB-yə yollanır, çünki 450 milyon əhalisi olan 27 ölkə nəhəng zəngin bazardır və yalnız ABŞ ilə müqayisə oluna bilər. Amma Ştatların Çinlə münasibətləri gərgindir, AB-də isə əlverişli ticarət rejimi mövcuddur. Amma tezliklə hər şey dəyişə bilər.
Avropa müharibəyə başlayır
“Çin dünya bazarını ucuz elekromobillərlə doldurub. Onların qiyməti nəhəng dövlət subsidiyaları sayəsində sünə şəkildə aşağı salınıb”, - Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen bu yaxınlarda Avropa siyasətinin prioritetlərindən danışarkən deyib.
Cari ildə Çindən avtomobil idxalı iki dəfə artıb və hazırda Avropa bazarının 8 faizini Çində yığılan elektromobillər təşkil edir. Avrokomissiya bu hissənin yaxın bir-iki ildə iki dəfə çoxalacağını proqnozlaşdırır. Çin modellərinin qiyməti Avropa analoqlarından orta hesabla 20% aşağıdır. Buna görə də Avrokomissiya ədalətsiz rəqabət haqda istitaqa başlamağı qərara alıb. Onun da nəticəsi, çox güman, Çində yığılan elektromobillərə əlavə rüsumların tətbiqi olacaq.
Bu kateqoriyaya təkcə BYD və ya Xpeng kimi Çin markaları, eləcə də, bir zaman Avropa markası olan, indi Çin şirkətlərinə məxsus Volvo və MG deyil, həm də Çin zavodlarında yığılan Almaniyanın BMW, Fransanın Renault, Amerikanın Tesla maşınları da düşəcək. AB-nin iki əsas sənaye ölkəsinin – Almaniya və Fransa - hakimiyyətləri sevindilər və Avrokomissiyanın istintaqını yekdilliklə dəstəklədilər. Çin isə incidi və iradını bildirdi.
“AB-nin açıq-aşkar proteksionizmi dünya, o cümlədən AB avtomobil bazarında destabilizasiyaya səbəb olacaq. “Vucdanlı rəqabət” adı altında öz avtomobil sənayesinin müdafiəsi AB və Çin arasındakı iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcək”, - Çinin Ticarət nazirliyi bildirib.
Avropalılar iddia edirlər ki, Çin avtozavodları Avropa rəqiblərini böyük miqyaslı dövlət dəstəyi hesabına ötüblər, bu da AB-də qadağandır. Çinlilər isə deyirlər ki, subsidiya dopinqinə görə yox, biznes istedadı və texnoloji üstünlük sayəsində təmiz qələbə qazanırlar.
Kim haqlıdır?
Çin gələcəyin avtomobil sənayesinin lideri necə oldu?
Son onilliklərdə Çin hakimiyyəti ölkə daxilində avtomobil sənayesini ardıcıl dəstəkləyib, onun litium və digər resurslarla təchizatını təmin edib.
Kommunist partiyası üç əsas məqsədi güdürdü: şəhərlərdə təmiz hava, idxalın əvəzlənməsi və dünyada iqtisadi üstünlük uğrunda Qərblə rəqabətdə qələbə naminə gələcəyin texnologiyasında liderliyə qoyuluş etmək.
AlixPartners konsaltinq firmasının dəyərləndirməsinə görə, 2016-2022-ci illərdə Çin elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına 57 milyard dollar ayırıb. 2023-cü ildə isə 72 milyard dollarlı vergi imtiyazlarını nəzərdə tutan dördillik proqram elan olunub.
Həm də bu, yalnız mərkəzləşmiş subsidiyalardır. Onlardan əlavə regionallar da var.
Dəstək ancaq pulla məhdudlaşmır. Elektromobillərin populyarlaşması üçün dünyada ən böyük elektrik doldurma şəbəkəsini – 6 milyondan çox - yaradıb və istehsalçıları doldurma cihazlarının standartlarını unifikasiyasına məcbur edib.
İyirmi illik dövlət dəstəyinin nəticələri bütün gözləntiləri keçib.
Çin elektromobillər üçün batareyaların dünya bazarında liderliyə yüksəlib. İşgüzar “Financial Times” qəzetinin statistikasına görə, CATL kompaniyası bazarın 37 faizinə, BYD isə təxminən 15 faizinə nəzarət edir.
Tesla, BMW və Volkswagen öz maşınlarına CATL batareyalarını qoyurlar. Ford isə daha irəli gedərək Miçiqanda zavod tikmək üçün texnologiyanı və nou-haunu alıb.
Batareyaların ardınca (elektromobillərdə əsas olsa da, hər halda ehtiyat hissədir) hazır məhsul – Çin istehsalı olan maşınlar da liderliyə yüksəldi.
Onlar əvvəlcə daxili bazarı fəth etdilər. Bu il Çində ən çox satılan maşın son 10 ildə ilk dəfə Volkswagen yox, BYD oldu. İndi dünya bazarına növbə çatıb.
Qərbin avtomobil sənayesi çinli rəqiblərinə uduzmağa başladığını çoxdan anlayıb. Tam darmadağına hələ çox qalıb, amma böyük investisiyalarsız, dövlət siyasətini dəyişmədən və ya texnoloji nailiyyətlər olmadan geriləmə ilbəil daha gözəçarpan olacaq.
Artıq indi Çin avtomobil sənayesinin sərbəst istehsal gücü təxminən ildə 10 milyon maşındır. Bu, AB-nin 27 ölkəsində bütün ötən il ərzində minik avtomobillərinin istehsalı ilə müqayisə oluna bilər. Əgər Avropadakı bütün avtozavodlar dərhal bağlansa, Çinə istehsalını artırmaq heç lazım olmayacaq: Rusiyada olduğu kimi bazarı maşınla dyerli olduracaq.
Buna görə də Tesla artıq neçənci dəfədir ki, qiyməti aşağı salır. Buna görə də ABŞ hakimiyyəti elektromobillərin alınmasına subsidiya da daxil olmaqla iqtisadiyyatın “yaşıl yenidənqurulma”sına 270 milyard dollar ayırıb. Buna görə də Avropa, nəhayət, öz avtomobil sənayesini dinləyərək diqqətini Çin təhlükəsinə yönəldib.
Tərcümə: Yadigar Sadıqlı
Mənbə: BBC